Məhkəmə qərarları › İş №8(105)-35/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-35/2023

09.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-35/2023 09.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X4 ibarət tərkibdə X1 və Mütəllimli Həsrət Əzizulla oğlu məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinin rədd edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-917/2023 nömrəli qərardadından X6 Əzizulla oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X1 və Mütəllimli Həsrət Əzizulla oğlu «məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair» ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası MPMnin 231-ci, “İcra Haqqında” Qanununun 15-ci və “İpoteka Haqqında” Qanununun 39.4-cü maddəsinin tələblərini, nəvələrinin körpə olmasını və qış vaxtı olmasını nəzərə alaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 197-yə tutmanın yönəldilməsi, mənzildən çıxarılma və boşaldılmasına 1 il müddətinə möhlət verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-917/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadına əsasən X1nın və Mütəllimli Həsrət Əzizulla oğlunun məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X1 və Mütəllimli Həsrət Əzizulla oğlu məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-917/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-917/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadından X1 və Mütəllimli Həsrət Əzizulla oğlu tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-9/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 8(060)-917/2022 nömrəli qərardadından X1 və Mütəllimli Həsrət Əzizulla oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilərək, mülki işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra, X6 Əzizulla oğlu xx.xx.2023-cü il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-917/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, əks təqdirdə işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-917/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətin qanunvericilikdə şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət buraxıldığından baxılmadan geri qaytarılması qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Hazırda X6 Əzizulla oğlu Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-917/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunması xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-917/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı qeyri qanuni və əsassızdır, həmin qərardad ləğv olunmalıdır. Tərəflərindən şikayət verilməsi üçün müddət ötürülməmişdir. Sumqayıt Şəhər Məhkəməsininxx.xx.2023cü il tarixli qərardadında göstərilmişdir ki, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. xx.xx.2022-ci ildə qərardad onlara apellyasiya məhkəməsində təqdim edilmiş, poçt vasitəsi ilə xx.xx.2023-cü ildə rəsmi qaydada almış, xx.xx.2023-cü ildə elektron poçt vasitəsi ilə şikayət vermişlər. Belə olan halda tərəflərindən müddət ötürlməmişdir. Çox təəssüf ki, məhkəmə bu faktları araşdırmamış, həmin faktlara hüquqi qiymət verməmişdir. Məhkəmə bu işi tam araşdırmamış, səhv nəticəyə gəlmişdir. Məhkəmədə bildirmişlər ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə,197-ci ünvandakı ev onların yeganə yaşayış yeridir, başqa evləri və digər mülk və əmlakları yoxdur, təqaüdçüdürlər, kirayə pulunu belə ödəməyə imkanları yoxdur. Havaların daha soyuq keçdiyi belə bir vaxtda bütün ailə üzvləri ilə, körpə nəvələri ilə birlikdə küçəyə atılmaq onlar üçün əsl faciədir. Onlar məcbur olaraq məhkəməyə müraciət edərək mənzildən çıxarılmaya bir il müddətinə möhlət verilməsini xahiş etmişlər. Himayələrində 5-i azyaşlı olmaqla 9 nəfər var. 10 nəfər onun aldığı 134 manat təqaüdlə yaşayır. Məhkəmə bu işi araşdırmamış, tələbkarın mənafeyinin nəzərə alınmaqla vəsatətini təmin etməmişdir. Məhkəmə İcra Haqqında AR Qanununun 49.2-ci maddəsinin tələblərinə zidd olaraq möhlət verilməsinə dair vəsatəti rədd etməklə haqlı olmamışdır. Tələbkarın mənafeyinə tərəflərindən hər hansı bir xələl gətirilməmişdir, əksinə bayıra atılmaqla düşdükləri ağır durum məhkəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)- 917/2023 nömrəli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022ci il tarixli 8(060)-917/2022 nömrəli qərardadından şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət X6 Əzizulla oğlu tərəfindən ötürülməmiş hesab olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin materiallarından da göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-917/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı borclular tərəfindən xx.xx.2022-ci il tarixdə (həmin tarixdən prosessual müddətin axımı başlamış) qəbul edilməsinə baxmayaraq, şikayət elektron qaydada xx.xx.2023-cü il tarixdə, yəni qanunvercilikdə nəzərdə tutulmuş müddət bitdikdən sonra verilmişdir. İş materiallarından aydın olur ki, X1nın və Mütəllimli Həsrət Əzizulla oğlunun məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 8(060)-917/2022 nömrəli qərardadından borclular tərəfindən veilmiş şikayətə apellyasiya qaydasında baxılması Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 8(105)-9/2023 nömrəli qərardadı ilə şikayətin elektron qaydada verilməməsi əsası ilə qeyri-mümkün hesab edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. X6 Əzizulla oğlu qərardadda göstərilən nöqsanı aradan qaldırmaqla qərardaddan təkrar şikayət vermişdir. Göründüyü kimi prosessual nöqsan səbəbindən borclular tərəfindən verilən şikayətin qeyri-mümkün sayılması onların qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda, borclunun qərardaddan verdiyi şikayətin qanunla nəzərdə tutulmuş müddət daxilində verilməməsi əsası ilə geri qaytarılmasına heç bir zərurət yoxdur, şikayətin bu əsasla geri qaytarılması ədalətli yanaşma hesab edilə bilməz. Eləcə də bu hal hər hansı ciddi zərurət olmadan tərəflərin prosessual hüquqlarının məhdudlaşmasına xidmət etdiyindən kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyini qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göründüyü kimi birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-917/2023 nömrəli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 8(060)-917/2022 nömrəli qərardadından şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət X6 Əzizulla oğlu tərəfindən ötürülməmiş hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 8(060)-917/2023 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 8(060)-917/2022 nömrəli qərardadından şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət X6 Əzizulla oğlu tərəfindən ötürülməmiş hesab olunsun. Şikayət qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar