Məhkəmə qərarları › İş №8(105)-32/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-32/2023

06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-32/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu məcburi gətirilməsi barədə Şamaxı rayon İcra və probasiya şöbəsinin təqdimatı üzrə (Açar sözlər: şikayətin geri qaytarılması – prosessual müddət) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 8(074)-170/2022 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Babək İsmayılov təqdimatla məhkəməyə müraciət edib, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Şamaxı rayonu, Məlikçobanlı kəndində qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Borclu polis vasitəsilə Şamaxı rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Şamaxı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 8(074)-170/2022 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir.

3. Borclu qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir.

4. Şamaxı Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 8(074)-170/2022 nömrəli qərardadı ilə şikayət elektron qaydada verilmədiyindən qərardaddan verilən şikayət geri qaytarılmışdır.

5. Borclu Şamaxı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 8(074)-170/2022 nömrəli qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir.

6. Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 8(074)-170/2022 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 8(074)-170/2022 nömrəli qərardadından verilmiş şikayət geri qaytarılmışdır.

7. Borclu həmin qərardaddan da şikayət vermişdir.

8. Şamaxı Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 8(074)-170/2022 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MPM-nin 268.1-ci maddəsinin tələbinə görə şikayət qərardadın rəsmi qaydada alındığı gündən on gün ərzində verilməlidir. Yəni, borclu 30 dekabr 2022-ci il tarixdə məhkəmə qərardadını rəsmi qaydada aldığına görə, o, ən geci 09 yanvar 2023-ci il tarixdə şikayəti verməli idi. Lakin, borclu şikayətini 11 yanvar 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirmişdir ki, bununla da o, qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1, 130.3, 133.1 və 268.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

11. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi Elektron Məhkəmə Kabineti vasitəsilə göndərdiyi eyni şikayəti də xx.xx.2023-cü il tarixli, 8(074)- 170/2022 nömrəli qərardadla geriyə qaytararkən göstərmişdir ki, guya şikayət etmə müddətini ötürmüşdür. Bu qərardadın 2-ci səhifəsinin 1-ci sətrində yazılmışdır ki, o, ən geci 09 yanvar 2023-cü il tarixdə şikayət verməli idi. Halbuki şikayətində yazdığı kimi məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(074)-170/2022 nömrəli qərardadını bayramdan sonra – xx.xx.2023cü il tarixdə almışdır, xx.xx.2022-ci ildə yox. Azərpoçtun işçiləri xəbərnaməyə özləri imza edib geri qaytarırlar, məhkəmə də elə bilir ki, guya onu özü imzalamışdır. Bildirir ki, o, Şamaxı rayonu, Məlikçobanı kəndinə qeydiyyatda olsa da, orada yaşamır, Bakı və ya Sumqayıt şəhərində yaşayır. Şamaxı rayonuna arabir gəlir. Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli, 8(074)-170/2022 nömrəli qərardadında yazılanlar həqiqəti əks etdirmir. İcra məmuru məhkəməyə düzgün məlumat verməmişdir. İcra məmurunun həm telefon zəngləri ilə, həm də ona və məhkəməyə göndərdikləri bildirişlər formal görüntü xarakterlidir, əsil həqiqət isə yuxarıda qeyd etdiyi kimi tam başqadır. Ona görə də, Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli, 8(074)-170/2022 nömrəli qərardadı ləğv olunmalı və icra məmurunun təqdimatı təmin edilməməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

12. Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Apellyasiya baxışının hədləri

15. Şikayətdən görünür ki, apellyator Borclu Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 8(074)-170/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

16. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 8(074)-170/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, öyrənilən işdən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 08 dekabr 2022ci il tarixli, 8(074)-170/2022 nömrəli qərardadının surəti 28 dekabr 2022-ci il tarixdə tərəflərə göndərilmiş, Borclu şəxsən 30 dekabr 2022-ci il tarixdə zərfin xəbərnaməsinə imza etməklə qərardadı qəbul etmişdir. MPM-nin tələbinə əsasən onun 10 müddətində şikayət verilməsi müddəti qərardadı qəbul etdiyi günün növbəti günündən sonrakı gün, yəni 31 dekabr 2022-ci il tarixdə başlamış, onun şikayət verilməsi müddətinin son günü 09 yanvar 2023-cü il olduğu halda borclu şikayətini 11 yanvar 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirmişdir ki, bununla da o, qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

19. Göründüyü kimi, Borclu sözügedən qərardaddan şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş 10 (on) günlük müddəti buraxmışdır. Bu da həmin şikayətin qaytarılması üçün qanunda nəzərdə tutulmuş əsasdır.

20. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 8(074)-170/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 8(074)-170/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar