Məhkəmə qərarları › İş №8(105)-31/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-31/2023

03.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-31/2023 03.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclu qarşı (Açar sözlər: borclunun əmlakı üzərinə həbs qoyulması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X1 ibarət tərkibdə, Ramilə Cəmaləddin qızı Məmmədovanın katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2723/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun əmlakı üzrə həbs qoyulmasına dair iş üzrə Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərardadından borclunun nümayəndəsi X6 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegyiası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2723/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Borclu mülkiyyətində olan ünvan 1 ünvanında, 0,0383 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 166,9 kv.m. olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmasını xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi 04 aprel 2022-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Lakin, könüllü müddət ərzində icra sənədində göstərilən tələb icra edilməmişdir. İcra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə, icra tədbirləri həyata keçirilmiş və Borclu mülkiyyətində ünvan 1 ünvanında 0,0383 ha torpaq sahəsində 4 otaqlı, 166,9kv.m daşınmaz əmlak aşkar olunmuşdur. Həmin əmlakın üzərinə həbs qoyulması, həmin əmlakın açıq hərrac vasitəsilə satılması məqsədəmüvafiqdir.

3. Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim Fərid Yaqubov) təqdimatın təmin edilməsi, Borclu mülkiyyətində olan ünvan 1 ünvanında, 0,0383 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 166,9 kv.m. olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır.

4. Borclunun nümayəndəsi X6 həmin qərardaddan şikayət vermişdir.

5. Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin qeyd edilən qərardadı qəbul edilən zaman həmin fərdi yaşayış evinin Borclu və onun ailə üzvlərinin mülkiyyətində olan yeganə yaşayış yeri olması faktı nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndinə əsasən, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) icra sənədi icra olunarkən tutmanın yönəldilməsinə yol verilmir. Həmçinin, həbsin iddianı təmin etmə tədbirinin bir növü olaraq gələcəkdə qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısının alınması məqsədilə tətbiq edilməsini, gələcəkdə pul tutulması barədə qətnamə könüllü icra edilməsə həbsdə olan əmlakın satılması hesabına həmin pul ödənilməsini təmin edən vasitə olması nəzərə alınsa, bu zaman həbsin gələcəklə bağlı olan bir tədbir olmasını görə bilərik. Əgər məhkəmə icraatı zamanı tətbiq edilən həbsin gələcək üçün bir faydası yoxdursa, onun tətbiqi mənasızdır. O cümlədən “İcra haqqında” Qanunun 50.4.1-ci maddəsi də bunu təsdiq edir. Orada qeyd edilib ki, həbs satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək məqsədilə qoyulur. Borclunun yeganə mənzilinin satılmasına isə qanunvericilik yol vermir. Şamaxı Rayon Məhkəməsi tərəfindən müvafiq qərardad qəbul edilən zaman İnsan hüquq və Azadlıqları haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin tələbləri də nəzərə alınmamışdır. Belə ki, həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şamaxı Rayon Məhkəməsi isə gələcəkdə hər hansı tutmanın yönəldilməsi mümkün olmayan əmlaka bu gün həbs qoymaqdadır. Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 8(074)-4/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Tələbkar tərəfindən şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.

9. Etiraz onunla əsaslandırılmışdır ki, Borclu və onun vəkilinin yazdıqları apellyasiya şikayəti tam əsassızdır. Belə ki, Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Borclu ona 53000 (əlli üç min) manat pul ödəməlidir. Lakin o, 5 ilə yaxındır ki, ona olan borcunu ödəməkdən yayınır, məhkəmə qətnaməsini icra etmir. O, gəlirlərini çox ustalıqla gizlədərək ondan aldığı pulu özünə qaytarmamışdır. Heç olmazsa borclu ona ödəməli borcunu hissə-hissə də özünə qaytarmaq niyyəti olmamış və bu əsasda o, İcra və Probasiya Orqanlarından, həmçinin Polis Əməkdaşlarından qaçıb gizlənmişdir. Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyinə görə Borclu polisin axtarışına verilmişdir. O isə qaçıb naməlum yerdə gizlənmiş və hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsində iştirakını özü üçün təhlükəsiz hesab edib apellyasiya şikayəti vermişdir. Borclu R.N.Binəyovun apellyasiya şikayəti tam əsassızdır. Odur ki, hesab edir ki, Borclu apellyasiya şikayəti təmin olunmamalı və Şamaxı Rayon Məhkəməsinin 8(074)- 4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Etirazın təmin edilməsini, Borclu və onun vəkilinin iş üzrə apellyasiya şikayətinin təmin olunmamasını və Şamaxı Rayon Məhkəməsinin 8(074)- 4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 44.1. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Maddə 43.1.1. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 50.2. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):

Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsini qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

13. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 8(074)-4/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 8(074)- 4/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 8(074)- 4/2023 nömrəli və bununla bağlı 06 fevral 2023-cü il tarixli 8(074)-4/2023 nömrəli qərardadları ləğv olunmalı, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

15. Araşdırılan iş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2723/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən, Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu 53000 (əlli üç min) manat məbləğində pulun alınıb iddiaçı Tələbkar verilməsi və cavabdeh Borclu keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 142 manat və 260 manat, cəmi 402 manat alınıb X2 hesabına köçürülməlidir.

16. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin 04 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2723/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən İcraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı bildirş təqdim edilmişdir.

17. İcra sənədinin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərarın surəti icra məmuru tərəfindən borcluya təqdim olunmasına baxmayaraq, icra sənədi borclu tərəfindən bugünədək icra edilməmişdir.

18. Göründüyü kimi, icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Şamaxı ayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borcluya məxsus fərdi yaşayış evinin üzərinə həbs qoyulmasını xahiş etmişdir.

19. Məhkəmə Elektron İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Borclu mülkiyyətində torpaq sahələlər, o cümlədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır.

20. Birinci instansiya məhkəməsi icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus fərdi yaşayış evi üzərinə həbs qoyulmasını əsaslı hesab etmişdir.

21. Borclu məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq şikayət vermiş və şikayətin dəlili olaraq həmin fərdi yaşayış evinin borclunun yeganə yaşayış yeri olduğuna əsaslanmışdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”nın 1-ci bəndinə görə borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağı (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir.

23. Şərh olunan normativ hüquqi aktın məzmunundan göründüyü kimi borclu və onun ailəsinin birgə yaşamalarını təmin edəcək bir evə tələbin yönəldilməsinə yol verilmir.

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin qeyd olunan dəlili ilə bağlı birinci instansiya məhkəməsi dəyərləndirmə aparmamış, borcluya məxsus əmlakların dairəsi müəyyən edilməmiş, həmin fərdi yaşayış evi üzərinə həbs qoyulması əsasları lazımı qaydada araşıdırılaraq hüquqi qiymət verilməmişdir.

25. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə “İcra haqqında” Qanunun 45-ci maddəsinə əsasən icra sənədi icra olunarkən tələb ilk növbədə borclunun manat və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməlidir.

26. İş materialları məhkəmə kollegiyası tərəfindən öyrənilərkən təqdimata əlavə edilmiş sənədlərdən icra məmuru tərəfindən həmin yöndə hər hansı bir icra hərəkətinin aparıldığı müəyyən olunmadı. Birinci instansiya məhkəməsi tərəfindən təqdimata baxılıb məhkəmə aktı qəbul edilərkən həmin hallar aydınlaşdırılaraq qiymət verilməmişdir.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

28. Bu baxımdan qeyd edilməlidir ki, qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir.

29. Həmin qaydalara əməl edilərək düzgün hüquqi qiymət verilməsi, «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılan məhkəmə qərarının icrasının təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinə nail olmaq məhkəmənin başlıca vəzifələrindən biridir.

30. Qeyd olunmalıdır ki, qanunverici İcra Haqqında Qanunla məhkəmə qərarının icrasının qaydalarını tənzimləmişdir.

31. Həminin Qanunun tələbinə görə təqdimat üzrə məburi icra tədbirinin tətbiqi üçün bu Qanunla nəzərdə tutulmuş müvafiq əsasların olması tələb olunur. Həmin əsasların mövcudluğu məhz həmin məburi icra tədbirinin tətbiqini zəruri edir.

32. Məhkəmə kollegiyası hesab edir ki, təqdimata baxarkən birinci instansiya məhkəməsi tərəfindən icra işinin materialları araşdırılmamış, borclunun icra sənədini təmin etməməsinin səbəbləri, habelə məcburi icra tətbirlərinin tətbiqi əsasları aydınlaşdırılaraq qiymət verilməmişdir.

33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, təqdimat yenidən baxılması, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

34. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

35. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu nümayəndəsi X4 şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 8(074)-4/2023 nömrəli və bununla bağlı 06 fevral 2023-cü il tarixli 8(074)-4/2023 nömrəli qərardadları ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar