Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-3/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X7 və X5 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Borclu: X4, Tələbkarın nümayəndəsi: X6 iştirakları ilə, Borclu X8 oğlunun Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7095/2018 saylı qətnamə üzrə borcun hissə-hissə ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.N.Qoşqarlı) borclu X8 oğlunun Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7095/2018 saylı qətnamə üzrə borcun hissə-hissə ödənilməsi tələbinə dair ərizənin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7095/2018 saylı qətnaməsinə əsasən cavabdeh X2 18600 manat dəyərində qızıl-zinət əşyaları və ya onların dəyəri və 30 manat dövlət rüsumunun tutularaq Məmmədova (Piriyeva) Sevil Rafael qızına verilməsi qət edilmişdir. Hazırda ərizəçi A.Z.Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7095/2018 saylı qətnaməsinin icrasına borcun hissə-hissə ödənilməsinə icazə verilməsi barədə məhkəməyə ərizə vermişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mövcud Koronavirus (COVİD-19) pandemiyasından dolayı şəhər daxilində sərt karantin qaydaları səbəbindən qətnaməyə əsasən üzərinə düşən vəzifələri tam şəkildə həyata keçirə bilməmişdir. Lakin bu hal onun qətnamənin icrasından yayındığı anlamına gəlmir. Çünki, hal-hazırda Azərbaycan Beynəlxalq məktəbində müəllim vəzifəsində çalışır, aylıq əmək haqqı 1200 manatdır və qətnamənin icrasından boyun qaçıracaq heç bir səbəbi yoxdur. Qeyd etmək istəyir ki, hər ay uşaqlarına görə 400 manat məbləğində aliment ödədiyi, himayəsində yaşlı atası və anası olduğunu nəzərə alaraq borc məbləğinin maaşına yönləndirilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu A.Z.Məmmədov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə qanunsuz və əsassız olaraq ərizəni təmin etməmişdir. Məhkəmə qeyd edir ki, tələbkara ödənilməsi nəzərdə tutulmuş 18.600 AZN məbləğinin borclu tərəfindən hissəhissə ödənilməsi mümkün deyil, çünki bu hal ödəmənin illərlə davam etməsinə və nəticədə isə tələbkarın hüquqlarının pozulmasına səbəb olacaqdır. Məhkəmələr tərəfindən işlərə baxılarkən normalar şəxslərin xeyrinə şərh edilməli və tərəflərin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirəcək qərarlar qəbul edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsi mövcud mülki iş üzrə düzgün tətbiq edilməmiş və bu qərardad prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən onun qanunazidd hesab edilməsi və ləğv edilməsi üçün kifayət qədər əsas formalaşmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(060)-339/2020 saylı qərardadının ləğv edilməsinə və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Borclu A.Z.Məmmədov şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Tələbkarın nümayəndəsi R.M.Piriyev şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materialları ilə müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7095/2018 saylı qətnaməsi ilə A.Z.Məmmədovdan 18.600 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq S.R.Məmmədovaya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, qanunvericilikdə qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. «İcra haqqında» AZərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. İş materiallarından göründüyü kimi borclu A.Z.Məmmədov qətnamə icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu alverişsiz hallara salmasını təstiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 8(060)- 339/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-3/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-3/2021
11.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver