Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-30/2025 24.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar BOKT "xxxx" MMC-nin Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevun icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə dair iş üzrə (Açar sözlər: icra sənədinin qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Rüstəmli Aytən Kamil qızının katibliyi ilə Quba Rayon Məhkəməsinin 8(027)-374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar BOKT "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon İcra və probasiya şöbəsinin 8İ-1846 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən Borclu barəsində 8İ-1846 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan “BOKT "xxxx" MMC-nin xeyrinə ümumilikdə 135 (yüz otuz beş) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Qeyd edir ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa, Qanunun 23.1.3-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və Qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği kifayət qədər azdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. İcra məmuru tərəfindən 135 manat pulun heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil.
3. Quba Rayon Məhkəməsinin 8(027)-374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim V.Seyidov) Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayət təmin edilməmişdir.
4. Məhkəmə öz mövqeyini bununla əsaslandırmışdır ki, Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən Borclu barəsində 8İ-1846 saylı, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, borcludan “BOKT "xxxx" MMC-nin xeyrinə ümumilikdə 135 (yüz otuz beş) manat məbləğində pul tutulmalıdır. Həmin icra qeydi Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Borclu izahatı alınmış, icra sənədinin icrasını təmin etmək məqsədi ilə bir sıra icra tədbirləri həyata keçirilmiş və borclunun əmlakının axtarılması istiqamətində müvafiq tədbirlər görülmüş, Borclu yaşadığı Quba rayonu, Digah kəndində yerləşən evinə baxış keçirilmiş və həmin mənzildə üzərinə həbs qoyula biləcək əmlakların olmaması müəyyən edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Həmçinin tələbin icrasının mümkün olmaması barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmənin elektron sorğu sisteminin “əmlak və gəlir məlumatları” altsistemindən görünür ki, Borclu daşınar və daşınmaz əmlakların, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə elektron qaydada sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlakın olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edib ki, tələbkarın müvafiq ərizəsində əsaslandığı hallar həqiqəti əks etdirmədiyindən və ərizənin təmin edilməsi üçün heç bir hüquqi əsas olmadığından müvafiq ərizə təmin edilməməlidir.
5. Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC şikayət verərək Quba Rayon Məhkəməsinin 8(027)-374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin şikayətini təmin edərək Quba rayon İcra və probasiya şöbəsinin 8İ-1846 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Quba Rayon Məhkəməsinin 8(027)-374/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23 və 43-cü maddəsinin müvafiq maddələrinə və Azərbaycan Respublikası MPM-nın 263-264-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
9. Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır. Belə ki, icra məmuru tərəfindən tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmiş və iş materiallarında bu halı təsdiq edən sübut yoxdur. Hətta icra məmuru qəbul etmiş qərarla icra sənədini tələbkara deyil, notariusa qaytarmaqla qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq icra sənədinin qaytarılması haqqında qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməmişdir. Digər tərəfdən borcludan tutulmalı olan məbləğin cəmi 135 manat təşkil etdiyi nəzərə alınarsa, 9 ay müddətində icra məmuru tərəfindən həmin məbləğin (orta hesabla ayda 15 manat) heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Borclunun hansı üzrlü səbəbdən icra tələbini təmin etməməsi müəyyən edilməmişdir. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Bundan başqa, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmaması icra sənədinin icrasının təmin edilməsi məqsədilə digər tədbirlərin tətbiqini istisna edən, icra sənədinin qeyd edilən əsasla geri qaytarılması zərurətini yaratmır. Göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra sənədinin qaytarılması” haqqında qərar qəbul etmişdir. Bundan əlavə həmin məhkəmənin icraatında olmuş analoji işlər üzrə yəni icra məmurunun eyni əsasla Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında qərarlarından verilmiş şikayətlər üzrə işlərdə şikayətlərin bir qismini təmin edərək belə hüquqi mövqe ortaya qoyulmuşdur ki, “icra məmuru icra sənədi üzrə icra sənədinin icrası ilə əlaqədar müvafiq icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq iş üzrə tələbin tam olaraq təmin edilməsinin mümkün olmadığını əsas gətirərək, icra sənədini məhkəməyə qaytarmaqda haqlı olmamışdır”. Nəzərə almaq lazımdır ki, hüquqtətbiqedici təcrübədə vahid yanaşma hüququn aliliyi prinsipinin həyata keçirilməsinin əsas şərtlərindən biridir. Qeyd olunan hallar isə təcrübədə analoji işlər üzrə fərqli təcrübənin tətbiq edilməsi ilə nəticələnmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
Şikayətə qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 8(027)-374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Quba Rayon Məhkəməsinin 8(027)-374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
12. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 23. İcra sənədinin qaytarılması 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Maddə 400. apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, Quba Rayon Məhkəməsinin 8(027)-374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunmalı, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə yeni qərardad qəbul edilməlidir.
15. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
16. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir
17. Kollegiya ilk olaraq qeyd edir ki, icra məmuru tərəfindən tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmiş və iş materiallarında bu halı təsdiq edən sübut yoxdur.
18. Kollegiya daha sonra qeyd edir ki, borclunun izahatının məzmundan görünür ki, borcu hazırda birbaşa ödəməyə maddi imkanı olmadığını, yaxın zamanda borcu hissə hissə ödəyəcəyini göstərmişdir.
19. Bundan başqa, iş materiallarından borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə icra elektron sistemi üzərindən sorğular verildiyi, adına pul vəsaiti, daşınar və daşınmaz əmlak olmadığı müəyyən edilsə də, məhkəmənin qənaətincə borclunun əmlak vəziyyəti icra məmuru tərəfindən hərtərəfli araşdırılmamış, borclunun nikahda olubolmaması, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın olub-olmaması ilə bağlı hallara aydınlıq gətirilməmiş və qiymət verilməmişdir.
20. Eləcə də iş materialları ilə icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məcburi icra tədbirlərinin həyata keçirildiyi müəyyən edilmir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri həyata keçirməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
22. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmiş, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 8(027)-374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 8(027)-374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Tələbkar BOKT "xxxx" MMC-nin Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024cü il tarixli qərarından verdiyi şikayət təmin olunsun. Quba rayon İcra və probasiya şöbəsinin 8İ-1846 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.