Məhkəmə qərarları › İş №8(105)-35/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-35/2022

29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-35/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(028)-4/2022 saylı qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Qubadlı Rayon Məhkəməsinin 2(028)-681 saylı, 23.06.2016-cı il tarixli icra sənədinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə 4380,83 manat borc və 20 manat dövlət rüsumu tutulmalıdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov zəruri icra hərəkətlərinin təmin edilməsi məqsədi ilə məhkəməyə təqdimatla müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-681 saylı, 23.06.2016-cı il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(028)-4/2022 saylı qərardadı ilə təqdimat rədd edilərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 681 saylı, 23.06.2016-cı il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməmişdir. Həmin qərardaddan Tələbkar ASC şikayət verərək, Qubadlı Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(028)-4/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 8(028)-4/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(028)-4/2022 saylı qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi təqdimatı rədd edərkən, ona əsaslanmışdır ki, 2(028)- 681 saylı, 23.06.2016-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatı kifayət qədər əsaslandırılmamış, icra vərəqəsi üzrə borclu 30.04.2018-ci il tarixdə bildirişlə tanış edilmiş, onun əmlak vəziyyəti araşdırılmamış, başqa sözlə icra məmuru üçün məcburi xarakter daşıyan “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın normalarının tələblərinə icra məmuru tərəfindən riayət olunmamışdır. Habelə «Borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimata icra sənədlərinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsini təsdiq edən heç bir mötəbər, inandırıcı və təkzibolunmaz sübutlar əlavə edilməmişdir. Bu səbəbdən təqdimat əsassız hesab edilərək, rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi təqdimatı təmin etməsə də, ətraflı araşdırma aparmayıb, icra işini tələb edib icra məmurunun hazırki təqdimatınadək gördüyü tədbirlərin kfayət olub-olmamasını yoxlamamışdır. Məhkəmə kollegiyası qərarla razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» AR Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verimiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarından aydın olduğu kimi, icra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi 13.07.2016-cı il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra hərəkətlərinə başlanılmış və borcluya bu haqda xəbər verilmişdir. Lakin borclu icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etməmiş və məcburi icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Təqdimatdan görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə hər hansı məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının, pensiyasının, təqaüdünün və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirlərinin görülməsi və müvafiq qurumlara sorğuların göndərilməsinə dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Baxmayaraq ki, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olubolmamasını yoxlamalıdır. Əgər tərəflər (borclu və borcun qaytarılmalı olduğu şəxs) icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət edirsə, icra sənədi üzrə tələb borclunun əmlakına yönəldilirsə və bir sıra digər hallarda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materialları ilə müəyyən olunur ki, icra sənədi 13.07.2016-cı ildə icraata daxil olsa da, borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmişdir. İcra məmurunun təqdimatı isə kifayət qədər əsaslandırılmamışdır. İşə baxan məhkəmə isə daha öncə istinad edilən Təlimata icra məmuru tərəfindən əməl edilib-edilməməsini araşdırmadan mübahisələndirilən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı, şərh edilən qaydada rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən sadalanan xüsusatları nəzərə almalı, ondan sonra mübahisəyə hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(028)-4/2022 saylı qərardadı ləğv edilsin. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Qubadlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar