Məhkəmə qərarları › İş №8(105)-26/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-26/2023

22.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-26/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X6 ibarət tərkibdə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatının rədd edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 8(067)-8/2023 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul ediməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir.Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(067)-8/2023 nömrəli qərardadı ilə borclunun ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməmişdir (hakim Vüsalə Qasımova). Tələbkar X1 nümayəndəsi Nümayəndə qərardaddan şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(067)-8/2023 nömrəli qərardadını ləğv edərək təqdimatın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra vərəqəsinin verilməsindən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq hazırkı vaxta kimi icra edilməmişdir. Bildirir ki, onlara məxsus torpaq sahəsi uzun illərdir ki cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq istifadə olunur. Bu barədə dövlətin adından çıxarılmış məhkəmə qətnamələri olmasına baxmayaraq icra olunmur. Nəticədə özünə məxsus olan torpaq sahəsindən istifadə etməkdən məhrum olmuşdur. Halhazırda torpağın əkib becərilməsi, torpaqa qulluq göstərilməsi vaxtıdır, lakin o, bundan məhrum olmuşdur. Gəliri və dolanışığı yalnız torpaq sahəsindən olduğundan qərarın icra olunmaması maddi vəziyyətini agırlaşdırmışdır. Xacmaz Rayon İcra Şöbəsi tərəfindən dəfələrlə izah verilməsi barədə məhkəməyə müraciət olunmuş, tələbkar ərizə ilə müraciət edib təmin olunmamışdır. İcra məmuru icra vərəqəsin icra etmədən məhkəməyə qaytarmış və həmin mübahisə 1 ilə yaxın məhkəmələrdə mübahisələndirilir və sonda Sumqayıt Apellyasiya Məhkəməsi Xacmaz Rayon Məhkəməsinin və icra məmurunun ədalətsiz qərarlarını ləğv edərək icra olunması üçün göndərsə də buna baxmayaraq üstündən altı ay kecməsinə baxmayaraq, yenə də borclu şəxs məsuliyyətə cəlb olunmur, özbaşınalıqlarını davam etdirir, həmin torpaq sahəsində cinayət əməli törədir və məhkəmə qərarı yenə də icra olunmur. Həmin vaxtdan məhkəmə qətnaməsi olmasına baxmayaraq borclu şəxs daim ona maneələr yaratmış və torpaq sahəsinə girməyə qoymamışdır. Borclu şəxsin adında olan torpaq sahəsinə dair cıxarış ləğv olunmasına baxmayaraq, həmin şəxs ləğv olunmuş torpaq sahəsindən istifadə edir və ona məxsus olan torpaq sahəsini də zəbt edib məhkəmə qərarını saymır və hər dəfə də onu hədələyərək özbaşınalığı davam etdirir. İcra məmuru məhkəməyə icra vərəqəsinə dair qətnaməyə izah verilməsi ücün məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə torpağın şimal tərəfindən ölcülüb verilməsinə tələbkarın razı olduğu üçün izah verilməsindən imtina edilmişdir. Yəni borclu şəxs əlində olan arvadına məxsus 0,57 ha torpaq sahəsinə olan çıxarışla 2,87 ha torpaq sahəsini zəbt edib və məhkəmə qərarını icra etmir. Xacmaz rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsinə əsasən X3 və X8 oqlunun 1,16 ha pay torpaq sahəsi olaraq payları ayrılmışdır və torpaq sahəsi yerində mövcuddur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında Xaçmaz Rayon Məhkəməsinin 8(067)-25/2022 nömrəli 13 may 2022-ci il tarixli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsinə dair 23 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4435/2017 nömrəli icra sənədi üzrə icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4435/2017 nömrəli icra sənədinin Xaçmaz rayon İcra və probasiya şöbəsinə qaytarılması üçün iş birinci instansiya məhkəsinə göndərilməsi qərara alnmışdır. Xaçmaz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayətə qarşı etirazını vermişdir. Etirazda göstərilmişdir ki, icra məmuru Xaçmaz Rayon Məhkəməsində keçirilən iclasda qeyd etmişdir ki, bu təqdimatı tələbkarın ərizəsinə əsasən vermişdir, onun ölkədən çıxışının bağlanmasının icra işinin icrasına təsiri yoxdur. Məntiqlə düşünəndə əgər icraya maneçilik törədirsə, onun ölkədən çıxmağı tələbkarlara və icra məmuruna sərf edər. Onun ölkədən çıxmamağı üçün üzrsüz səbəb olmalıdır. Bundan başqa, tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edilərək görülmüş tədbirlər barəsində məlumat əldə edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 8(067)- 8/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin yarandığı göstərilməlidir. Hazırkı halda təqdimatda belə bir zərurətin nədə ifadə olunduğu qeyd olunmamışdır. Hazırkı icra sənədinin icrası zamanı borclunun “iştirakı” zəruri olmadığından təqdimat əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 8(067)-8/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar