Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-36/2024 13.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-473/2023-003 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim H.Əhmədov) Abşeron Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 16(012)-43/2023 nömrəli qərardadı ilə əlaqədar icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 16(012)-43/2023 nömrəli qərardadına aşağıdakı məzmunda izah verilməsi, Qərardadda “hər hansı tikinti işlərinin aparılması” göstərildiyindən, həmin anlam “daxili və xarici təmir, bərpa, tikinti” kimi anlaşılmalı və icra sənədinə əsasən icra olunmalıdır” qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 8(012)-473/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Abşeron Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 16(012)-43/2023 nömrəli qərardadına dair verilmiş icra sənədinə əsasən, mülki işə baxılıb qurtaranadək ünvan 1 ünvanında hər hansı tikinti işlərinin aparılması cavabdeh Borclu və başqa şəxslərə qadağan edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadının ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, göründüyü kimi məhkəmənin 14 sentyabr 2023cü il tarixli qərardada izah verilməsi barədə qərardadı ilə tikinti və təmir anlayışları fərqli anlayışlar olduğu halda həmin anlayışları eyniləşdirmişdir. Başa çatmış tikilidə təmir işlərinin aparılmasının qadağan edilməsi (bunun üçün əsaslar olmadığı halda) barədə qərardadı ilə cavabdeh Borclu mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilə edilmiş, bununla da cavabdeh Borclu mülkiyyət hüququ pozulmuşdur. Lakin məhkəmələr tərəfindən dövlət hakimiyyətinin bir qolu kimi mülkiyyətə müdaxilənin qarşısı alınmalıdır. Göründüyü kimi qanun mülki işlər üzrə yekun məhkəmə aktını izah etməyə müəyyən şərtlər daxilində icazə verir. Lakin həmin yekun məhkəmə aktı qətnamə ola bilər. Bundan başqa yuxarıda qeyd etdiyi qanun norması qətnamənin yalnız məzmununu dəyişdirmədən izah edilməsinə imkan yaradır. Lakin hazırda məhkəmə qərardadının məzmunu tamamilə dəyişdirilmişdir. Qərardadı qəbul etmiş məhkəmənin özünün əsaslandığı “məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Ali Məhkəmənin sözügedən qərarında da məhkəmənin qətnaməsinin izah edilməsinə münasibət bildirilmişdir. Bundan başqa Ali Məhkəmənin həmin qərarında qətnamənin izah edilməsi yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmədiyi halda Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə 02 fevral 2023-cü il tarixli qərardadın məzmunu dəyişdirilmiş, tikinti işlərinin aparılması qadağan edildiyi halda qərardada izah verərək təmir bərpa işlərinin aparılmasını da qadağan etmişdir. Lakin iddiaçının müraciəti əsasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(012)-32/2024 nömrəli qərardadı ilə təmir işlərinin aparılması cavabdeh Borclu və digər şəxslərə qadağan edilmişdir. Həmin ərizədə iddiaçı Abşeron Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərardadı haqqında ətraflı məlumat vermişdir. Əgər tikinti işlərinin aparılması xarici və daxili təmir, bərpa, tikinti işlərinin hamısını əhatə etməlidirsə məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli ərizənin təmin edilməsi barədə qərardadı qəbul edilməzdi və təmir işlərinin aparılmasının qadağan edilməsi barədə qərardadın olmasının təmir işlərini də əhatə etməsi əsası ilə müvəqqəti təminat tədbiri barədə ərizə rədd edilərdi. Göründüyü kimi xx.xx.2024-cü il tarixli qərardadı qəbul edərkən məhkəmə təmir və tikinti anlayışlarını fərqli anlayış kimi qəbul etmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(012)-32/2024 nömrəli qərardadı ləğv edilmiş, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı tikintinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 2 ünvanında Borclu tərəfindən inşa edilmiş tikilidə hər hansı təmir-bərpa işlərinin aparılmasının Borclu və başqa şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri ləğv edilmişdir. Yuxarıda göstərilən hallar Abşeron Rayon Məhkəməsinin 8(012)-473/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının qanunsuz və əsassız olduğunu və ləğv edilməli olduğunu göstərir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini əsaslı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli və onunla bağlı 15 fevral 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-36/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-36/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver