Məhkəmə qərarları › İş №8(105)-39/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-39/2023

15.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-39/2023 15.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Məmmədov Zaur İkram oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Tələbkar, Borclu2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə izah verilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş ərizə ilə bağlı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)- 100/2023 saylı qərardadından icra sənədi üzrə Borclu2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2141/2014 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən və Tələbkar və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,289 ha torpaq sahəsinin 0,075 ha hissəsi cavabdehlər Borclu2 və Borclu1 alınıb Tələbkar qanuni sahibliyinə qaytarılmalıdır. Qeyd edilən icra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icra sənədi icraata qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icrası məqsədilə yaranmış bir sıra çətinliklərin aradan qaldırılması üçün mütəxəssisin ayrılması barədə xx.xx.2020-ci il tarixdə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və xx.xx.2020ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinə məktub göndərilmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan məlum olmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2014-cü il tarixli, **********16 reyestr nömrəli çıxarışla Tələbkar (paylı) mülkiyyətinə verilmiş 0,289 ha torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilmiş, ərazinin texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında yerləşmə və konfiqurasiya fərqləri mövcuddur. İcra sənədi üzrə borcluların torpaq sahəsinin təhvil verilməsi üçün torpağın hansı hissədə və hansı ölçüdə təhvil verilməsi icra vərəqəsində qeyd edilmədiyindən icra sənədinin icrasının mümkün olmadığını bildirirlər. İcra sənədi üzrə Tələbkar “Torpaq sahəsində mövcud olan servitutlar barədə məlumatlar”da torpaq sahəsinin döngə nöqtələrinin koordinatları 1-2 göstərildiyindən borclunun istifadəsində olan torpağın 14,32 metr sahəsinin tələbkara aid olduğunu və həmin ölçüdə hasarın sökülərək ona təhvil verilməsini tələb edir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin məzmununda yuxarıda göstərilən hissələrdə müəyyən çətinliklər və anlaşılmazlıqlar yarandığı üçün həmin icra sənədinə müəyyən aydınlıq gətirilməklə müvafiq izahın verilməsi zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-100/2023 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə izah verilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Qərardaddan Borclu2 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar cavabdehlər Borclu1 və Borclu2 qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı 16 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən və Tələbkar və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,289 ha torpaq sahəsinin 0,075 ha hissəsinin cavabdehlər Borclu2 və Borclu1 alınıb iddiaçı Tələbkar sahibliyinə qaytarılması qət edilmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 26 avqust 2014-cü il tarixli, 512 saylı mütəxəssis rəyinə isrtinad etməklə əsaslandırmışdır. Həmin rəydə qeyd olunmuşdur ki, “iddiaçı Tələbkar və qeyrilərinin ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,289 ha torpaq sahəsinin bir hissəsi cavabdehlər Borclu1Mobil oğlu, Borclu2 və qeyriləri tərəfindən zəbt edilmişdir. Həmin rəydə “zəbt” olunmuş torpaq sahəsinin ölçüləri göstərilməsə də, məhkəmə qətnaməsinin qət etdi hissəsində bu torpaq sahəsinin 0,075 ha olduğu qeyd edilmişdir. Qeyd olunur ki, iş üzrə mütəxəssis rəyi verildikdən sonra mülki iş materialları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməmiş və iş üzrə müvafiq ekspert rəyi alınmamışdır. Nəticədə mütəxəsssis rəyinə əsasən zəbt olunmuş torpaq sahəsinin hansı hissəsinin, hansı koordinatlar daxilində və hansı ölçülərdə cavabdehlərdən, həmçinin həmin rəydə qeyd olunmuş qeyriləri tərəfindən zəbt edilməsi ilə bağlı ekspertiza tədqiqatı aparılmamışdır. Hüquqi savadsızlığından həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamə icraya yönəldikdən sonra şifahi razılaşma əsasında qətnamədə qeyd olunan 0,075 ha torpaq sahəsinə görə 3500 manat pulu Tələbkar vermişdir. Təxminən 6 il keçdikdən sonra Tələbkar onu yenidən narahat etməyə başlamışdır. Ona görə də iddiaçılar X1 və Borclu1 cavabdeh Tələbkar qarşı “torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və cavabdehin iddiaçılara qarşı torpaq sahəsinə olan tələbi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə iclasında Tələbkar bildirmişdir ki, “iddiaçılar X1 və Borclu1 ona məxsus həmin torpaq sahəsindən 0,04 ha hissəsini zəbt etmişlər. Zəbt etdikləri torpaq sahəsinin 0,01 ha hissəsinə görə ona 3500 manat məbləğində pul vermişlər. Qalan 0,03 ha torpaq sahəsinin isə hasarını çəkiblər. Göründüyü kimi Tələbkar 2014-cü ildə 0,075 ha torpaq sahəsini zəbt etdiklərini bildirsə də, 2021-ci ildə isə həmin zəbt olunmuş sahənin 0,075 ha deyil 0,04 ha olduğunu bildirmiş, həmçinin torpaq sahəsinə görə 3500 manat pul aldığını da etiraf etmişdir. Yəni Tələbkar həmin dövrdəki mövqeyinə görə qətnamə icra olunmuşdur. Lakin bir müddət sonra faktiki icra olunmuş qətnamənin yenidən icra olunması fikrinə düşmüşdür. Mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə dair cavabdeh Tələbkar tələbi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulması tələbinə dair tərəfindən verilmiş iddia tələbi üzrə məhkəmə araşdırmaları zamanı o da məlum olmuşdur ki, Tələbkar mülkiyyətində olan torpaq sahəsi onların torpaq sahəsindən 31 metr aralı yerləşir. Tələbkar məxsus torpaq sahəsini zəbt etməmələri məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmış və Abşeron Rayon Məhkəməsinin 2(012)-3575/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1081 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində Borclu2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.09 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 389 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində Borclu1 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.04 ha torpaq sahəsinə dair cavabdeh Tələbkar tələbi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq Tələbkar qanunsuz hərəkətlərini davam etdirir, Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı 16 sentyabr 2014-cü il tarixli faktiki icra olunmuş qətnaməsinin icrasını yenidən tələb edir. Həmin qətnamənin yenidən icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunaraq, tərəflərə məxsus torpaq sahəsinin naturada yerinin göstərilməsi xahiş olunmuşdur. Həmin İdarə tərəfindən yerində araşdırma aparılmış və tərəflərə məxsus torpaq sahələri arasında 30,4 metr məsafə olduğu müəyyən edilmiş və buna dair cizgi sxem tərtib olunaraq xx.xx.2021ci il tarixli məktubla Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin 01 iyul 2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı 16 sentyabr 2014-cü il tarixli icra sənədi həmin məhkəməyə qaytarılmışdır. Həmin qərardan narazı qalmış Tələbkar şikayəti Abşeron Rayon Məhkəməsinin (012)-514/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilmiş, həmin məhkəmənin 2(012)-2141/2014 saylı 16 sentyabr 2014-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin 01 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunduğu kimi iddaçı özü də qətnamənin faktiki icra olunduğunu etiraf etmiş, zəbt olunmuş torpaq sahəsinin 0,075 ha deyil 0,04 ha olduğunu, bunun 0,01 ha hissəsi üçün 3500 manat aldığını bildirmişdir. Həmçinin məhkəmə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparılmış araşdırmalarla tərəflərə məxsus torpaq sahələri arasında 31 metr məsafə olduğu müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı 16 sentyabr 2014-cü il tarixli qətnaməsinə izah verilməlidir. Abşeron Rayon Məhkəməsinin 8(012)-100/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Məlahət Abbasova) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq məhkəm baxış iclası təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu2 şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə ekspertiza təyin edilməsini xahiş etdi və bildirdi ki, tərəflər arasında mübahisə olsa da, məhkəmələr tərəfindən heç vaxt ekspertiza təyin olunmamışdır. Tələbkara torpaq sahəsinə görə 3500 manat da vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar bildirdi ki, borclu ona evinin yerləşdiyi tələbkara məxsus torpaq sahəsinə görə 3500 manat versə də, sonradan ona məxsus torpaq sahəsində hasar çəkmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi, Borclu1 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə izah verilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, həmin icra vərəqəsinin məzmununun ərizədə göstərilən hissələrində müəyyən çətinliklər və anlaşılmazlıqlar yarandığı üçün icra sənədinə müəyyən aydınlıq gətirilməklə müvafiq izahın verilməsi zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyə görə məhkəmələr icra sənədinə deyil, çıxardıqları qətnamələrə izah vermək səlahiyyətlərinə malikdirlər, çünki icra sənədi məhz qətnaməyə əsasən verilir. Bundan başqa, qətnamədən görünür ki, məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli, 512 saylı mütəxəssis rəyinə istinad etmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmişdir ki, mübahisəli 0,075 ha torpaq sahəsi cavabdehlər Borclu2 və Borclu1 tərəfindən zəbt edilmişdir. Hazırda isə icra məmurunun ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna istinad etməklə Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin izah olunması barədə ərizə verməsi əsassızdır və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin vaxtında və operativ icra edilməsinə maneçilik kimi qiymətləndirilməlidir. Borclu2 həmin qərardaddan verdiyi şikayətin dəlillərindən görünür ki, borclu hazırki icraat çərçivəsində ekspertiza təyin edilməsini xahiş edir və mövqeyini onunla əsaslandırır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2141/2014 saylı 16 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən və Tələbkar və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,289 ha torpaq sahəsinin 0,075 ha hissəsinin cavabdehlər Borclu2 və Borclu1 alınıb iddiaçı Tələbkar sahibliyinə qaytarılması qət edilmiş, məhkəmə qətnaməsinin qət etdi hissəsində bu torpaq sahəsinin 0,075 ha olduğu qeyd edilmiş, lakin iş üzrə mütəxəssis rəyi verildikdən sonra mülki iş materialları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməmiş və iş üzrə müvafiq ekspert rəyi alınmamış, nəticədə mütəxəsssis rəyinə əsasən zəbt olunmuş torpaq sahəsinin hansı hissəsinin, hansı koordinatlar daxilində və hansı ölçülərdə cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlı ekspertiza tədqiqatı aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyrimüəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq yaratdıqda qətnamənin izah olunmasına yol verilir. Bu halda məhkəmə qətnaməsində olan belə çatışmazlıqlar qətnamənin izah edilməsi yolu ilə aradan qaldırılır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, hazırki şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 395- 396, 397.2, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-100/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar