Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-38/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-96/2023 saylı qərardadından Tələbkar Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan “BMW 523" markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyularaq açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsi barədə qərardad qəbul edilməsi xahiş xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(13)-7169/2016 saylı, 05 dekabr 2016-cı il icra sənədinə əsasən, X4, Borclu və X5 5308,26 manat məbləğində kredit borcu 429,08 manat faiz borcu olmaqla, cəmi 6268,16 manat məbləğində borc və 20 manat dövlət rüsumu Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Borclular X6, Borclu və X7 xx.xx.2017-ci il tarixdə könüllü icra üçün bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi hal-hazırki tarixədək icra olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu xx.xx.2022-ci il tarixli akt əsasında götürülmüş “BMW 523” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun mülkiyyətdə olan “BMW 523” markalı, “** BV ***” dövlət qeydiyyat nişanlı avtomaşın açıq hərracda satılmalı və əmlakın satışından əldə olunmuş pul vəsaiti qeyd olunan borcun ödənilməsinə yönəldilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-96/2023 saylı qərardadı ilə (sədrlik edən, hakim Şəbnəm Həxiyeva) Ağdam Rayon Məhkəməsinin 2(13)-7169/2016 saylı, 05 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Borclu avtomobilinin üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Orxan Məmmədovun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-96/2023 saylı qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-96/2023 saylı qərardadı ilə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun təqdimatı təmin edilməmişdir. Məhkəmə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1, 45.2 və 45.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, icra məmuru tərəfindən borclunun bank hesablarında pul vəsaitlərinin olub-olmaması araşdırılmadan avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat verilmişdir. İcra məmuru borclunun avtomobilinə həbs qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət etsə də, “BMW 523" markalı, “**-BV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həqiqətən də Borclu sahibliyində olmasına dair hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Şikayətin dəlilləri: Tələbkar müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv edilməsi və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Tələbkar QSC-nin xeyrinə Ağdam Rayon Məhkəməsinin qətnaməsi 2016-cı ildən qəbul edilmiş və həmin qətnamənin icrasına dair icra vərəqi 05 dekabr 2016-cı il tarixindən verilmişdir. Qeyd olunan tarixdən bu günə kimi nə müvafiq məhkəmə aktının icrası, nə də ki, tələbkarın tələbinin icrası təmin edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadından da göründüyü kimi, cavabdehlərə məhkəmə qətnaməsinin icrası üçün könüllü müddət verilmişdir, lakin, həmin müddət ərzində borclular icra təmin etməmişdirlər. Borclu könüllü icra etməməsini onunla əsaslandırmışdır ki, maddi vəziyyəti olduqca ağırdır. Göründüyü kimi, borclular 2016-cı ildən qəbul edilmiş qətnamənin icrasında maraqlı deyillər. Məhkəmə tərəfindən isə borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulmaması tələbkarın xeyrinə qəbul edilmiş qətnaməni xəyali və əhəmiyyətsiz edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 45.10.Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Maddə 45.3.Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Maddə 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Maddə 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Maddə 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası yazılı icraat qaydasında şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası şikayətdə qeyd olunmuş hallarla bağlı onu qeyd edir ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən icra sənədi üzrə tələbin icrası məcburi olmaqla, hökmən icra edilməlidir. Bu baxımından, qanunvericiliyin tələbinə əsasən hazırki icra sənədi üzrə tələb də borclu şəxs tərəfindən mütləq icra edilməlidir, əks halda tələbin icra edilməməsi onun barəsində məcburi icra tədbirinin tətbiq edilməsi üçün əsas yaradır. Həmçinin, icra haqqında qanunvericiliyin qeyd olunan normalarının təhlilindən görünür ki, müvafiq məcburi icra tədbiri qismində əmlak üzərinə həbs qoyulması tədbiri məhz borclu şəxsə məxsus olan əmlakla bağlı tətbiq edilir. İndiki halda isə həm təqdimat və ona əlavə edilmiş sənədlər, həm də AZEMİS X3 əldə edilmiş məlumatda barəsində məcburi icra tədbirinin tətbiq edilməsi tələb edilən əmlakın icra işi üzrə borclu şəxsə məxsus olması halı müəyyən edilməmişdir. Belə olan halda, əmlakın borclu şəxsə məxsus olması halı müəyyən edilmədən, həmin əmlak barəsində qeyd olunan tədbirin tətbiq eidlməsi halı qanunveriicliyin tələbinə zidd olmaqla, başqa şəxslərin mülkiyyət və digər əmlak hüquqlarının məhdudlaşdırılımasına gətirib çıxarda bilər ki, bu hal da özlüyündə həm milli, həm də beynəlxalq qanunvericiliyin prinsiplərinə və tələblərinə ziddir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün nəticəyə gəlmiş, tələbkarın şikayətdə istinad etdiyi hallar hazırki iş üzrə məhkəmə qərardadının ləğv edilməsi üçün əsas qismində çıxış etmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-96/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-38/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-38/2023
13.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver