Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-39/2025 10.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şabran rayon İcra və Probasiya Şöbəsinin təqdimatına dair iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X1 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 8(031)-70/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları
1. Şabran Rayon Məhkəməsinin 2(031)-467/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 21 may 2020-ci il tarixdən başlayaraq 26 iyul 2006-cı il təvəllüdlü X2, 28 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün ayda 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir.
Birinci instansiya məhkəməsində icraat
2. Şabran rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqətti məhdudlaşdırılmasını xahiş etmişdir.
3. Təqdimat onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 467/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 21 may 2020-ci il tarixdən başlayaraq 26 iyul 2006-cı il təvəllüdlü X2, 28 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün ayda 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixində Şabran rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində göstərilən tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün elektron icra sistemindən çıxarış edilmiş və borclunun adına hər hansı əmlak və ya gəlirlər aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Hazırda icra sənədi üzrə borclunun 10000 manat aliment borcu yaranmışdır. Borclu verdiyi izahatında 2 ay müddətinə ölkəni tərk edib yaşadığı Türkiyə Respublikasına qayıdacağını qeyd etmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
3. Şabran Rayon Məhkəməsinin 8(031)-70/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir (hakim K.Mirzəfərova).
4. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.
5. Şabran Rayon Məhkəməsinin 8(031)-70/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdimata əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 2(031)-467/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 21 may 2020-ci il tarixdən başlayaraq 26 iyul 2006-cı il təvəllüdlü X2, 28 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün ayda 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Məhkəmə işin bütün hallarını, eyni zamanda icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını nəzərə alaraq belə nəticəyə gəlib ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ Şabran Rayon Məhkəməsinin 2(031)-467/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi tam şəkildə icra edilənədək məhdudlaşdırılmalıdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Əvvəla məhkəmə işə borclunun iştirakı olmadan baxmış və onun hüquqlarının məhdudlaşdırılması barədə qərardad qəbul etmişdir. Məhkəmə heç bir araşdırma aparmadan Borclu ölkədən getmək hüququnu Şabran Rayon Məhkəməsinin 2(031)-467/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi tam şəkildə icra edilənədək məhdudlaşdırmışdır. Bildirilir ki, Borclu xx.xx.2020-ci il tarixində Furkan Alyar adlı övladı doğulmuşdur. Övladı doğulduqdan sonra bu ilin yay aylarınacan Türkiyə Respublikasında yaşamışdır. Aliment barədə məlumatı olmamışdır. Övladının azyaşlı (südəmər) və xəstə oduğuna görə heç bir yerdə işləyə bilməmişdir. Məhkəmənin hazırkı qərardadı X11 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarına ziddir. Həmin Qərarda qeyd edilmişdir ki, İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir. 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Borclu icraata başlanması barədə bildiriş verilməmişdir, borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdə, həmin sənədlərin mövcud olmasını qeyd etmir. Məhkəmə sadalanan hallara hüquqi qiymət vermədən əsassız şəkildə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.5. maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 44.1. maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
12. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
13. Şikayətdən görünür ki, apellyator Şabran Rayon Məhkəməsinin 8(031)-70/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
14. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin 8(031)-70/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tam və hərtərəfli araşdıraraq, belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Kollegiya iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək müəyyən edir ki, borcluya könüllü icra üçün verilmiş vaxt ərzində icra sənədinin icrasını təmin etməmiş, onun əmlak vəziyyəti tam olaraq yoxlanılmış və zəruri icra hərəkətləri edilmiş, lakin hər hansı bir nəticəyə nail olunmamışdır.
18. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın verilməsi üç əsasla şərtləndirilmişdir: 1) məhkəmə qərarları əsasında verilmiş icra sənədlərinin könüllü icra üçün müəyyən olunmuş vaxtda icra edilməməsi; 2) borclu tərəfindən həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; 3) icra məmurunun əsaslandırılmış təqdimatı.
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən şikayət əsaslı ola və təmin edilə bilməz.
20. Əvvəla, ona görə ki borclu şikayətində qeyd olunmuş dəlillərə dair təsdiq olunmuş qaydada hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
21. İkincisi, borclu ölkədən getmək hüququnun olduğunu və bundan maneəsiz şəkildə istifadə etmək istədiyini bilsə də, nədənsə Dövlətin adından çıxarılmış icra sənədinin icra etmək vəzifəsinin də olduğunu unudur. Şikayətdə göstərdiyi dəlillər də, məhdudlaşdırılmanın ləğvi üçün yetərli deyildir. Bununla belə, kollegiya qeyd edir ki, icra sənədi icra edildikdə məhdudlaşdırmanın aradan qaldırılması üçün borclunun müraciət etmək hüququ mövcuddur.
22. İşin digər bir real halı isə ondan ibarətdir ki, Borclu özünün xx.xx.2024-cü il tarixli izahatında qeyd etmişdir ki, o 5 ildir ki, Türkiyə Respublikasında yaşayır və təxminən 2 ay sonra yenidən Türkiyə Respublikasına qayıdacaqdır. Göründüyü kimi borclu icra sənədi üzrə tələbi təmin etməkdə maraqlı deyil və keçən dövr ərzində icra sənədi üzrə hər hansı ödəniş icra etməmişdir. Bundan əlavə kollegiya hesab edir ki, əgər borclu hazırki halda ölkə hüdudlarından kənara çıxacağı halda mövcud məhkəmə qərarı demək olar ki, icrasız qalacaqdır.
23. Nəzərə alınmalıdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı).
24. “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır.
25. Beləliklə, məhkəmə kоllegiyаsı hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə birinci instаnsiyа məhkəməsinin qərаrdаdı dəyişdirilmədən sаxlаnmаlı, şikаyət isə təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 8(031)-70/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.