Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-4/2024 15.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-185/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair iş üzrə (qətnamənin hissə-hissə icra edilməsi) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə İddiaçı Tələbkar cavabdeh X7 qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbi üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(059)-185/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X2nun ərizəsinə dair Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 8(059)-33/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları:
1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki X9 "xxxx" MMC-də kabel istehsalı üzrə dəzgah operatoru vəzifəsində işləməklə, aylıq 350 manat əmək haqqı alır.
2. İş materiallarından, o cümlədən şəxsi məlumatların elektron çıxarışından, "xxxx" ASC-nin 10 mart 2023-cü il tarixli, 1382 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 08 avqust 2023-cü il tarixli, 3-H-3-31/2-2657/2023 nömrəli məktublarının surətlərindən görünür ki, X9 hüquqi şəxs yaratmadan proqram təminatının işlənməsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN **********), olmaqla, yanaşı sonuncu fəaliyyətini dayandırmamış, həmçinin adına bank hesabı və daşınmaz əmlakda pay aşkar edilmiş və onların üzərinə həbs qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(059)-185/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə, X5 Tələbkar xeyrinə yol-nəqliyyat hadisəsi zamanı vurulmuş maddi ziyanın əvəzi kimi 3400 manat pulun və ödənilmiş 131,18 manat dövlət rüsumunun 25%-nin, yəni 32,80 manatının tutulması, həmçinin aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 75%nin, yəni 75 manatının Tələbkar, 25%-nin, yəni 25 manatının isə Kənan Ramazanlıdan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
4. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Tələbkar olan qalıq 1850 manat borcunu hissə-hissə, yəni hər ay 200 manat olmaqla icra etməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ondan Tələbkar xeyrinə yol-nəqliyyat hadisəsi zamanı vurulmuş ziyanın əvəzi kimi 3400 manat pulun və ödənilmiş 131,18 manat dövlət rüsumunun 25%-nin, yəni 32,80 manatının tutulması qət edilmiş və qətnamə əsasında verilmiş icra sənədinə uyğun olaraq bu günə kimi onun tərəfindən tələbkara 1550 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının dayandırılmasını, həmçinin icrasına möhlət verilməsini də nəzərdə tutmuşdur. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə məsələni məhz işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsinin hakimi həll edə bilər. Bununla yanaşı, “İcra haqqında” Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır”. Hal-hazırda iş yerində minimum məbləğdə (350 manat) əmək haqqı alır, ailədə maddi cəhətdən çətinlikləri vardır, bu səbəbdən də əmlak vəziyyəti çox pisdir. Odur ki, qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.
6. Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 8(059)-33/2023 nömrəli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(059)- 185/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X2nun ərizəsi təmin edilməmişdir.
7. Həmin qərardaddan X2 şikayət verərək Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 8(059)-33/2023 nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Siyəzən Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 8(059)-33/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu tərəfindən qətnamənin hissə-hissə icra edilməsinin əsaslılığı barədə kifayət qədər sübut təqdim olunmamış, məhkəməyə təqdim olunmuş ərizə kifayət qədər əsaslandırılmamışdır. Göründüyü kimi borclu Kənan Ramazanlı qətnamə ilə müəyyən edilmiş borcunun hissəhissə icra edilməsini xahiş etmişdir. Borclu qətnamənin icraya yönəldilməsindən keçən uzun müddət ərzində icra ilə bağlı kifayət qədər əməli hərəkət etməmişdir. Onun hazırkı ərizə ilə məhkəməyə müraciət etməsi isə məhkəmə tərəfindən verilmiş icra sənədinin tam icrasını ləngitmək məqsədi daşıyır. Çünki, borclu ərizəsində iş yerində minimum məbləğdə, yəni 350 manat əmək haqqı aldığını, ailədə maddi cəhətdən çətinliklərin, bu səbəbdən də əmlak vəziyyətinin ağır, məhkəmə iclasındakı izahatında isə hazırda işləmədiyini, həmçinin "xxxx" ASC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xeyli miqdarda borcunun olduğunu qeyd etsə də, o, bu halları sübut edəcək mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə qeyd olunur ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Bu mənada, hazırkı ərizə təmin edilərsə, borclunun (hazırda işləmədiyini bildirsə də, mötəbər sənəd və ya sübutla təsdiqini tapmamışdır) aldığı əmək haqqının 200 manatlıq hissəsi hər ay tələbkarın xeyrinə ödənilməklə, qalan 150 manatlıq hissəsi isə təxminən 9 ay ərzində borclu tərəfin maddi təminatına sərf edilməlidir ki, bu da yaşayış minimumundan az məbləğ təşkil edir, həmçinin hazırkı reallıqda bir ailənin 1 ay üçün normal şəraitdə yaşamasına kifayət etmir. Yəni, borclu bununla şüurlu olaraq bir daha özünü maddi məhrumiyyətlərə məruz qoyur ki, bu halda da onun ərizəsində maddi vəziyyətinin ağır olması ilə bağlı məqamlar öz təsdiqini tapmır. Çünki, ailəsinin ağır maddi vəziyyətinə istinad edən bir şəxsin özünü daha da ağır maddi vəziyyətə salması reallığı əks etdirmir və inandırıcı deyildir. Digər tərəfdən, maddi vəziyyətinin qənaətbəxş olmamasına istinad edən borclu Kənan Ramazanlının qeyrisəmimilik nümayiş etdirən daha bir göstərici isə onun aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq əlavə gəlirə malik olmasında öz əksini tapır. Həmçinin, borclu Kənan Ramazanlının "xxxx" ASC-dəki hesablaşma hesabının və daşınmaz əmlakda adına aşkar edilmiş payın üzərinə həbslər qoyulmuşdur. Beləliklə, borclu Kənan Ramazanlı kifayət qədər zəruri vəsaitə malik olsa da, qalıq 1850 manat borcun hissə-hissə ödənilməsinə nail olmaq üçün özünü müdafiə xarakterli mövqe tutmaqla, əsassız mülahizələr irəli sürmüş, arqumentlərlə çıxış etməklə, maddi sıxıntı çəkməsi ilə bağlı təsəvvür yaratmağa çalışmışdır. Nəticə etibarilə, hazırda borclunun əmlak vəziyyətinin mənfi istiqamətdə dəyişməsi, habelə onun üçün əlverişsiz əmlak vəziyyətinin yaranması işin faktiki halları, eləcə də işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bundan əlavə, borcun ödənilməsi borclunun istədiyi kimi həyata keçirilsə, bu zaman ödənişlərin icra müddəti kifayət qədər uzun müddəti əhatə edər ki, bu da tələbkarın əlverişsiz vəziyyətə düşməsinə səbəb ola bilər. Ona görə də ərizə təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3-4-cü bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 263, 264-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
11. Şikayət qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə analoji məzmun daşıyır. Borclu şikayətdə "xxxx" ASC-yə 17000 min manat borcunun, Dövlət Vergi Xidmətinə 3100 manat borcunun, "xxxx" ASC-yə 600 manat borcunun olmasını bildirərək şikayətin təmin edilməsini xahiş etmişdir.
b) Şikayəti qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.
17. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Şikayətdən görünür ki, apellyator Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 8(059)-33/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
19. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
21. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
22. Maddənin dispozisiya şərtinə görə qətnamənin hissə-hissə icra olunması və ya icra üsulunun dəyişdirilməsi üçün borclunun əmlak vəziyyəti nəzərə alınmalıdır.
23. Kollegiya qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna hal olmaqla, bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır.
24. İşin faktiki hallarından müəyyən ediilir ki, X2 maddi imkansızlığını bildirsə də, qeyd olunan qətnamə üzrə icra sənədinin bir dəfəyə icra olunmaması üçün maddi vəziyyətinin ağır olmasını sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
25. Birinci instansiya məhkəməsinin qətnamənin hissə-hissə icra edilməsi barədə ərizənin rədd edilməsinə dair mövqeyini əsaslı hesab edən kollegiya qeyd edir ki, borclu Kənan Ramazanlının aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olması, həmçinin, borclunun "xxxx" ASC-dəki hesablaşma hesabının və daşınmaz əmlakda adına aşkar edilmiş payın üzərinə həbslər qoyulması kimi hallar heç də sonuncunun icra sənədi üzrə qalıq borcu birdəfəlik ödəmə imkanın olmaması anlamına gəlmir.
26. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
27. Bundan başqa kollegiya qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı:
X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 8(059)-33/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.