Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-31/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, X1 Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinin rəisi İlham Həsənovun hərəkətlərindən verilmiş şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 74/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 «icra məmurunun hərəkətləri» barədə şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinin rəisi İlham Həsənovun hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və X6 vəfat etdiyindən, onun qanun üzrə vərəsəsinin müəyyən edilməsi və onun hüquqi varisi ilə əvəz edilməsinin Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-74/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadı ilə X2 tərəfindən Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinin rəisi İlham Həsənovun hərəkətlərindən verilmiş şikayət və əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Almaz Süleymanova). Qərardaddan X2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 8(060)-74/2022 saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, qərardadı qanunsuz və əsassız hesab edir. Məhkəımə prosessual hüquq normalarını pozmuşdur. Məhkəmənin ərizənin aidiyyat qaydalarının pozulması ilə verilməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2019-cu il tarixli, 2(060)4729/2019 saylı icra sənədinə əsasən X4 10000 manat və 30 manat dövət rüsumu tutularaq ona verilməlidir. Həmin icra sənədi Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmişdir. Qanunvericiliyə əsasən qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir.”İcra haqqında” Qanunu icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiə hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-74/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilməsini, şikayətə Sumqayıt Şəhər Məhkəməsində baxılmasını xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-74/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu tərəfindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilməsini müəyyən edərək şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, ərizəçi «icra məmurunun hərəkətləri» barədə şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinin rəisi İlham Həsənovun hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və X6 vəfat etdiyindən, onun qanun üzrə vərəsəsinin müəyyən edilməsi və onun hüquqi varisi ilə əvəz edilməsinin Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, ərizəçinin tələbi icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətləri barədədir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Göründüyü kimi qanunvericiliyin tələbinə görə icra məmurunun hərəkətlərindən icra məmurunun olduğu yer üzrə məhkəməyə inzibati şikayət vermək hüququ vardır. Belə olan halda icra məmurunun hərəkətlərindən şikayətə Sumqayıt Şəhər Məhkəməsi səlahiyyətli məhkəmə deyildir. Bununla da müəyyən edilir ki, ərizəçi tərəfindən aidiyyat qaydaları pozulmaqla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-nin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ərizəçi müvafiq məhkəməyə müraciət etmə hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-74/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-74/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-31/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-31/2022
09.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver