Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-3/2024 10.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X9 və X2 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Şabran Rayon Məhkəməsinin 8(031)-41/2023-001 nömrəli, 24 iyun 2023-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Ç.İsgəndərov) ərizənin təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 2(031)-108/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən X4 əmək haqqından tutulmaların dayandırılması qərara alınmışdır. Tələbkar qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərardadı ilə Tələbkar Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(031)-41/2023 nömrəli qərardadından verdiyi şikayət əsassız olduğundan təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır Şabran Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərardadı ilə Tələbkar Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(031)-41/2023 nömrəli qərardadından verdiyi şikayət əsassız olduğundan təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Şabran Rayon Məhkəməsinin 2(031)-108/2020 nömrəli 03 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 5000 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli 2(105)-1483/2021 nömrəli qətnaməsinə əsasən Şabran Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. X6 məhkəməyə ərizə ilə müraciət edərək, onun tibbi xərcləri, ailə vəziyyətini nəzərə alıb ondan tutulan əmək haqqının bir daha tutulmaması və geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hər ay Tələbkar 163 manat ödəniş etmişdir. İndi isə onun əmək haqqısından ayda 50% tutulmüşdür. O, ürək əməliyyatı olunmuşdur. Ömürlük xəstədir. Müalicəyə və dərmanlarına hər ay 300-400 manat pul xərcləyir. Artıq onun həm pensiyasından, həm də əmək haqqısından 50% pul tutulur. O, pensiyasından hər ay 163 manat ödəməyə qadirdir. 3600 manat borcu qalıb. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar Şabran Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadı rəsmi şəkildə xx.xx.2023-cü il tarixdə almışdır. Qərardadla razı deyil, onu ədalətsiz və qanunsuz hesab edir. Belə ki, borclunun xəstə olması əmək haqqından tutulmaların dayandırılması üçün əsas deyildir. İndiyə kimi isə borclu icra sənədinə əsasən ödənilməli olan puldan ona ödəmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə istinad etməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hornsbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, «Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdı». Məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (bax, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-İİİ). Məhkəmə kollegiyası qeyd edilən normaları müqayisəli təhlil edərək hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin ərizəsində qeyd etdiyi hallar icra sənədinin icrasının dayandırılması üçün əsas kimi çıxış edə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Tələbkar şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli və onunla bağlı 05 dekabr və 08 dekabr 2023-cü il tarixli qərardadları ləğv edilməli və ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli və onunla bağlı 05 dekabr və 08 dekabr 2023-cü il tarixli qərardadları ləğv edilsin. X1 ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-3/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-3/2024
10.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver