Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-32/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-369/2024 nömrəli qərardadından tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Birinci instansiya məhkəməsində icraat Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon İcra və probasiya şöbəsinin 8İ-7130 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. İcra məmuru tərəfindən 135 manat pulun heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-369/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamışdır. Məhkəmə öz mövqeyini bununla əsaslandırmışdır ki, tələbkarın müvafiq ərizəsində əsaslandığı hallar həqiqəti əks etdirmədiyindən və ərizənin təmin edilməsi üçün heç bir hüquqi əsas olmadığından ərizə təmin edilməməlidir. Tələbkar Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-369/2024 nömrəli qərardadından şikayət verərək onun ləğv edilməsi və şikayətin təmin edərək, Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23 və 43-cü maddəsinin müvafiq maddələrinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlilləri Şikayətdə işin hallarına istinad edilməklə göstərilir ki, müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra sənədinin qaytarılması” haqqında qərar qəbul etmişdir. Məhkəmə qərardadı qəbul edilərkən tələbkarın şikayətdə sadaladığı dəlillərə hüquqi qiymət verilməmiş və səhv nəticəyə gəlmişdir. Quba Rayon Məhkəməsinin icraatında olmuş analoji, yəni icra məmurunun eyni əsasla Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında qərarlarından verilmiş şikayətlər üzrə işlərdə (8(027)-66/2024 nömrəli, 8(027)-68/2024 nömrəli,, 8(027)-70/2024 nömrəli, 8(027)-71/2024 nömrəli, 8(027)-72/2024 nömrəli, 8(027)-79/2024 nömrəli, 8(027)-83/2024 nömrəli, 8(027)-85/2024 nömrəli, 8(027)-89/2024 nömrəli, 8(027)-92/2024 nömrəli, 8(027)-94/2024 nömrəli və 8(027)-95/2024 nömrəli, şikayətləri təmin edərək belə hüquqi mövqe ortaya qoymuşdur ki, “icra məmuru icra sənədi üzrə icra sənədinin icrası ilə əlaqədar müvafiq icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq iş üzrə tələbin tam olaraq təmin edilməsinin mümkün olmadığını əsas gətirərək, icra sənədini məhkəməyə qaytarmaqda haqlı olmamışdır. Belə ki, müvafiq icra tədbirlərinin nədə ifadə olunması və icraya nail olunması baxımından həmin tədbirlərin təkrarlanması mümkünsüzlüyü qeyd edilməmişdir”. Mübahisələndirilən “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı nəzərdən keçirirərək müəyyən edilir ki, müvafiq icra tədbirlərinin nədə ifadə olunması və icraya nail olunması baxımından həmin tədbirlərin təkrarlanması mümkünsüzlüyü qeyd edilməmişdir. Lakin birinci instansiya məhkəməsi işin bu hallarına hüquqi qiymət verməmişdir. Hesab edirlər ki, hüquq tətbiqedici təcrübədə vahid yanaşma hüququn aliliyi prinsipinin həyata keçirilməsinin əsas şərtlərindən biridir. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-369/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-369/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir. Tətbiq edilən hüquq İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 23. İcra sənədinin qaytarılması 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1.tələbkarın ərizəsi əsasında; 23.1.2.borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı. Qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları. Onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-369/2024 nömrəli qərardadı ləğv olunmalı, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə yeni qərardad qəbul edilməlidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı. İcra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Kollegiya ilk olaraq qeyd edir ki, icra məmuru tərəfindən tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmiş və iş materiallarında bu halı təsdiq edən sübut yoxdur. Kollegiya daha sonra qeyd edir ki, borclunun izahatının məzmunundan görünür ki, borcu hazırda birbaşa ödəməyə maddi imkanı olmadığını, yaxın zamanda borcu hissə hissə ödəyəcəyini göstərmişdir.Belə ki, borclu izahatında evli olduğu, usta işlədiyi, birbaşa ödəməyə imkanının olmadığı, yalnız aprel ayında borcunu tam olaraq bağlayıb qəbzi icra şöbəsinə təqdim edəcəyini bildimidir. Kollegiyanın qənaətincə borclunun əmlak vəziyyəti icra məmuru tərəfindən hərtərəfli araşdırılmamış, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın olub-olmaması ilə bağlı hallara aydınlıq gətirilməmiş və qiymət verilməmişdir. Eləcə də, iş materialları ilə icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məcburi icra tədbirlərinin həyata keçirildiyi müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri həyata keçirməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmiş, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-369/2024 nömrəli qərardadı ləğv edilməli, Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-369/2024 nömrəli qərardadı ləğv edilsin. Tələbkar BOKT "xxxx" MMC-nin Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024cü il tarixli qərarından verdiyi şikayət təmin olunsun. Quba rayon İcra və probasiya şöbəsinin 8İ-7130 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-32/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-32/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver