Məhkəmə qərarları › İş №8(105)-35/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-35/2025

04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-35/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(034)-248/2024-012 nömrəli icra sənədinə izah verilməsi ilə bağlı Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin ərizəsinin təmin edilməməsi barədə həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli 8(034)-4/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə ərizə ilə məhkəməyə müraciət edərək, “İcra haqqında” Qanunun 14-cü maddəsinə əsasən Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(034)-248/2024-012 nömrəli icra vərəqəsinin borclu (cavabdeh) X2 tələbkar (iddiaçı) Tələbkar barəsində “alçaq, şərəfsiz, pedafil” kimi yaymış olduğu məlumatlara dair təkzib verməsi hissəsində ünvanla (icra yeri ilə) bağlı qeyri-müəyyənlik olduğundan bu məsələyə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qaradağ rayon İcra şöbəsinin icraatında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(034)-248/2024-012 nömrəli icra vərəqəsinə əsasən borclu (cavabdeh) X5 tərəfindən tələbkar (iddiaçı) Tələbkar barəsində “alçaq, şərəfsiz, pedafil” kimi yaymış olduğu məlumatlara dair təkzib verilməlidir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra vərəqəsi üzrə borclu X5 xx.xx.2024-cü il tarixdə saat 16:00-da Qaradağ rayon İcra şöbəsinin inzibati binasına icra məmurunun xidməti otağına çağırışa əsəsən gəlmiş, xidməti otaqda icra vərəqəsi üzrə Tələbkar icra vərəqəsində ondan tələb olunan ifadələrə, yəni “alçaq, şərəfsiz, pedafil” kimi sözlərə dair yazılı və şifahi şəkildə təkzib versə də, Tələbkar bu təkziblə qane olmayaraq, ona qarşı bu təhqiramiz ifadələrin işlədildiyi ünvanda – Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqın və Məcburi köçkün şəhərciyində yerləşən “Al Market”in qarşısında təkzib verilməli olduğunu bildirmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(034)- 248/2024-012 nömrəli icra vərəqəsinin cavabdeh X2 iddiaçı Tələbkar barəsində “alçaq, şərəfsiz, pedafil” kimi yaymış olduğu məklumatlara dair təkzib verməsi hissəsində ünvanla (icra yeri ilə) bağlı qeyri-müəyyənlik olduğundan bu məsələyə izah verilməsi xahiş edilmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)-4/2024 nömrəli qərardadı ilə icra məmurunun icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan tələbkar Mirzəyev X6 Rayon Məhkəməsinə şikayət verərək, Məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(034)-4/2024 nömrəli qərardadının ləğv edilməsini, qətnaməyə izah verilməsi barədə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin ərizəsinin təmin olunmasını və Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)- 248/2024 nömrəli qətnaməsinə izah verilərək “cavabdeh X5 tərəfindən barəsində yaymış olduğu “alçaq, şərəfsiz, pedafil” kimi təhqiramiz ifadələrə dair bu ifadələri işlətdiyi ünvanda, yəni Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqın və Məcburi köçkün şəhərciyində yerləşən “Al Market”in qarşısında camaatın olduğu yerdə onun iştirakı ilə təkzib verilməsi” barədə qərardad qəbul edilməsini, şikayəti təmin olunmadığı təqdirdə apellyasiya qaydasında baxılması üçün materialla birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(034)-4/2024 nömrəli qərardadı ilə Tələbkar şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, Tələbkar şikayəti təmin edilməməli və Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(034)-4/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Zəngilan Rayon Məhkəməsi xx.xx.2024-cü il, həmçinin xx.xx.2025-ci il tarixli qərardadlarında Tələbkar razılaşmadığı və şikayət verdiyi məsələ ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(034)- 248/2024 nömrəli qətnaməsi kifayət qədər aydın, anlaşılan ifadələrlə tərtib edilmiş, qətnamənin nəticə hissəsində qətnamənin icra qaydası və üsulu dəqiq göstərilmiş, qətnaməyə əsasən verilmiş icra vərəqəsinin məzmununda hər hansı anlaşılmazlıq olmamış, həmçinin icra məmurunun, hal şahidlərinin, tələbkarın və borclunun iştirakı ilə tərtib edilmiş aktdan da göründüyü kimi cavabdeh X5 qətnamənin icrası ilə əlaqədar olaraq həm şifahi, həm də yazılı şəkildə icra vərəqəsində göstərilən sözləri artıq təkzib etmişdir. Bundan başqa, 2(034)-248/2024 nömrəli mülki işin materiallarında məhkəmənin müvafiq qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə tərəflərin hər hansı birinin müraciəti və bu barədə məhkəmə qərardadı mövcud deyildir. Belə olan halda, məhkəmə qətnaməsi nəticə hissəsində qeyd olunduğu kimi və icra haqqında qanunun tələblərinə uyğun icra edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bu nəticəyə gəlməsini əsaslandırdığı dəlillərlə razılaşır. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(034)- 248/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh X4 qarşı “şərəf və ləyaqətin müdafiəsi, vurulmuş maddi və mənəvi ziyana görə pul tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun şərəf və ləyaqətini ləkələdiyinə görə cavabdeh X2 üzərinə barəsində yaydığı şərəf və ləyaqətini ləkələyən məlumatların düz olmadığını göstərərək təkzib etmək və ondan həm yazılı, həm də şifahi formada üzr istəmək vəzifəsinin qoyulması, həmçinin vurulmuş mənəvi zərərə görə cavabdehdən 3000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 iddiaçı Tələbkar barəsində “alçaq, şərəfsiz, pedafil” kimi yaymış olduğu məlumatlara dair təkzib verməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra vərəqəsi çıxarılaraq aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Qaradağ rayon İcra şöbəsində icra vərəqəsinin icrası zamanı icra vərəqəsi üzrə borclu X5 icra məmurunun xidməti otağında icra vərəqəsi üzrə Tələbkar iştirakı ilə icra vərəqəsində ondan tələb olunan öhdəliyi icra etmiş, yəni “alçaq, şərəfsiz, pedafil” sözlərinə dair yazılı və şifahi şəkildə təkzib vermiş, bununla icra tələbini yerinə yetirmiş, lakin Tələbkar bu cür təkzibə qane olmayaraq, ona qarşı təhqiramiz ifadələrin işlədildiyi ünvanda – Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqın və Məcburi köçkün şəhərciyində yerləşən “Al Market”in qarşısında təkzib verilməli olduğunu bildirmiş, ona görə də icra məmuru sözügedən icra vərəqəsi üzrə borclunun (cavabdehin) təkzib verməli olduğu ünvanla (icra yeri ilə) bağlı izah verilməsi üçün ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edildiyi kimi, məhkəmə ərizənin təmin olunmamasına dair qərardad qəbul etmiş, qərardadda həmçinin icra vərəqəsinin artıq icra olunduğunu, buna qədər isə müvafiq qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə tərəfin (iddiaçının) məhkəməyə müraciətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Eyni Məcəllənin 230-cu maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır... Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir... Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. İş materiallarından görünür ki, iddiaçı Tələbkar iddia ərizəsində cavabdehin onun barəsində yaydığı şərəf və ləyaqətini ləkələyən məlumatları təkzib etməsinin qaydası (icra yeri və üsulu) ilə bağlı tələb irəli sürməmiş, habelə bu məsələ işə baxılması zamanı müzakirə olunmamış, ona görə də iş üzrə qəbul edilmiş qətnamədə cavabdehin müəyyən hərəkətləri etmək (yaydığı şərəf və ləyaqəti ləkələyən məlumatları təkzib etmək) vəzifəsi ümumi (mücərrəd) şəkildə qət edilmişdir. İddiaçı sonradan da qətnamə icra edilənədək onun icra üsulunun və qaydasının (o cümlədən icra yerinin) dəyişdirilməsi (müəyyən olunması) ilə bağlı məhkəməyə müraciət etməmişdir. Belə olduğu halda icra məmuru icra vərəqəsində borclunun üzərinə qoyulmuş vəzifəni sonuncuya icra etdirmək qaydasını və üsulunu, o cümlədən icra yerini özü müəyyən etməyə haqlıdır və belə məkan kimi bir qayda olaraq icra məmurunun iş yeri nəzərdə tutulur. Ona görə də birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadında düzgün olaraq vurğulamışdır ki, məhkəmə qətnaməsi nəticə hissəsində qeyd olunduğu kimi və icra haqqında qanunun tələblərinə uyğun icra edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(034)-4/2024 nömrəli qərardadı qanuni və əsaslıdır. İcra vərəqəsi üzrə Tələbkar verdiyi şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsinə əsas vermir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin hazırkı qəbildən olan qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İcra vərəqəsi üzrə tələbkar (iddiaçı) Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli 8(034)-4/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar