Məhkəmə qərarları › İş №8(105)-38/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-38/2022

16.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-38/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(060)-114/2022 saylı qərardadından tələbkar Bank «BTB» ASС tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(060)-114/2022 saylı qərardadı ilə (hakim R.N.Qoşqarlı) Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)- 18588/2016 saylı iş üzrə verilmiş 31.10.2016-cı il və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-5648/2020 saylı iş üzrə verilmiş 30.11.2020-ci il tarixli icra sənədləri üzrə üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra idarəsinin təqdimatı təmin edilməmişdir. Tələbkar Bank «BTB» ASС şikayət verib, Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(060)-114/2022 saylı qərardadının ləğv edilib, təqdimatın təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 8(060)-114/2022 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edib, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Bağırovun Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-18588/2016 saylı iş üzrə verilmiş 31.10.2016-cı il və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)- 5648/2020 saylı iş üzrə verilmiş 30.11.2020-ci il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-18588/2016 saylı iş üzrə verilmiş 31.10.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 1302,83 ABŞ dolları və 20 manat dövlət rüsumu və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)- 5648/2020 saylı iş üzrə verilmiş 30.11.2020-ci il tarixli icra sənədinə əsasən 1024,70 manat və 30,40 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədləri 11.01.2017-ci il və 30.11.2020-ci il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və tərəflərindən icraata başlamaq haqqında qərar və icra sənədinin surəti borclu şəxsə təqdim edilmişdir. Lakin borclu icra vərəqəsində qeyd olunan öhdəliyi icra etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar Bank «BTB» ASС tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 17 fevral 2022-ci il tarixli qərardadı qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinin, Azərbaycan Respublikası MPM-nin 8.1, 9, 15.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, borcluya dəfələrlə bank və icra məmuru tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq olunsa da, borclu qərəzli olaraq borcu ödəməkdən boyun qaçırdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi icra məmurunun borclunun ölkədən getmək hüququnun icra sənədləri tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılması barədə təqdimatını təmin etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdimatda borclunun icranı könüllü təmin etməməsinə və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına istinad olunsa da, qeyd edilənləri təsdiq edən hər hansı hal məhkəmə tərəfindən aşkar edilməmişdir. Belə ki, icra məmuru tərəfindən qanunvericilikdə göstərilən digər məcburi icra tədbirləri barədə (inzibati qaydada məsuliyyətə cəlb etmək və s.) heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N saylı Qərarı ilə təsdiq olunmuş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.1- ci bəndinə görə məhkəmə qərarı əsasında verilmiş icra sənədi üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə görə bu barədə zərurət yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli; borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakının olub- olmamasını yoxlayır. Həmin Təlimatın 2.5.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq borclunun icra sənədinin icrasından üzürsüz səbəbdən yayınması halları araşdırılmalıdır. Tələbkar Bank «BTB» ASС tərəfindən birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Tələbkar Bank «BTB» ASС tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(060)-114/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar