Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-37/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi barədə tələbkar X5 ərizəsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-104/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərardadından borclu Rüstəmova (Nəsirova) Təranə Raqif qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: S.Ə.Nəsirov və A.H.Nəsirova ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 icra məmuru Ramil Babayevin xx.xx.2022-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarını ləğv edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019- cu il tarixli icra sənədinin icra edilməsi üçün yenidən Cavabdeh1 barədə qərardad çıxarılmasını xahiş etmişlər. Ərizəni onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6488/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 babaları X11 və nənələri X7 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək analarının iştirakı olmadan görüşmələri müəyyən edilmişdir. Lakin sözü gedən qətnamə bugünədək icra edilmir, onun icrasından yayınılır. Belə ki, onlar nənə və baba olaraq Cavabdeh1 icra məmuru Ramil Babayev tərəfindən xx.xx.2022-ci il tarixli qərarla tanış olmuşlar və həmin qərarın surəti onlara xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Bu yazılan qərar onları qane etməyərək onların hüquqlarına toxunur, ümumiyyətlə qanunun tələbinə cavab vermir. Hazırki işdə ümumiyyətlə icra sənədi icra edilməmiş, icra edilməsi ilə bağlı olaraq hər hansı bir tədbir görülməmişdir. Məhz bu səbəbdən İcra haqqında Qanunun 70.4-cü maddəsinə əsaslanaraq Cavabdeh1 icra məmuru Ramil Babayev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar tamamilə əsassızdır. Belə ki, sözü gedən qərar yalan, qərəzli olaraq Ramil Babayevin öz marağına uyğun çıxarılıb. İcraçı özü şəxsən dedi ki, o, bacarmır. Onun dəfələrlə psixoloq, qəyyumluq, təhsil şöbələrindən birgə komissiya təşkil edilməsi barədə xahişi təmin edilməmişdir. Nəvələri üzü divara tərəf dayanıb onlarla görüşmək istəmədilər. Buna sübut şəkillər mövcuddur. Hər görüş yarım saat vaxt aparıb tez-tələsik mənasız aktlar tərtib olunmuşdur. Aktda yazıldı ki, uşaqlar istəmirlər. Səbəb, fakt, sübut isə yoxdur. Hətta 2-ci görüşdə uşaqlar deyir onlar Təranənin oğlu və qızıdırlar. Ana uşaqların dediyini təsdiq edib akta qol çəkib. Onların babaları, nənələri var, onları istəmirlər. Nəvələri Söhrabın 14 yaşı, Aytənin 10 yaşı var. Ana Təranənin yanında 5 ildi yaşayır. Uşaqlar elə öyrədilib ki, onları və atasını tanımır. X21, akta qol çəkənlər görüb eşidiblər. Belə ki, 2 il Anar Hacıyev onları Bakı-Sumqayıt yağış, qar, soyuq, küləkdə aparıb-gətirmişdir. Görüşlər nəticəsiz olmuşdur. Heç bir sübut, fakt olmadan görüşlər uzadılırdı. xx.xx.2022-cı ildə 6-cı görüş psixoloq X9 tərəfindən təşkil olunmuşdur. Psixoloq ana Təranənin, icraçı Anarın mövqeyi eyni olmuşdur. Onları dinləmədilər belə, onlar isə öz növbələrində, buna etiraz etmişlər. Psixoloq ona bir ağsaqqal kimi geri çəkilməsini bildirmişdir. İcraçı Anar Hacıyev rəsmən bildirmişdir ki, icra mümkün deyil, sənədi geri qaytarır. Halbuki, dövlətin adından çıxarılmış 5 yekun aktı onların xeyirlərinə verilmişdir. Məhkəmənin qərarları dövlət adından verilir, icrası məcburidir. Anar Hacıyevin lazımsız hərəkəti nəticəsində görüşü düzgün təşkil etməməsi səbəbindən icraçı dəyişdirilərək başqa icraçıya Ramil Babayevə verilmişdir. 28 iyul 2022-ci il tarixində Ramil Babayev görüşü 6 nəfər şahid və onların iştirakları ilə uşaqlarla görüş təşkil etmişdir. Hətta bütün proses video çəkilişlə aparılmışdır. Çox mübahisəli və qalmaqallı olmuşdur. Belə ki uşaqlar hazırlıqlı, öyrədilmiş halda onları təhqir etmişlər. Onlar etiraz etmişlər ki, belə görüş olmaz. Sonra kurator Samir Məmmədov, Anar Həsənov və icraçı Ramil Babayev onları, uşaqların anası Təranəni qəbul etmişlər. Onlara da aydın olmuşdur ki, uşaqlar ananın yanında qaldığı üçün çox öyrədilib. Bakı şəhəri PSM-dən arayış var ki, uşaqlar ananın yanında qaldığı üçün ata qohumlarına mənfi münasibət istisna olunur. Əslində uşaqlara onlar qulluq edirdi, buna sübut və faktlar var. Əvəzində onları al qana bulayıb, nənəyə xəsarət yetirib. Onun barəsində AR Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən məhkəmə hökmü vardır. Ata və anası öz qızlarının bu hərəkətlərini bilə-bilə boşadıb. Onlar dəfələrlə uşaqlara xatir Təranənin bu hərəkətləri yaxşı deyil, ölçü götürülməlidir, desələr də buna məhəl qoyan olmamışdır. Əksinə onları söyüb, təhqir edib qapıdan qovub, qızlarına rəvac verən valideyn olublar. Ata və ana qızını boşadıb, onları zülmə get-gələ salıb. Onların uşaqların gözündə pis nənə, baba və ata obrazı yaranıb. Əslində belə deyil. Onlar nəvələrini çox istəyirlər. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-104/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh1 icra məmuru X3 icra sənədinin icra edilmədən geri qaytarılması barədə 16 dekabr 2022-ci il tarixli qərarı ləğv edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır (hakim Gülnarə Tağızadə). Bu qərardaddan borclu Rüstəmova (Nəsirova) Təranə Raqif qızı tərəfindən verilən şikayət, məhkəmənin bu iş üzrə 16 fevral 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədinin qaytarılması haqqında qərar tam qanuni və əsaslıdır. Həmin qərarın ləğv edilməsinə heç bir hüquqi əsas yoxdur. Belə ki, o övladlarını sözügedən icra sənədinin icrası ilə əlaqədar dəfələrlə tələbkarlarla görüşə aparsa da uşaqlar onlarla qəti surətdə görüşmək istəmirlər. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Uşaqlar artıq on yaşlarını keçmişlər. Onlar öz şəxsi istək və maraqlarına uyğun davranırlar. O, icra sənədinin icrasından yayınmamışdır, lakin uşaqlar tələbkarlarla görüşmək istəmirlər. Belə olan halda icra məmurunun icra sənədinin geri qaytarılması haqqında qərarı qanuni və əsaslıdır. Məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad isə əsassızdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-104/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488\2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 babaları X11 və nənələri X7 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək cavabdehin iştirakı olmadan görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” qərarın surətindən görünür ki, icraat zamanı dəfələrlə tələbkarların azyaşlı uşaqlarla görüşməsi üçün icra prosesi təyin edilmiş, lakin hər dəfə uşaqlar baba və nənələri ilə görüşməkdən imtina etmişlər. Bu barədə müvafiq aktlar tərtib edilmiş, eyni zamanda psixoloqun rəyi alınmışdır. İcra sənədinin icrası məqsədi ilə bütün zəruri tədbirlər görülsə də müsbət nəticə əldə edilmədiyindən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488\2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra olunmadan Sumqayıt Şəhər Məhkəməsinə geri qaytarılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-303/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, ərizə təmin edilərək, Cavabdeh1 icra məmuru X1 icra edilmədən geri qaytarılması barədə 03 noyabr 2021-ci il tarixli qərarı ləğv edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmış və həmin qərar yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)- 85/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Nəsirova (Rüstəmova) Təranə Rafiq qızının şikayəti təmin edilməmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2711/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmiş və həmin qərar yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəylə razılaşır və öz mövqeyini aşağıdakı formada əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Bu Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Göründüyü kimi icra sənədinin onu verən orqana və məhkəməyə qaytarılması halları yuxarıda istinad olunan Qanunun 23-cü maddəsində konkret şəkildə qeyd olunmuşdur. Hazırkı icra sənədinin qaytarılması üçün qanunda nəzərdə tutulan hallardan hər hansı biri mövcud deyildir. Bununla yanaşı şikayətin yetkinlik yaşına çatmayan şəxslərin 10 yaşlarına çatmaları, habelə onların öz maraqlarına uyğun görüşdən imtina etməsi kimi dəlilləri ilə bağlı kollegiya onu qeyd edir ki, hər şeydən əvvəl hazırkı halda mübahisə sözügedən icra sənədinin icra mərhələsi ilə bağlı olub, və məhz şikayətin dəlilləri çərçivəsində icra sənədinin qaytarılması haqqında qərarın qanunauyğun olubolmamasından ibarətdir. Başqa sözlə məhkəmə qanuni qüvvəyə minmiş qətnamənin qanuniliyini və əsaslılığını yoxlaya bilməz. Bununla belə işdə olan sənədlərdən göründüyü kimi hətta hazırkı icra sənədinin verildiyi məhkəmə aktı (Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488\2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə) qəbul edildiyi vaxtda artıq yetkinlik yaşına çatmayan uşaqlar 10 yaşlarına çatmışlardı. Beləliklə hazırkı halda sözügedən icra sənədinin qaytarılması üçün başlıca olaraq qanuni əsas olmadığı kimi, şikayətdə qeyd olunan dəlillər də, icra sənədinin icrasını qeyri-mümkün etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi və icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-104/2023 saylı, 06 fevral 2023-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Borclu Rüstəmova (Nəsirova) Təranə Raqif qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-37/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-37/2023
14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver