Məhkəmə qərarları › İş №8(105)-33/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-33/2025

25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-33/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-363/2024 nömrəli qərardadından Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon İcra və probasiya şöbəsinin 8İ-24071 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən Borclu barəsində 8İ-24071 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan “BOKT "xxxx" MMC-nin xeyrinə ümumilikdə 130 (yüz otuz) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edir ki, şöbənin icra sənədinin qaytarılmasına dair qərarı qanunsuz və əsassızdır. Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2- 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Bununla bağlı ilk olaraq bildirilir ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa, Qanunun 23.1.3-cü mədəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və Qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. İcra məmuru tərəfindən 130 manat pulun heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-363/2024 nömrəli qərardadı ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından şikayəti təmin olunmamışdır (hakim Vüqar Seyidov). Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-363/2024 nömrəli qərardadının ləğv edilməsi və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin şikayətini təmin edərək, Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 8İ-24071 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinin qaytarılması haqqında Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmiş və iş materiallarında bu halı təsdiq edən sübut yoxdur. Hətta icra məmuru qəbul etmiş qərarla icra sənədini tələbkara deyil, notariusa qaytarmaqla qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq icra sənədinin qaytarılması haqqında qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməmişdir. İkincisi, borcludan tutulmalı olan məbləğin cəmi 130 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, 10 ay müddətində icra məmuru tərəfindən həmin məbləğin (orta hesabla ayda 13 manat) heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Üçüncüsü, borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Borclunun hansı üzrlü səbəbdən icra tələbini təmin etməməsi müəyyən edilməmişdir. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Bundan başqa, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmaması icra sənədinin icrasının təmin edilməsi məqsədilə digər tədbirlərin tətbiqini istisna edən, icra sənədinin qeyd edilən əsasla geri qaytarılması zərurətini yaratmır. Göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra sənədinin qaytarılması” haqqında qərar qəbul etmişdir. Beləliklə,Quba Rayon Məhkəməsinin 8(027)-363/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərardadı qəbul edilərkən tələbkarın şikayətdə sadaladığı dəlillərə hüquqi qiymət verilməmiş və səhv nəticəyə gəlinmişdir. Qeyd etməyi zəruri sayırıq ki, Quba rayon Məhkəməsinin hakimi X3 icraatında olmuş analoji, yəni icra məmurunun eyni əsasla Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında qərarlarından verilmiş şikayətlər üzrə işlərdə şikayətləri təmin edərək belə hüquqi mövqe ortaya qoymuşdur ki, “icra məmuru icra sənədi üzrə icra sənədinin icrası ilə əlaqədar müvafiq icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq iş üzrə tələbin tam olaraq təmin edilməsinin mümkün olmadığını əsas gətirərək, icra sənədini məhkəməyə qaytarmaqda haqlı olmamışdır. Belə ki, müvafiq icra tədbirlərinin nədə ifadə olunması və icraya nail olunması baxımından həmin tədbirlərin təkrarlanması mümkünsüzlüyü qeyd edilməmişdir”. Mübahisələndirilən “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı nəzərdən keçirirərək müəyyən edililir ki, müvafiq icra tədbirlərinin nədə ifadə olunması və icraya nail olunması baxımından həmin tədbirlərin təkrarlanması mümkünsüzlüyü qeyd edilməmişdir. Lakin birinci instansiya məhkəməsi işin bu hallarına hüquqi qiymət verməmişdir. Hesab edir ki, hüquqtətbiqedici təcrübədə vahid yanaşma hüququn aliliyi prinsipinin həyata keçirilməsinin əsas şərtlərindən biridir. Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-363/2024 nömrəli qərardadı ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin şikayətinin təmin edilməməsi, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-363/2024 saylı qərardadından verdiyi şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vüqar Seyidov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, işin faktiki halları aşağıdakı kimi olmuşdur: İş materiallarında olan Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən Borclu barəsində 8İ-24071 saylı, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, borcludan “BOKT "xxxx" MMC-nin xeyrinə ümumilikdə 130 (yüz otuz) manat məbləğində pul tutulmalıdır. Həmin icra qeydi Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Borclu izahatı alınmış, icra sənədinin icrasını təmin etmək məqsədi ilə bir sıra icra tədbirləri həyata keçirilmiş və borclunun əmlakının axtarılması istiqamətində müvafiq tədbirlər görülmüş, Borclu yaşadığı Quba rayonu, İspik kəndində yerləşən evinə baxış keçirilmiş və həmin mənzildə üzərinə həbs qoyula biləcək əmlakların olmaması müəyyən edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Həmçinin tələbin icrasının mümkün olmaması barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi ərizəninin təmin edilməməsinə dair mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci, 23.3-cü , 43-cü maddələrinə əsaslanaraq qeyd etmişdir ki, elektron sorğu sisteminin “əmlak və gəlir məlumatları” altsistemindən görünür ki, Borclu daşınar və daşınmaz əmlakların, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə elektron qaydada sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlakın olmaması müəyyən edilmişdir. Göründüyü kimi, tələbkarın müvafiq ərizəsində əsaslandığı hallar həqiqəti əks etdirmədiyindən və ərizənin təmin edilməsi üçün heç bir hüquqi əsas olmadığından müvafiq ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı. İcra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Kollegiya qeyd edir ki, icra məmuru tərəfindən tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmiş və iş materiallarında bu halı təsdiq edən sübut yoxdur. Borclunun izahatının məzmunundan görünür ki, borcu hazırda birbaşa ödəməyə maddi imkanı olmadığını, yaxın zamanda borcu hissə-hissə ödəyəcəyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, borclunun əmlak vəziyyəti icra məmuru tərəfindən hərtərəfli araşdırılmamış, borc məbləği cəmi 130 manat olmasına baxmayaraq həmin məbləğə uyğun hər hansı əmlakının olub-olmaması dəqiq araşdırılmamışdır.Həmçinin borclunun izahatına əsasən də onun hissə-hissə ödənilməsini təmin edəcək əmlakın olmaması da ağlabatan deyildir. Eləcə də, iş materialları ilə icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məcburi icra tədbirlərinin həyata keçirildiyi müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri həyata keçirməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul edilməlidir. Belə ki, həmin maddəyə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1.tələbkarın ərizəsi əsasında; 23.1.2.borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Hazırki iş materialları ilə də müəyyən edilir ki, icra məmuru xx.xx.2023-cü il tarixli notariusun icra qeydi olmasına baxmayaraq icra sənədini yuxarıda qeyd edilmiş normanın tələbinə zidd olaraq tələbkara geri qaytarmamışdır. Mülki Prosessual Məcəllənin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-363/2024 nömrəli nömrəli qərardadı ləğv edilməli, Tələbkar BOKT "xxxx" MMC-nin Quba rayon İcra və probasiya şöbəsinin 8İ- 24071 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024cü il tarixli qərarından verdiyi şikayət təmin olunmalı, Quba rayon İcra və probasiya şöbəsinin 8İ-24071 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-363/2024 nömrəli qərardadı ləğv edilsin. Tələbkar BOKT "xxxx" MMC-nin Quba rayon İcra və probasiya şöbəsinin 8İ-24071 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin olunsun. Quba rayon İcra və probasiya şöbəsinin 8İ-24071 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar