Məhkəmə qərarları › İş №8(105)-40/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-40/2023

29.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-40/2023 29.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Quba Rayon İcra və Probasiya Şöbəsinin İcra məmurunun icra sənədinin məhkəməyə geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli 2(105)- 587/2020 nömrəli qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli 2(027)-1477/2019 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X2 cavabdehlər Borclu və X4 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Borclu 13500 (on üç min beş yüz) manatın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 (on beş) manat dövlət rüsumlarının alınaraq iddiaçı X5 verilməsi, iddia tələbinin X4 qarşı olan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), S.Qafari, F.Məmmədov). Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli 2(102)-1369/2021 nömrəli qərarı ilə cavabdeh Borclu kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli 2(105)- 587/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), G.Quliyev, İ.Xələfov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli 2(105)- 587/2020 nömrəli qətnaməsi icra olunması üçün Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi məhkəməyə geri qaytarılmışdır. X1 qərardaddan şikayət verərək Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, borclu 2020-ci ilin noyabr və dekabr aylarında borc pulun az bir hissəsini ödəsə də, həmin tarixdən sonra ödəmə etməmişdir. Borclu pulu ödəməkdən qəsdən yayınır. Quba Rayon İcra Şöbəsinin yuxanda qeyd olunan qərarı ilə razılaşmır. Hesab edir ki, həmin qərar əsassızdır və ləğv edilməlidir. Bu iş üzrə üç ildir ki, icra işi davam etdirilir, amma icra tədbirləri səthi və formal yerinə yetirilir. Halbuki borclunun bu müddət ərzində borcu ödəməyə maddi imkanı olmuşdur və vardır. Quba Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə X1nın və Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, X1nın Quba Rayon İcra və Probasiya Şöbəsinin İcra məmurunun icra sənədinin məhkəməyə geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayət təmin olunmalı, icra məmurunun icra sənədinin geri qaytarılması haqqında qərarı əsassız olduğundan ləğv edilməli və icra tədbirlərinin davam etdirilməsi üçün qərar icra qurumuna göndərilməlidir. Şikayətin dəlillərini əsaslı hesab edən apellyasiya kollegiyası sadalanan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, işdən aydın olduğu kimi Quba Rayon İcra və Probasiya Şöbəsinin İcra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə borcluların əmlak və gəlirlərini müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, o cümlədən əmlaklarına baxış keçirilmiş, lakin görülmüş tədbirlərin nəticə verməməsi əsası ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. İcra məmuru qərarın əsası kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad etmişdir ki, kollegiya həmin qərarı əsassız hesab edir. Quba Rayon İcra və Probasiya Şöbəsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. “İcra haqqında” Azərbycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılmasının əsasları və qaydası müəyyən edilmişdir. Həmin qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, icra sənədi onu qəbul etmiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Eyni qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Yenə həmin qanunun 23.3-cü maddıəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirinin növləri sadalanmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1) icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. İşdən görünür ki, hazırkı icra sənədi üzrə məcburi icra tədbirinin tətbiqi üçün göstərilən 3 əsas da mövcuddur. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, X1nın Quba Rayon İcra və Probasiya Şöbəsinin İcra məmurunun icra sənədinin məhkəməyə geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayət təmin olunmalı, icra məmurunun icra sənədinin geri qaytarılması haqqında qərarı əsassız olduğundan ləğv edilməli və icra tədbirlərinin davam etdirilməsi üçün qərardad icra qurumuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-159, 263-264, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli 2(105)-587/2020 nömrəli icra sənədinin geri qaytarılması haqqında 17 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(105)- 587/2020 nömrəli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün Quba Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar