Məhkəmə qərarları › İş №8(105)-36/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-36/2023

14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-36/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar X3na qarşı iş üzrə (Açar sözlər: qərarın icrasına möhlət verilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi ilə, X2 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4871/2022 saylı qərarının icrasına möhlət verilməsi barədə ərizəsi üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 8(060)-174/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(060)-1088/2014 nömrəli qətnaməsi ilə (hakim Nəriman Abıyev) iddia tələbi təmin edilərək, cavabdeh X7 məxsus avadanlıqların Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22 B-də yerləşən qarajdan çıxarılması və qarajın Tələbkar qaytarılması qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 fevral 2016-cı il tarixii, 2(105)-13/2016 nömrəli qətnaməsi ilə (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kellegiyasının 2(105)-13/2016 nömrəli, 4 fevral 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılması, cavabdeh X7 məxsus avadanlıqların Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22 B-də yerləşən qarajdan çıxarılması və qarajın Tələbkar qaytarılması qət edilmişdir.

4. X3 məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4871/2022 saylı qərarının icrasına 1 il möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli 2(102)-4871/2022 saylı qərarına əsasən ona məxsus avadanlıqların Sumqayıt şəhəri, 11-ci mkr, ev 22b-də yerləşən qarajdan çıxarılması və qarajın Tələbkar qaytarılması qərara alınmışdır. Həmin qərar üzrə icra vərəqəsi icraya yönəldilmiş və icra məmuru tərəfindən icra işi başlanmışdır. İcra məmuru könüllü olaraq qarajı təhvil vermək üçün ona 10 gün möhlət vermişdir. Hazırda bu qərarın icrasına möhlət verilməsi zərurəti vardır. Belə ki, həmin qarajda o, uzun illərdir ki, istehsalla məşğuldur. Hazırda bir çox şəxslər qarşısında verilmiş sifarişlər əsasında öhdəlikləri yaranmışdır. Həmin məhsulların istehsalı üçün xammalların alınmasına küllü miqdarda vəsait sərf etmiş və bəzi vəsaitlər isə yaxın dostlardan borc alınmışdır. Hazırda istehsalı dayandırmaq və avadanlıqların qarajdan çıxarılması onu böyük məhrumiyyətlərə və külli miqdarda borclanmaya, eləcə də sifarişlərini götürdüyü şəxslər qarşısında böyük öhdəliklər altında qalaraq, faktiki olaraq bir usta kimi məhv olmağına gətirib çıxara bilər. Ona görə də belə hesab edir ki, bu hadisələrin qarşısını almaq üçün qərarın icrasına möhlət verilməsi zəruridir. AR MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Onun vəziyyətində isə sifarişçi şəxslər qarşısında öhdəliklərinin icra edilməsi, eləcə də xammal üçün aldığı borcların qaytarılmasına şərait yaradılması üçün bu qərarın icrasına 1 il möhlət verilməsi zəruridir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) X2 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4871/2022 saylı qərarının icrasına 1 il möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 8 ildən çox müddətə davam etmiş məhkəmə mübahisəsinin sonunda qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4871/2022 saylı qərarının icrasına heç bir əsas olmadan 1 il möhlət verilməsi tələbkarın pozulmuş hüquqlarının real müdafiəsi müddətini hədsiz uzada və onun hüquqlarının əsassız məhdudlaşdırılmasına yönələ bilər. Belə olan halda qərarın icrasına möhlət verilməsi iddiaçının məhkəmə müdafiəsi hüququnun ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqlarının bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxaracaqdır.

8. Həmin qərardaddan X3 şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-174/2023 nömrəli qərardadının ləğv edilərək, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)- 174/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması, X2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-174/2023 saylı qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-268-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

a) Şikayətin dəlilləri

12. X3 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qərarına əsasən icra vərəqəsi icraya yönəldilmiş və icra məmuru tərəfindən icra işi başlanmışdır. İcra məmuru könüllü olaraq qarajı təhvil vermək üçün ona 10 gün möhlət vermişdir. Həmin qarajda o, uzun illərdir ki, istehsalla məşğuldur. Hazırda bir çox şəxslər qarşısında verilmiş sifarişlər əsasında öhdəlikləri yaranmışdır. Həmin məhsulların istehsalı üçün xammalların alınmasına küllü miqdarda vəsait sərf etmiş və bəzi vəsaitlər isə yaxın dostlardan borc alınmışdır. Hazırda istehsalı dayandırmaq və avadanlıqların qarajdan çıxarılması onu böyük məhrumiyyətlərə və küllü miqdarda borclanmaya, eləcə də sifarişlərini götürdüyü şəxslər qarşısında böyük öhdəliklıər altında qalaraq, faktiki olaraq bir usta kimi məhv olmağına gətirib çıxara bilər. Ona görə də belə hesab edir ki, bu hadisələrin qarşısını almaq üçün qərarın icrasına möhlət verilməsi zəruridir. O, bu əsaslarla qətnamənin icrasına möhlət verilməsi xahişi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə ərizəsini təmin etməmişdir. Əgər məhkəmə onun ərizədə göstərilən dəlil və əsaslarını tam, obyektiv, hərtərəfli araşdırsaydı, bu zaman tam fərqli qərar qəbul edər və ərizəni təmin edərdi. Çünki o, qərasrın icrasından imtina etmir və dərk edir ki, məhkəmə qərarı icra edilməlidir. Sadəcə olaraq o, faktiki real halları nəzərə alaraq bu qərarın icrasına möhlət istəyir ki, istehsalını başqa qarajda yenidən qurmağa, əlində olan sifarişləri və öhdəlikləri tam yerinə yetirməyə zamanı olsun. O, belə hesab edir ki, onun ərizə və gətirdiyi dəlillər əsaslıdır və məhkəmə işinin xüsusiyyətlərini, istehsalın qısa zamanda başqa məkanda bərpa edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq ərizəni təmin etməli idi. Amma məhkəmə onun ərizəsinə və dəlillərinə formal yanaşmış və ərizəni təmin etməməklə hüquqlarını pozmuşdur. Məhkəmə qərardadında göstərmişdir ki, o, ərizədə göstərilən halları sübut edə bilməmişdir. Amma işin hallarında da görünür ki, o, istehsalla məşğuldur və icra məmurunun verdiyi 10 günlük müddətə istehsalını başqa əraziyə daşımağa və orada yeni istehsal sahəsi qurmağa imkansızdır. Bunun üçün müəyyən müddət lazımdır. Bir il də olmasa heç olmasa 6 ay müddət verməyə məhkəmin əsasları olduğu halda, ərizəni tam olaraq rədd etməkdə məhkəmə haqlı olmamışdır.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya baxışının hədləri

12. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2023cü il tarixli 8(060)-174/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

13. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 8(060)-174/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

14. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 8(060)-174/2023 nömrəli və bununla bağlı 16 fevral 2023-cü il tarixli 8(060)-174/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

17. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

18. Göründüyü kimi qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur və qətnamənin icrasına möhlət verilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır.

19. Eyni zamanda qətnamənin icrasına möhlət verilməsi qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir.

20. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.

21. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı.

22. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir.

23. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı».

24. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir.

25. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir.

26. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.

27. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırarq hesab edir ki, məhkəmə aktının icrasına möhlət verilməsi məhkəmə aktının icra müddətini həddən artıq uzatmaqla tələbkarın qanuni mənafeyini, eləcə də məhkəmə qərarlarının icrası ilə bağlı ağlabatanlıq və ədalətlilik meyarlarını pozmuş olar.

28. Həmcinin, işin müəyyən edilmiş hallarından göründüyü kimi X9 ərizəsində bir çox şəxslər qarşısında verilmiş sifarişlər əsasında öhdəlikləri yarandığını, həmin məhsulların istehsalı üçün xammalların alınmasına külli miqdarda vəsait sərf etdiyini və bununla bağlı borc götürdüyünü bildirsə də, ərizəsinə bu halları təsdiq edən hər hansı sübut əlavə etməmişdir.

29. Məhkəmə kolegiyası birinci intansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxtdan hazırkı vaxtadək keçən müddəti (8 il), bu müddət ərzində borclunun məhkəmə aktının icrasına möhlət verilməsinin əsası kimi istinad etdiyi halların aradan qaldırılması ilə bağlı hər hansı hərəkət etməməsi ilə bağlı xüsusatları nəzərə alır.

9. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 8(060)-174/2023 nömrəli və bununla bağlı 16 fevral 2023-cü il tarixli 8(060)-174/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

X2 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 8(060)-174/2023 nömrəli və bununla bağlı 16 fevral 2023-cü il tarixli 8(060)-174/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar