Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-31/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Bank Olmayan Kredit Təşkilatı "Azpul MMC"-nin Borclu qarşı iş üzrə (Açar sözlər: icra sənədinin qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarxli qərarından verilmiş şikayət üzrə Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-368/2024 nömrəli qərardadından tələbkar Bank Olmayan Kredit Təşkilatı "Azpul MMC" tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon İcra və probasiya şöbəsinin 8İ-24115 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən Borclu barəsində 8İ-24115 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan “BOKT "xxxx" MMC-nin xeyrinə ümumilikdə 151 (yüz əlli bir) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edirik ki, şöbənin icra sənədinin qaytarılmasına dair qərarı qanunsuz və əsassızdır. Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Bununla bağlı ilk olaraq bildiririk ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa, Qanunun 23.1.3-cü mədəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və Qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda, icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. İcra məmuru tərəfindən 151 manat pulun heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil.
3. Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən Borclu barəsində 8İ-24115 saylı, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, borcludan “BOKT "xxxx" MMC-nin xeyrinə ümumilikdə 151 (yüz əlli bir) manat məbləğində pul tutulmalıdır.
4. Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir.
5. İş materiallarından görünür ki, icra məmuru tərəfindən Borclu izahatı alınmış, Borclu yaşadığı Quba rayonu, İİ Nügədi kəndində yerləşən evinə baxış keçirilmiş və həmin mənzildə üzərinə həbs qoyula biləcək əmlakların olmaması müəyyən edilmiş və bununla bağlı xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir.
6. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir.
7. Elektron sorğu sisteminin “əmlak və gəlir məlumatları” altsistemindən görünür ki, Borclu daşınar və daşınmaz əmlakların, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə elektron qaydada sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlakın olmaması müəyyən edilmişdir.
8. Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-368/2024 nömrəli qərardadı ilə (hakim Vüqar Seyidov) Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır.
9. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-368/2024 saylı qərardadının ləğv edilməsi və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin şikayətini təmin edərək, Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 8İ-24115 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinin qaytarılması haqqında Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Quba Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 8(027)-368/2024 nömrəli qərardadı ilə (hakim Vüqar Seyidov) şikayətin təmin edilməməsi, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-370/2024 nömrəli qərardadından verdiyi şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
12. Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, tələbkarın müvafiq ərizəsində əsaslandırdığı hallar həqiqəti əks etdirmədiyindən və ərizənin təmin edilməsi üçün heç bir hüquqi əsas olmadığından müvafiq ərizə təmin edilməməlidir. Bununla bağlı ilk olaraq bildirir ki, icra məmuru tərəfindən tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmiş və iş materiallarında bu halı təsdiq edən sübut yoxdur. Hətta icra məmuru qəbul etmiş qərarla icra sənədini tələbkara deyil, notariusa qaytarmaqla qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq icra sənədinin qaytarılması haqqında qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməmişdir. İkincisi, borcludan tutulmalı olan məbləğin cəmi 151 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, 10 ay müddətində icra məmuru tərəfindən həmin məbləğin (orta hesabla ayda 15 manat) heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Üçüncüsü, borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Borclunun hansı üzrlü səbəbdən icra tələbini təmin etməməsi müəyyən edilməmişdir. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Bundan başqa, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmaması icra sənədinin icrasının təmin edilməsi məqsədilə digər tədbirlərin tətbiqini istisna edən, icra sənədinin qeyd edilən əsasla geri qaytarılması zərurətini yaratmır. Göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra sənədinin qaytarılması” haqqında qərar qəbul etmişdir. Beləliklə, Quba Rayon Məhkəməsinin 8(027)-368/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərardadı qəbul edilərkən tələbkarın şikayətdə sadaladığı dəlillərə hüquqi qiymət verilməmiş və səhv nəticəyə gəlinmişdir. Qeyd etməyi zəruri sayır ki, Quba Rayon Məhkəməsinin icraatında olmuş analoji, yəni icra məmurunun eyni əsasla Azərbaycan Respublikası Qanununun 23.1.3-cümaddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında qərarlarından verilmiş şikayətlər üzrə işlərdə (8(027)- 66/2024 saylı, 8(027)-68/2024 saylı, 8(027)-70/2024 saylı, 8(027)-71/2024 saylı, 8(027)- 72/2024 saylı, 8(027)-79/2024 saylı, 8(027)-83/2024 saylı, 8(027)-85/2024 saylı, 8(027)- 89/2024 saylı, 8(027)-92/2024 saylı, 8(027)-94/2024 saylı və 8(027)-95/2024 saylı) şikayətləri təmin edərək belə hüquqi mövqe ortaya qoymuşdur ki, “icra məmuru icra sənədi üzrə icra sənədinin icrası ilə əlaqədar müvafiq icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq iş üzrə tələbin tam olaraq təmin edilməsinin mümkün olmadığını əsas gətirərək, icra sənədini məhkəməyə qaytarmaqda haqlı olmamışdır. Belə ki, müvafiq icra tədbirlərinin nədə ifadə olunması və icraya nail olunması baxımından həmin tədbirlərin təkrarlanması mümkünsüzlüyü qeyd edilməmişdir”. Mübahisələndirilən “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı nəzərdən keçirirərək müəyyən edililir ki, müvafiq icra tədbirlərinin nədə ifadə olunması və icraya nail olunması baxımından həmin tədbirlərin təkrarlanması mümkünsüzlüyü qeyd edilməmişdir. Lakin birinci instansiya məhkəməsi işin bu hallarına hüquqi qiymət verməmişdir. Hesab edir ki, hüquqtətbiqedici təcrübədə vahid yanaşma hüququn aliliyi prinsipinin həyata keçirilməsinin əsas şərtlərindən biridir.
Şikayətə qarşı etirazın dəlilləri
13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-368/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)- 368/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
15. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 23. İcra sənədinin qaytarılması 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Maddə 400. apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-368/2024 nömrəli qərardadı ləğv olunmalı, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə yeni qərardad qəbul edilməlidir.
18. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən Borclu barəsində 8İ-24115 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən borcludan “BOKT "xxxx" MMC-nin xeyrinə ümumilikdə 151 (yüz əlli bir) manat məbləğində pul tutulmalıdır. Həmin icra qeydi Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir.
19. İş materialında olan Borclu tərəfindən verilmiş izahatdan görünür ki, borcu ödəyəcəyini bildirmişdir.
20. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir.
21. Tələbkar İcra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərarla razılaşmayaraq, həmin qərarı mübahisələndirmişdir.
22. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmişdir.
23. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tələbkarın müvafiq ərizəsində əsaslandığı hallar həqiqəti əks etdirmədiyindən və ərizənin təmin edilməsi üçün heç bir hüquqi əsas olmadığından şikaygt təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdararaq hesab edir ki, birinci istansiya məhkəməsi icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmamışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli məhkəmə araşdırması hüququnun təkib hissəsini təşkil edən məhkəmə qərarlarının icrasının təşkili özlüyündə prosessual hüququn predmeti olmaqla İcra haqqında Qanun bu fəaliyyətin gedişatını tənzimləyən Qanundur. İcra məmurunun fəaliyyəti prosesual hüququn subyekti olmaqla məhkəmə qərarının icrasının həyata keçirilməsinin prosessual təminatı sahəsində qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri daxilində bu fəaliyyəti həyata keçirir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40).
27. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35).
28. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
29. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.
30. Kollegiya ilk olaraq qeyd edir ki, icra məmuru tərəfindən tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmiş və iş materiallarında bu halı təsdiq edən sübut yoxdur.
31. Kollegiya daha sonra qeyd edir ki, borclunun izahatının məzmundan görünür ki, borcu ödəyəcəyini göstərmişdir.
32. Bundan başqa, iş materiallarından borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə icra elektron sistemi üzərindən sorğular verildiyi, adına pul vəsaiti, daşınar və daşınmaz əmlak olmadığı müəyyən edilsə də, məhkəmənin qənaətincə borclunun əmlak vəziyyəti icra məmuru tərəfindən hərtərəfli araşdırılmamış, borclunun nikahda olub-olmaması, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın olub-olmaması ilə bağlı hallara aydınlıq gətirilməmiş və qiymət verilməmişdir.
33. Eləcə də iş materialları ilə icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məcburi icra tədbirlərinin həyata keçirildiyi müəyyən edilmir.
34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmiş, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)- 368/2024 nömrəli qərardadı ləğv edilməli, Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-368/2024 nömrəli qərardadı ləğv olunsun. Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin olunsun. Quba rayon İcra və probasiya şöbəsinin 8İ-24115 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.