Məhkəmə qərarları › İş №8(105)-36/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-36/2022

17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-36/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(028)-3/2022 saylı qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(028)-3/2022 saylı qərardadı ilə (sədrlik edən, hakim Vladimir Ruvinov) Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun Qubadlı Rayon Məhkəməsinin 2(028)-364 saylı, 05.04.2016-cı il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatının təmin edilməməsi qərara alınmış, tələbkar qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-364 saylı, 05.04.2016-cı il tarixli icra sənədinə əsasən Borclu Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2392 manat 79 qəpik məbləğində əsas, 361 manat 26 qəpik faiz, cəmi 2754 manat 05 qəpik borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Qubadlı Rayon Məhkəməsinin 2(028)-364 saylı, 05.04.2016-cı il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmiş və təqdimatını onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-364 saylı, 05.04.2016-cı il tarixli icra sənədinə əsasən Borclu cəmi 2754,05 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İcra sənədi 31.05.2016-cı il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra hərəkətlərinə başlanılmış və borcluya bu barədə xəbər verilmişdir. Lakin borclu icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etməmiş və məcburi icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Borclu ölkədən getməsi ehtimalı olduğundan ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Qubadlı Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(028)-3/2022 saylı qərardadı ilə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatının təmin edilməməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, qərardadla təqdimatın təmin edilməməsi icra sənədinin icra edilməsinə maneəçilik yaratmışdır. Belə ki, iş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə əmri icrasız qalmışdır. Məhkəmə əmri ilə müəyyən edilmiş məbləğin uzun müddət tələbkara qaytarılmaması konstitusion prinsiplər baxımından tələbkarın hüquqlarının pozulmasına dəlalət edir. Şikayətdə iş üzrə qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tələbkarın şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-364 saylı, 05.04.2016-cı il tarixli məhkəmə əmrinə əsasən Borclu Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2392 manat 79 qəpik məbləğində əsas, 361 manat 26 qəpik faiz, cəmi 2754 manat 05 qəpik borc və 20 manat dövlət rüsumu tutulmalıdır. Həmin məhkəmə əmri əsasında Qubadlı rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən 31 may 2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair dair 4 saylı protokolunun 2-ci maddəsinə görə hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu huquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azdlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. “İcra haqqında” qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.4-cü bəndinə görə təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İş materiallarında icra məmuru tərəfindən borclunun icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərinin müəyyənləşdirilib-müəyyənləşdirilməməsini, borclunun əmlakının axtarılması üçün icra məmuru tərəfindən bütün tədbirlərin həyata keçirilibkeçirilməməsini, həmçinin borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasının yoxlanılmasını təsdiq edən hər hansı sənəd yoxdur. Həmçinin təqdimata icraat materialının surəti də əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, Abşeron rayon İcra və probasiya şöbəsinin şikayətdə göstərilən dəlillərini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan və işdə, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 397- 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. İş üzrə Qubadlı Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(028)-3/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar