Məhkəmə qərarları › İş №8(105)-34/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-34/2023

13.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-34/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Araz qızının Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin 14 oktyabr 2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsi barədə (Açar sözlər: icra sənədi üzrə icraata xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-8/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli, 2(060)-4698/2014 nömrəli qətnaməsi ilə Borclu və İsmayılova Günel Araz qızının birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq iddiaçı İsmayılova Günel Araz qızına verilməsi qət edilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(060)-8352/2019 nömrəli qətnaməsi ilə İsmayılova Günel Araz qızının Borclu qarşı alimentin miqdarının artırılması barədə tələbinə və Borclu İsmayılova Günel Araz qızına qarşı alimentin azaldılması barədə qarşılıqlı iddia tələbinə əsasən onun ilk iddiası qismən təmin olunmuş, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli, 2(060)- 4698/2014 nömrəli qətnaməsi ilə cavabdeh Borclu İsmayılova Günel Araz qızının xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən edilmiş, qarşılıqlı iddia təmin olunmamışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(060)-8352/2019 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin icra sənədi üzrə icraata xitam verilməsi haqqında Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir.

4. X4 Araz qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edib, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(060)-8352/2019 nömrəli icra sənədi ilə bağlı Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru Elburus Hacıyev tərəfindən qəbul edilmiş “İcraata xitam verilməsi haqqında” 14 oktyabr 2020-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və icra sənədinin təkrarən icra edilməsi üçün aidiyyəti üzrə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli, 2(060)-4698/2014 nömrəli qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(060)-8352/2019 nömrəli qətnaməsi ilə alimentin miqdarının artırılması barədə iddiası qismən təmin olunmuş və hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minsə də, cavabdeh tərəfindən icra olunmamışdır. Belə ki, həmin dövrdə o, Türkiyə Respublikasına işləmək üçün getmək məcburiyyətində qaldığından, övladlarının da onunla birlikdə getmələri üçün cavabdehin razılığı tələb olunmuşdur. Cavabdeh isə razılığı yalnız artırılmış aliment məbləğindən imtina edəcəyi təqdirdə verəcəyini bildirdiyindən, o, borclunun onun tələbi əsasında və icra məmurunun ona təqdim etdiyi ərizə formasına uyğun olaraq həm adi qaydada, həm də notarial qaydada ərizə yazaraq həmin məhkəmə qətnaməsinin icrasından imtina etmək məcburiyyətində qalmışdır. Ancaq cavabdeh nəinki artırılmış aliment məbləğini ödəməmiş, ümumiyyətlə alimentin ödənilməsindən yayınaraq bugünədək uşaqlarının saxlanılmasından kənarlaşmışdır. Halhazırda onun maddi durumunun ağırlaşması, eyni zamanda Türkiyə Respublikasında inflasiyanın yüksəlməsi səbəbindən uşaqların saxlanılma xərcləri də artdığından və övladının saxlanması daha çox xərc tələb etdiyindən o, aliment məbləğinin artırılmaqla cavabdehdən tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən Borclu məhkəməyə məlumat verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8352/2019 nömrəli, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata icra məmurunun müvafiq qərarı ilə xitam verildiyini bildirmişdir. Halbuki icra məmurunun adı çəkilən qərarından onun hər hansı məlumatı olmamışdır, belə ki, həmin qərar icra qurumu tərəfindən rəsmi qaydada ona təqdim edilməmişdir. Düzdür, daha öncə iddia ərizəsində göstərdiyi kimi, o, işləmək üçün Türkiyə Respublikasına getdiyi zaman övladlarının da onunla birlikdə getmələri üçün cavabdehin razılığı tələb olunduğundan və cavabdehin yalnız aliment məbləğindən imtina edəcəyi halda həmin razılığı verəcəyini bildirməsi səbəbindən o, ərizə yazaraq həmin məhkəmə qətnaməsinin icrasından imtina etmək məcburiyyətində qalmışdır. Onun alimentdən imtina etməyi qanunvericilik normalarına əsasən icra sənədi üzrə icraata xitam verilməsi üçün deyil, icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması üçün əsas təşkil etdiyindən, bugünədək hesab etmişdir ki, icra məmuru da qanunvericiliyə uyğun olaraq icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərar qəbul etmişdir. Cavabdehin məhkəmə hazırlıq iclasında bildirdikləri əsasında tərəfindən məhkəməyə verilmiş sorğu əsasında 28 noyabr 2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 nömrəli, 31 oktyabr 2019-cu il tarixli icra sənədi ilə bağlı “icraata xitam verilməsi haqqında” 14 oktyabr 2020-ci tarixli qərarının surəti rəsmi qaydada ona təqdim olunmuşdur. Həmin qərarla tanış olduqda ona məlum olmuşdur ki, Şəki rayonu üzrə İcra və probasiya şccəsinin böyük icra məmuru Elburus Hacıyev tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələri rəhbər tutularaq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı, 31 oktyabr 2019-cu tarixli icra sənədinə xitam verilmişdir. Halbuki, icra məmurunun istinad etdiyi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsində icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilməsi nəzərdə tutulmuşdur. Sözügedən mübahisədə onun aliment tələbindən imtina etməyi borclunun icra sənədini tam icra etməsi kimi qələmə verilərək əsassız şəkildə icra sənədinin icrasına xitam verilmişdir. İcra məmuru onun sözügedən ərizəsi əsasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədini məhkəməyə geri qaytarmalı olduğu halda, öz səlahiyyət hədlərini aşaraq tamamilə qanunsuz şəkildə icra sənədi üzrə icraata xitam vermişdir. Nəticədə icra məmurunun sözügedən qərarı ucbatından o, müəyyən edilmiş aliment miqdarının artırılması tələbini irəli sürərkən prosessual çətinliklərlə qarşılaşmışdır ki, bu da nəticədə övladlarının öz ataları tərəfindən saxlanılmalı olmalarına dair hüquqlarını pozmaqdadır. Bu səbəbdən məhkəməyə müraciət edərək icra məmurunun adı çəkilən qərarının ləğv edilməsini xahiş etmək məcburiyyətində qalmışdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 8(060)-8/2023 nömrəli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) şikayət qismən təmin edilib, Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu iİ tarixli, 2(060)- 8352/2019 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.

7. Borclu qərardaddan şikayət vermişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 8(060)-8/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, icra məmuru icra sənədi üzrə icraata xitam verilməsinə əsas kimi icra sənədinin borclu tərəfindən tam şəkildə icra olunmasına, «İcra haqqında» Qanunun 20.1.5-ci maddəsinə istinad etmişdir. Halbuki iş materialına əlavə edilmiş İsmayılova Günel Araz qızı tərəfindən notarial qaydada xx.xx.2020-ci il tarixdə verilmiş ərizənin surətindən görünür ki, İsmayılova Günel Araz qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 nömrəli, 31 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə Borclu qarşı heç bir tələbi olmadığını bildirmiş və həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə olan halda «İcra haqqında» Qanunun tələblərinə uyğun olaraq, icra məmuru tələbkarın müvafiq icra sənədi üzrə tələbindən imtinasının qanuni hesab edilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etməli, yalnız bundan sonra məhkəmə qərarı əsasında məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə “İcra haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən sözügedən icra sənədi üzrə icraata xitam verilməli idi.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 15.2, 15.3-cü maddələri, «İcra Haqqında» Qanununun 20.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri

11. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən aliment təyin edilmə barədə qərar elan edildiyi andan tələbkarla razılaşdıqları anadək olan bütün müddətin alimenti vaxtlıvaxtında ödənilmişdir. xx.xx.2020-ci il tarixində tələbkarla aralarında razılaşma olmuş və buna görə də tələbkar Günel İsmayılova notarial ərizə verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə ona qarşı heç bir tələbinin olmadığını bildirmiş və həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bunadan sonra Şəki rayon İcra və probasiya şöbəsinin İcra məmuru Elburus Hacıyev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi” haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan 2 il sonra tələbkar X10 rayon İcra və probasiya şöbəsinin İcra məmuru Elburus Hacıyev tərəfindən “icraata xitam verilməsi” haqqında xx.xx.2020-ci il tarixli qərarından şikayət vermişdir. O şikayətində aliment təyin edildiyi andan və ondan sonra aliment artırılması barədə qətnamə qüvvəyə mindiyi andan tərəfindən qətnaməni icra etmədiyini və uşaqlarla birlikdə Türkiyə Cümhuriyyətinə getmək üçün atası olaraq onun razılığının alınması üçün məcburən icraata xitam verilmə barədə ərizə verdiyini bildirmişdir. X2 şikayətində göstərdiyi xüsusatlarla razılaşmır. Belə ki, yuxarıda qeyd etdiyi kimi tərəfindən xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvəyə mindiyi andan hər ay olmaqla aliment ödənilmişdir. Bundan sonra aliment məbləğinin artırılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8352/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında da tələbkar ərizə verənə kimi bütün aliment məbləğini ödəmişdir. İcra sənədləri üzrə aliment borcu olmamışdır. Məlum məsələdir ki, əgər onun borcu olsaydı icra sənədinə xitam verilə bilməzdi. Digər məsələ olan tələbkarın ərizə verməsi məsələsi ilə bağlı olaraq qeyd etmək istəyir ki, tələbkar birgə nikahlarından dünyaya gəlmiş uşaqlarla birlikdə xaricə getmək istədiyini və buna görə də onun razlıq verməyini xahiş etmişdir. Aralarında olan qarşılıqlı razılaşmaya əsasən ona notarial razılıq vermişdir ki, uşaqlar anası ilə xaricə sərbəst gedib-gələ bilsinlər. qarşı tərəf də, ona etdiyi bu fədəkarlığın qarşılığında aliment tələbindən notarial imtina etmişdir. Ona qarşı hər hansı bir təziqi olmamışdır. Məlumdur ki, əgər uşaqların xaricə getməsi ilə bağlı razılıq verməsəydi tələbkarın müraciəti ilə onun razılığı olmadan da xaricə getməsi üçün məhkəmə qətnamə çıxaracaqdır. Bunu bilə-bilə necə təzyiq edə bilərdi. Məhz buna görə də, tələbkar Günel İsmayılova öz şikayətində əsassız olaraq onu ittiham etmişdir.

b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

12. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

15. “İcra haqqında” Qanunun”

16. Maddə: 8.1-ci icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.

17. «İcra haqqında» Qanunun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir:

18. 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə;

19. 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə;

20. 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə;

21. 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə;

22. 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə;

23. 20.1.5. icra sənədi tam icra olunduqda.

24. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəyə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Şikayətdən görünür ki, borclu Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 8(060)-8/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

26. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır.

28. Belə ki, öyrənilən işin faktiki halları ilə müəyyən edilir ki, Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru xx.xx.2020-ci il tarixli qərarı qəbul edərkən tələbkarın notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsini əsas götürmüşdür.

29. Həmin ərizəyə əsasən X4 Araz qızı Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(060)-8352/2019 nömrəli icra sənədi üzrə Borclu qarşı heç bir tələbi olmadığını bildirmiş və həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

30. Şikayətin dəlillərindən görünür ki, tələbkar ərizəni könüllü və öz iradə ifadəsinə uyğun olaraq yazmışdır. Belə ki, tələbkar özü də ərizəsində etiraf edir ki, o həmin vaxt uşaqları ilə birlikdə Türkiyə Respublikasına gedirdi. Bundan əlavə işin təhlil edilən hallarından görünür ki, tələbkar icradan imtina barədə ərizəni xx.xx.2020-ci il tarixdə yazmışdır.

31. Kollegiya qeyd edir ki, qanunvericilik “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsinin mübahisələndirilməsinə, onun hansı məhkəmədə, icra orqanının yerləşdiyi, tələbkarın və ya borclunun olduğu yerin məhkəməsində baxılmalı olmasına konkret qadağa qoymasa da, həmin qərarın qəbul edilməsinin prosedur qaydası, həmçinin ləğv edilməsi üçün konkret müddət qoymuş, bununla bağlı müvafiq məhdudiyyətlər müəyyən etmişdir.

32. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.

33. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir.

34. Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir.

35. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır.

36. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir.

37. Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi).

38. Beləliklə araşdırılan işdən görünür ki, Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmurunun mübahisələndirilən qərarı xx.xx.2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, tələbkar həmin qərarın qəbul edilməsindən təxminən 2 il 2 ay keçəndən sonra məhkəməyə müraciət etmişdir. Halbuki tələbkar yuxarıda qeyd olunduğu kimi ərizəni özü yazmış, notarial qaydada təsdiq etdirmişdir. Hətta tələbkar bu illər ərzində ona aliment ödənilməməsindən də xəbərdar idi. Belə olan kollegiya hesab edir ki, tələbkarın ilk vaxtlardan həmin qərarın mövcudluğundan xəbərdar olmamamsı ağalabatan və inandırıcı görünmür.

39. Göründüyü kimi birinci instansiya məhkəməsi tələbkarın müraciətinə baxarkən yuxarıda qeyd olunanlara, həmçinin müddətin keçib-keçməməsinə xüsusi əhəmiyyət verməmiş, müvafiq icra işini tələb edərək qeyd olunanlara aydınlıq gətirməmişdir.

40. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-8/2023 nömrəli qərardadı tam, bu qərardadla bağlı məhkəmənin 13 fevral 2023-cü il tarixli, 8(060)-8/2023 nömrəli qərardadı qismən, “şikayətin təmin edilməyən” hissəsində ləğv edilərək, ərizə və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

42. Kollegiya əlavə olaraq izah edir ki, aliment tələbi ilə bağlı mübahisələr davam edən mübahisələr sırasına aid olduğundan, hazırki icra sənədi üzrə icraata xitam verilməsi, tələbkarın aliment tələbi ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə r a r a a l d ı:

Borclu tərəfindən tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-8/2023 nömrəli qərardadı tam, bu qərardadla bağlı məhkəmənin 13 fevral 2023-cü il tarixli, 8(060)-8/2023 nömrəli qərardadı qismən “şikayətin təmin edilməyən” hissəsində ləğv edilərək, ərizə prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar