Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-30/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-783/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Quba Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, tələbin borclunun sosial müavinətinə yönəldərək onun sosial müavinətindən 50 faizinin Tələbkar xeyrinə tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon İcra şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1180/2021 saylı icra vərəqəsinə əsasən Borclu 4485 manat məbləğində pul alınaraq Tələbkar verilməlidir. Tələbkar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən borcludan tutularaq tələbkara ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, 60200/22 saylı icra işi açılaraq icraata başlanılmışdır. Eyni zamanda iş üzrə Borclu “İcra Haqqında” Azərbayca Respublikası Qanununa müvafiq olaraq tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş verilsədə, borclu bu müddət ərzində icra sənədinin tələbini icra etməmişdir. Bu səbəbdən icra sənədi üzrə tələbin səmərəli icrası istiqamətində “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi icra hərəkətlərinin tətbiqinə başlanılmışdır. Həmçinin Borclu əmlak vəziyyətinin və pul vəsaitlərinin olub-olmamasının yoxlanılması məqsədi ilə müvafiq sorğular göndərilmişdir. Borclu gəlir yerləri yoxlanılarkən onun Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən hərbi xidmət dövrü ilə əlaqədar lci qrup əlilliyə görə pensiya alması müəyyən edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-783/2022 saylı qərardadı ilə (sədrlik edən, hakim Rahim Həsənov) Quba rayon İcra və probasiya şöbəsinin icra məmurunun tələbin borclunun pensiyasına yönəldilməsi haqqında təqdimat qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(027)-1180/2021 saylı icra sənədi ilə Borclu ödəməli olduğu borc onun pensiyasının 20%-nə yönəldilməsi, qərardadın icrasının Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-783/2022 saylı qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-783/2022 saylı qərardadı ilə Quba rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatı qismən təmin edilmiş, borcun Borclu olunun pensiyasının 20 %-nə yönəldilməsi qərara alınmışdir. Məhkəmə Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2 və 65.4-cü maddələrinə istinad etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(027)-1180/2021 saylı icra sənədi ilə Borclu ödəməli olduğu borc onun pensiyasının 20%-nə yönəldilməlidir. Şikayətin dəlilləri: Borclu müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardadla razılaşmır, təqdimadata baxılarkən ona məhkəmə bildirişi iclasdan sonra gəlmiş, ona görə də məhkəmə iclasında iştirak edə bilməmiş, izhat verməkdən məhrum olmuşdur. Birinci qrup hərbi əlildir, sağ ayağı amputasiya olunmuş, 248,16 manat pensiya alır, bu pensiya nəinki onun minimum səviyyədə dolanışığını, heç dərman pullarını da ödəmədiyini, belə olduğu halda pensiyaya 20 fizin yönəldilməsinin onun vəziyyətini son dərəcədə ağırlaşdırır. Hal-hazırda yataq xəstəsidir, sol tərəfi iflicdir. Hazırki iş tam araşdırılmamış, qanunvericiliyin tələbi pozulmuşdur.Ona görə də qərardad əsassızdır, ləğv edilməlidir. Şikayətə dair yazılı izahat və etiraz Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 25 oktyabr 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin hələ də icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. Beləliklə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 43.1.2. Tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Maddə 65.4-cü maddəsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Maddə 65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Maddə 65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası yazılı icraat qaydasında şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası şikayətdə qeyd olunmuş hallarla bağlı onu qeyd edir ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən icra sənədi üzrə tələbin icrası məcburi olmaqla, hökmən icra edilməlidir. Bu baxımından, qanunvericiliyin tələbinə əsasən hazırki icra sənədi üzrə tələb də borclu şəxs tərəfindən mütləq icra edilməlidir, əks halda tələbin icra edilməməsi onun barəsində məcburi icra tədbirinin tətbiq eidlməsi üçün əsas yaradır. İndiki halda hazrki icra sənədi üzrə tələbin borclu şəxs tərəfindən tam icra edilməməsi halı aşkar olduğundan, habelə borclu şəxsin gəliri qismində aylıq pensiya məbləği çıxış etdiyindən, onun barəsində tələbin onun gəliri qismində pensiya məbləğinə qeyd olunan hissədə yönəldilməsi ilə bağlı məcburi icra tədbirinin tətbqi edilməsi qanuni və əsaslı olmuşdur. Belə ki, borclu şəxsin şikayətin əsası kimi istinad etdiyi hallar onu həmin icra sənədi üzrə tələbi icra etmək öhdəliyindən azad edilməsinin əsası qismində çıxış etməməklə, habelə onun barəsində məcburi icra tədbirinin tətbiq edilməməsinə səbəb olmur. Həmçinin, məhkəmə kollegiyası şikayətin digər halı ilə bağlı onu qeyd edir ki, borclu şəxsin hazırki iş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmaması ilə bağlı hal aşkar edilməmişdir. Belə ki, iş materiallarında bununla bağlı xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi və xx.xx.2022-ci il tarixli reyestr məlumatı mövcuddur. Qeyd olunan sənədlər isə borclu şəxsin şikayətin dəlili kimi istinad etdiyi halı təkzib edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün nəticəyə gəlmiş, icra haqqında qanunveriicliyin hər hansı tələbinin pozulması halı aşkar edilməmiş, borclu şəxsin şikayətdə istinad etdiyi hallar hazırki iş üzrə məhkəmə qərardadının ləğv edilməsi üçün əsas qismində çıxış etmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək,hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 399cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-783/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-30/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-30/2023
27.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver