Məhkəmə qərarları › İş №8(105)-4/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-4/2025

17.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-4/2025 17.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclu qarşı iş üzrə (Açar sözlər: qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə4, Borclunun nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(060)-333/2024 nömrəli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsi üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 8(060)-560/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Borclu ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsin 2(060)-333/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Borclu xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər tutulmalı olan alimentin yarı hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırmışdır ki, iddiaçı Borclu iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçı Borclu ilə cavabdeh Tələbkar arasında olan 2017-ci ilin dekabr ayının 22- günündə akt nömrəsi 3574 №-si ilə qeyd olunan nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-333/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı Borclu ilə cavabdeh Xəlilova (Səmədzadə) Gülnar Rəhman qızı arasında “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış, 3574 nömrəli nikah qeydi pozulması, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anaları Xəlilova (Səmədzadə) Gülnar Rəhman qızının yanında qalması, iddiaçı Borclu xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq cavabdeh Xəlilova (Səmədzadə) Gülnar Rəhman qızına ödənilməsi, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir.

3. 29.07.2024-cü il tarixli cədvəldən görünür ki, Borclu 2024-cü ilin iyun ayında qazancının və digər gəlirlərinin 70%-i miqdarında (3679,45 manat) məbləği Xəlilova (Səmədzadə) Gülnar Rəhman qızının kart hesabına köçürmüşdür.

4. Borclunun iş yeri barədə elektron məlumatlardan görünür ki, borclunun aylıq əmək haqqı 6086,95 manat təşkil edir.

5. İcra işinin materialları ilə müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-333/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Xəlilova (Səmədzadə) Gülnar Rəhman qızına ödənilməsi qət edilmişdir.

6. Sumqayıt Şəhər İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Borclu barəsində e126994/2024-47-28-004 saylı icra işinə başlanılmışdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 8(060)-560/2024 nömrəli qərardadı ilə (hakim Elmir Hüseynov) ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər tutulmalı olan alimentin yarı hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi qərara alınmışdır.

8. Həmin qərardaddan narazı qalan Tələbkar xx.xx.2024-cü il tarixdə şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-560/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və əizənin rədd olunması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 8(060)-560/2024 nömrəli qərardadı ilə (hakim Elmir Hüseynov) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 560/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 560/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2025-ci il tarixli Qərardadı ilə şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.

Şikayətin dəlilləri

11. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır və bu səbəbdən ləğv olunmalıdır. Qərardada nəzər yetirdikdə, qərardadda hər hansı əsaslandırıcı hissənin olmadığını aydın görmək olar. Hakim yalnız Azərbaycan Respublikasında 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat olması kimi absurd bir əsasa istinad etmiş, sonra da qanunvericiliyin maddələr toplusunu qeyd edərək belə bir qərardad qəbul etmişdir. Bildirir ki, hakimin bu qərarı uşaqların mənafeyinə xələl gətirən, onların yaşam şəraitlərində məhdudiyyətlərə yol açan, yüksək təlim və təhsillərində əngəllər yaradan, “Uşaq hüquqlarına dair” Konvensiyasının və bir çox maddi normaların tələblərini pozan bir qərardır. Belə ki, “Uşaq hüquqlarına dair” BMT Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Hakimin bir tək 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını əsas gətirərək belə qənaətə gəlməsinin heç bir qanuni əsası yoxdur. Əgər belədirsə, onda atanın qazancının və digər gəlirlərinin müəyyən hissəsi miqdarında alimentin tutulması kimi Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbi niyə mövcuddur. Onda standart olaraq bütün alimentlər 235 manatdan müəyyən edilərdi. Ailə Məcəlləsinin 76-cı maddəsinin məqsədi ondan ibarətdir ki, atanın qazancı yüksək olduğu halda, tutulacaq alimentin də yüksək olması onun uşaqların daha yaxşı yaşamalarına, daha yüksək təhsil almalarına, sağlamlığının daha yaxşı qorunmasına səbəb olacaqdır. Bu səbəbdən atanın qazancından və digər gəlirlərindən tutulma kimi qanunvericiliyin tələbi mövcuddur. Lakin hakim bütün bu normaları heçə sayaraq, öz mülahizəsini qanunvericiliyin tələblərindən üstün hesab etmiş və uşaqların yuxarıda qeyd edilən mənafelərini pozan qərardad qəbul etmişdir. Bildirir ki, məhkəmədə onun iştirakı təmin olunmamış, keçirilmiş məhkəmə iclasları barədə ümumiyyətlə ona hər hansı məlumat (bildiriş, SMS və s.) verilməmişdir. Sanki məhkəmə ondan gizli keçirilmiş və ərizənin təmin olunması üçün heç bir maneə yaranmamasına şərait yaradılmışdır. Bu səbəbdən yuxarıda qeyd edilən əsaslar üzrə özünü müdafiə etmək üçün imkanı olmamışdır. Elektron Məhkəmə Kabineti olmadığından belə bir qərardadın olmasından yalnız xx.xx.2024-cü il tarixdə xəbəri olmuş və həmin gün də rəsmi qaydada məhkəmədən əldə etmişdir. Tərəfindən xx.xx.2024-cü il tarixdə asan imza alınmışdır. Beləliklə, göründüyü kimi, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər yoxdur.

Şikayətə qarşı etirazın dəlilləri

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tələbkarın nümayəndəsi Nümayəndə4 şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. Borclunun nümayəndələri Nümayəndə3 və Nümayəndə2 şikayətə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

15. İş üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Maddə 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 04/2023 saylı, 08 dekabr 2023-cü il tarixli Qərardadı: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Alimentin ödənilməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

19. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 8(060)-560/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 8(060)-560/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 8(060)-560/2024 nömrəli və bununla bağlı 16 dekabr 2024-cü il tarixli, 8(060)-560/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iş materiallarından müəyyən olunur ki, Borclu qətnamənin icra üsul və qaydasının dəyişdirilməsinə dair məhkəmə qərarlarının icrası qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsin 2(060)- 333/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Borclu xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər tutulmalı olan alimentin yarı hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə ərizə təmin edilmişdir.

23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, borcludan tutulan alimentin məbləği uşaqlar üçün yaşayış minimumundan xeyli atrıqdır və alimentin yarı hissəsi uşaqların adına açılmış bank hesabına köçürüləcəyi halda, alimentin qalan məbləği uşaqların saxlanmasına kifayət edəcəkdir.

24. Məhkəmə qərarı ilə razılaşmayan Tələbkar şikayət vermişdir.

25. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

26. Yuxarıda qeyd olunan Qərarda Ali Məhkəmə tərəfindən irəli sürülmüş hüquqi mövqeyə əsasən ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır.

27. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələbinə əsasən aliment almaq uşağa məxsus olun hüquqdur. Aliment valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

28. Məhkəmə iclasında dindirilən ərizəçi tərəf uşaqların ödənişli təhsil almadıqlarını, o cümlədən əlavə haqq ödənilməklə müxtəlif dərnəklərə getmədiklərini və bu kimi əlavə xərclərinin olmadığını, bu baxımdan ödənilən aliment məbləğinin yarısının uşaqların təminatlarını (qidalanması, geyimi) qarşılamaq üçün kifayət qədər ağlabatan məbləğ olduğunu, əlavə zəruri xərclər olmadığından aliment məbləğinin yarısının uşaqların gələcəkdə təhsilləri ilə bağlı xərcələrə sərf edilməsi üçün bank hesabına köçürülməsini xahiş etdilər.

29. Məhkəmə iclasında dindirilən tələbkarın nümayəndəsi borclu tərəfin göstərdiklərini təkzib edən heç bir sübut məhkəməyə təqdim etmədi.

30. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətincə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.

31. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 8(060)-560/2024 nömrəli və bununla bağlı 16 dekabr 2024-cü il tarixli, 8(060)-560/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar