Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-27/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 ödənilməli pul məbləğinin indeksasiya olunmasına dair iş üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-85/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə X1 ödənilməli pul məbləğinin indeksasiya olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. X3 ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-85/2024 saylı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar 01 iyun 2019-cu ildən başlayaraq məhkəməyə müraciət olunan vaxta qədər 20814,50 manat pul məbləğinin indeksasiyasının müəyyən edilərək Borclu tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-85/2024 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi, “Abşeron City” yaşayış kompleksi, 4-cü blok, 4-cü mərtəbə, 19 saylı mənzil üçün birgə vəsait hesabına ödənilmiş 41629 manat vəsaitin 1/2 hissəsinə X4, 1/2 hissəsinə Borclu pay haqqı tanınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-822/2024 nömrəli mülki iş üzrə 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3485/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-822/2024 saylı, 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tələbkar tərəfindən ödənilmiş 41629 manat pul vəsaitinin yarısı, yəni 20814,50 manat hissəsi Borclu alınaraq tələbkara verilməlidir. Həmin pul vəsaiti 2019-cu ilin iyun ayına qədər ödənilmişdir. Hazırda həmin məbləğ öz dəyərini dəfələrlə itirmişdir. Həmin vaxtdan bəri manatın dəyərində xeyli dəyişiklik olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2019-cu ildən bəri bütün məhsulların və xidmətlərin qiyməti bir neçə dəfə artmışdır. Ona görə də həmin pul məbləği indeksasiya hesablanmaqla tələbkara verilməlidir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-17/2025 saylı, 07 yanvar 2025-ci il tarixli qərardadı ilə X3nın pul məbləğinin indeksasiyasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə tələbkarın indeksləşdirmə tələbi məhkəmə qərarının icrasında baş verən gecikmələrdən qaynaqlanmır. Məhkəmə qərarının vaxtında və tam şəkildə icra olunmaması yaxud da icranın üzürsüz səbəblərdən ağlabatan müddəti aşan şəkildə yubadılması borclunun məsuliyyət sferasına aid olduğundan, tələbkar belə halların neqativ nəticələrindən indeksasiya mexanizmi vasitəsi ilə qorunmasını tələb etməkdə haqlıdır. Lakin iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-85/2024 saylı qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-822/2024 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3485/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə işə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən mülki iş icraya yönəldilməmişdir.
5. Həmin qərardaddan narazı qalan X3 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-17/2025 saylı, 07 yanvar 2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi, əks halda şikayətə baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsi göndərilməsini xahiş etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-17/2025 saylı, 28 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-85/2024 saylı qətnaməsi ilə (hakim Ş.Həxiyeva) ilkin iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxan şossesi, “Abşeron City” yaşayış kompleksi, 4-cü blok, 4-cü mərtəbə, 19 saylı mənzil üçün birgə vəsait hesabına ödənilmiş 41629 (qırx bir min altı yüz iyirmi doqquz) manat vəsaitin 1/2 (ikidə bir) hissəsinə X4, 1/2 (ikidə bir) hissəsinə Borclu pay haqqı tanınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-822/2024 nömrəli mülki iş üzrə 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari, A.A.Mahmudov və A.H.Hüseynzadə) Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Əhliman Xıdırov, Elşanə Vəliyeva, Elşad Şamayev) 2(1020-3485/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 822/2024 saylı, 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirmişdir ki, tərəfindən ödənilmiş 41629 (qırx bir min altı yüz iyirmi doqquz) manat pul vəsaitinin yarısı, yəni 20814,50 manat hissəsi Borclu alınaraq ona verilməlidir. Həmin pul vəsaiti 2019-cu ilin iyun ayına qədər ödənilmişdir. Hazırda həmin məbləğ öz dəyərini dəfələrlə itirmişdir. Həmin vaxtdan bəri manatın dəyərində xeyli dəyişiklik olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2019-cu ildər bəri bütün məhsulların və xidmətlərin qiyməti bir neçə dəfə artmışdır. Ona görə də həmin pul məbləği indeksasiya hesablanmaqla ona verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-17/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Məhkəmə Mülki Prosessual Məcəlıənin 232.1-ci maddəsinə istinad edir və göstərir ki, məhkəmə qərarı icraya yönəldilməmişdir və indeksasiya barədə ərizə təmin oluna bilməz. Məhkəmənin gətirdiyi əsasa münasibətdə bildirmişdir ki, həmin qərar artıq icraya yönəldilmişdir. Həmçinin birdaha qeyd etmişdir ki, həmin pul vəsaiti onun tərəfindən mənzilə görə 2019-cu ilin iyun ayına qədər ödənilmişdir. Hal-hazırda həmin ərazidə mənzilin 1 kv.m-nin qiyməti dəfələrlə artmışdır. Artıq həmin mənzilin Borclu qaldığını nəzərə alaraq indeksasiyanın həyata keçirilməsi qanunauyğundur. Hazırda həmin məbləğ öz dəyərini dəfələrlə itirmişdir. Həmin vaxtdan bəri manatın dəyərində xeyli dəyişiklik olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2019-cu ildən bəri bütün məhsulların və xidmətlərin qiyməti bir neçə dəfə artmışdır. Ona görə də həmin pul məbləği indeksasiya hesablanmaqla verilməlidir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
9. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar (...) 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. (...)
11. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
12. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;(...)
13. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
14. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
17. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Yuxarıda sadalanan Konstitusiya, maddi və prosessual hüquq normalarının tələblərinən göründüyü kimi məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası fiziki hüquqi və dövlət oranları üçün məcburidir.
20. İşdən görünür ki, X4 xx.xx.2024-cü il tarixli məhkəməyə müraciətində tələbi Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-85/2024 saylı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar ona ödənilməli olan 20814,50 manat məbləğin 01 iyun 2019-cu ildən başlayaraq məhkəməyə müraciət olunan vaxta qədər indeksasiyasının müəyyən edilərək Borclu tutulub ona ödənilməsi ilə bağlı olmuşdur.
21. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-85/2024 saylı qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-822/2024 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3485/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə işə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən mülki iş icraya yönəldilməmişdir.
22. Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
23. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, bu institutla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədardır və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır.
24. Kollegiya qeyd edir ki, indeksasiya qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri üzrə həyata keçirilir. İşdən göründüyü kimi icra edilməli olan məhkəmə aktı xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş, lakin ərizəçi 2019-cu ildən bəri bütün məhsulların və xidmətlərin qiymətinin bir neçə dəfə artmasına istinad edərək, həmin məhkəmə aktı ilə pay haqqı tanınmış pul məbləğinin indeksasiyasını tələb edir.
25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-17/2025 saylı, 07 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-17/2025 saylı, 07 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.