Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-40/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, X3 Qasım qızının Maraqlı şəxs xx.xx.2024-cü il tarixli aliment borcunun müəyyən edilməsi barədə qərarından şikayət ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-817/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: X3 Qasım qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru Elşən Əsədovun xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək, Sumqayıt şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 2(060)-512/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi və xx.xx.2016-cı il tarixdən hesablanmalı olan hər ay ümumilikdə 274 manat sabit pul məbləğinin tutularaq tələbkar Əskərova Zeynəb Qasım qızına ödənilməsi qətnaməsi üzrə sentyabr ayına kimi 26.030 manat və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-557/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra hesablanmaqla ümumillikdə 400 manat sentyabr ayına kimi 2800 manat ödənilməmiş borcun olması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 512/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsinə əsasən Borclu hər ay ümumilikdə 274 manat sabit pul məbləği pul tutularaq tələbkar Əskərova Zeynəb Qasım qızına ödənilməsi göstərilmişdir. Qətnamədə alimentin tutulmasının xx.xx.2016-cı il tarixindən mütləq hesablanmalı olması qeyd olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra Maraqlı şəxsnə icra olunması üçün göndərilmişdir. Həmin il icra məmuru qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunması məqsədi ilə aliment borcunu könüllü icra etməyən borcu barəsində məcburi icra tədbiri seçəcəyini Borclu bildirdikdən sonra o vəd verərək məhkəmədən və icradan kənar olaraq ölənədək bir ata kimi övladlarına baxmalı olduğu andını içdikdən sonra ona icra sənədinin geri götürülməsi ilə bağlı ərizə vermişdir. “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbkarın ərizəsi əsasında tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Borclu ondan bu ərizəni notarial qaydada aldıqdan sonra bir necə ay ərzində yenə də onunla normal danışaraq yenə vədlər verərək aliment borcunun hamısını qısa zamanda tam ödəyəcəyini demişdir. Bir ilin tamamında onun artıq ölkədə olmadığı xəbərini aldıqdan sonra o, anlamışdır ki, onunla evli olan zaman insan kimi rəftar etməyən biri boşandıqdan sonra necə bacardı onunla daha çox mehriban olmağı. Düzü bu hal onu hər zaman narahat etmiş və düşündürmüşdür. Sən demə fitnə hər yerdə fitnədir onunda bu kimi hərəkətlərinin ardında vicdanlı ata kimi övladlarına baxmaq yox, onların minimum tələbatlarını ödəmək yox məhz uşaqlarının haqqı olan alimenti ödəmədən ölkəni rahat tərk edib getməsi səbəbi dururmuş. Bütün bu olanlardan sonra kişi olaraq sözünü tutmayan bir şəxsin simasız formal şəxsiyyəti ilə üzləşməmək üçün o, icra sənədini yenidən icraya yönəltməmişdir. Həmin vaxt vəkil ilə də məsləhətlər etmiş, ona bildirilmişdir ki, 10 il sonra yenidən icra sənədi icraya yönəlsə ödənilməyən aliment borcu borcludan tələb edilərək alınıb ona verilməlidir. Bu tələbin tam qanuni əsaslarla olduğunu olduğunu bildikdən sonra o, uşaqlarına özü baxacaq deyib uşaqlarını bu illər ərzində özü tək hər ehtiyaclarını qarşılayaraq yaxşı bir vətəndaş olaraq böyütmüşdür. Aliment ödəməsin deyə uşaqlarından qaçan borclu ata bu illər ərzində bir dəfə olsun uşaqlarına zəng edib “necəsən mənim balam sözünü belə deməmişdir”. Uşaqlarına haqqı olan alimenti ödəmədiyi kimi, ata nəvazişindən də uşaqları məhrum etmişdir. Şükür Allahın məsləhətinə ki, uşaqları onlara çəkdiyi əziyyətinin bəhrəsini ona layiqincə qaytarırlar. Onlar çox tərbiyəli və dərslərini də yaxşı oxuyurlar. Uşaqları hər gün böyüdüyü kimi onların tələbatları da ehtiyacları da, istəkləri də böyüyür. Artıq sürətlə dəyişən dünyada onunla ayaqlaşmaq üçün uşaqlarının ehtiyaclarını o, tək qarşılamaqda böyük çətinliklər çəkməyə başlayıb. Məhz bu səbəbdən də illərdi icrada olmayan qətnamənin icraya yönəlməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edib, aliment artırılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Artıq istəyir ki, 10 ilə yaxındır uşaqlarından xəbəri olmayan ata qrafasında sadəcə formal adı yazılan Ceyhun uşaqlarına olan aliment borcunu qanunun tələb etdiyi formada ödəsin. xx.xx.2023cü il tarixdə Sumqayıt Şəhər məhkəməsinin hakimi Şəbnəm Həxiyeva tərəfindən ərizəsinə cavab məktubunda qeyd olunan qətnamənin qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldiyi öz əksini tapmışdır. Geri qayıtma barədə məhkəmədə heç bir məlumat olmaması bildirilmişdir. Məhkəmədən aldığı rəsmi məlumat ilə o, yenidən icra sənədinin Maraqlı şəxsndə olmasını güman edib xx.xx.2023-cü il tarixdə ərizə ilə icra şöbəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsndə tərəfindən ona ünvanlanan ərizədə X3 Qasım qızının xx.xx.2018-ci il tarixdə 23.1.1-ci maddəsinə əsasən “İcra sənədini məhkəməyə qaytarılması barədə” qərar qəbul edərək həmin sənədi məhkəməyə qaytarıldığını bildirmişdir. Bundan başqa ərizəyə icra məmuru qərarının surətini belə əlavə etmişdir. Məhkəməyə və icraya çoxlu məktublar yazdıqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şəbnəm Həxiyeva icra söbəsinə göndərmişdir. xx.xx.2024-cü il tarixdə icraya yönələn icra sənədi bir necə ay sonra 30 may 2024-cü il tarixdə icraata qəbul olunmuşdur. Bunun özü də qanun pozuntusudur və səbəbi açıqlanmalı mövzudur. Bütün bu olanlar azmış kimi o, Maraqlı şəxsndə daha böyük bir problemlə qarşı qarşı-qarşıya qalmışdır. Alimentin artırılması ilə baqlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli digər qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Borclu iki usağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkarın xeyrinə tutulan alimentin məbləği artırılaraq hər ay cəmi 400 manat sabit pul məbləğində müəyyən edilmişdir. Bundan başqa hər iki icra sənədi 30 may 2024-cü il tarixli qərarla icra sənədləri bir icraatda birləsdirilmişdir. xx.xx.2024-cü il tarixdə çıxarılan məhkəmə qətnaməsi üzrə avqust ayına kimi ödənilməli olan aliment məbləği 2400 manat təşkil edir. Bundan başqa 2(060)512/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi üzrə ödənilməli olan aliment borcunun hesablanması isə xx.xx.2016-cı il tarixdən hesablanmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Borclu xx.xx.2016-cı il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, cəmi 274 manat sabit pul məbləğində aliment tutularaq Zeynəb Əskərovaya ödənilməlidir. Məhkəmə qətnaməsi üzrə alimentin hesablanmasından bu aya kimi 95 ay ötüb həmin 95x274=26.030 manat təşkil edir. Heç bir manat olsun borcu ödənilməyən qətnamə üzrə borc 26.030 manat və yeni qətnamə üzrə isə sentyabr ayı üzrə 2800 manat aliment borcu təşkil etdiyi halda ona çox maraqlıdır ki, icra məmuru necə və nə cür hansı mistiq hesablamalar apararaq, ona qarşı qərəzi və aqresiyasını göstərərək balalarının haqqı olan alimentin məbləğini ağlasığmaz həddə azaldaraq xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir. Qərar qəbul edilərkən heç bir mütəxəssis, yaxud da mühasibin biliklərindən istifadə etməyib. Borcun hesablanması məhkəmə qətnaməsində göstərilən tarixə istinad edilərək ödənilmiş pulun qəbzi əsasında hesablanmalı idi. Görünür icra məmuru bilərəkdən və qəsdən bu bir necə şəxsin səlahiyyətlərini özündə mənimsəyərək borclunun vəziyyətini yaxşılaşdıran qanunsuz qərar qəbul edib. İcra məmurunun bu qərarı tam qanunsuzdur. Qanunsuz olduqu qədər ədalətsizdir. Bundan başqa hesab edir ki, icra məmurunun burada xüsusi marağı vardır ki, 26.030 manat və 2800 manat aliment borcunu iki qətnamənin cəmi olan və bir icraatda birləşən icra sənədini 28.830 manat aliment borcunu 1263.93 manat kimi kiçik bir rəqəmə sığdıraraq borclunu bu böyük məsuliyyətdən kənar tutmağa çalışmışdır. Qeyd etmək istəyir ki, borclu bu günə kimi hər iki qətnamə üzrə bir manat ödəniş belə uşaqların saxlanması üçün etməmişdir. Nə icra haqqında qanunda nə də digər Prosessual Məcəllələrin tələblərində icra sənədinin icra haqqında qanunun 23.1.1-ci maddəsi ilə geri qayıtdıqdan sonra icra sənədinin icrada olmadığı müddətdə aliment borcu dondurulur yaxud da hesablanmır. Bu absurd fikrə icra məmuru Elşən Əsədov necə və nə cür qanunsuz olaraq gəlməsi hələ də ona qaranlıq qalmaqdadır. Etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin müraciətləri əsasında Maraqlı şəxs icra məmuru Elşən Əsədov ona poçt vasitəsi ilə məktub ünvanlamışdır. Həmin məktubu nümayəndəsi xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Qeyd edilənlərə əsasən tələbkar şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-817/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) şikayət ərizəsi qismən təmin edilmiş, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə aliment borcunun müəyyən edilməsi hissəsində ləğv edilməsi, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-512/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması, şikayət ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Maraqlı şəxs xx.xx.2018-ci il tarixli qərarı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi “İcra haqqında” AR qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmış, X3 Qasım qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə ilə ilk dəfə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, lakin mülki işin materiallarında icra sənədinin qaytarılması barədə hər hansı məlumat olmadığından onun xahişi təmin edilməmiş, tələbkarın təkrar müraciətlərindən sonra icra sənədi xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, xx.xx.2024-cü il tarixdə isə Maraqlı şəxsnə göndərilmiş, tələbkarın müraciəti əsasında icra sənədi məhkəməyə geri qaytarıldıqdan sonra xx.xx.2023-cü il tarixədək (təxminən 5 il 6 ay müddətində) tələbkar icra sənədinin yenidən icraya yönəldilməsi üçün hər hansı təşəbbüs göstərməmişdir. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə aliment borcu tələbkarın həmin icra sənədinin yenidən icraya yönəldilməsi barədə ilk dəfə ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-557/2024 saylı mülki iş üzrə qətnaməsi xx.xx.2024cü il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2024-cü il tarixdə elektron qaydada icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmiş, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli aliment borcun müəyyən edilməsi barədə qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 557/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə aliment borcunun 1200 manat olduğu qeyd edilmişdir. Məhkəmə icra sənədinin xx.xx.2024-cü il tarixdən qanuni qüvvəsini aldığını nəzərə alaraq hesab edir ki, həmin icra sənədi üzrə həmin tarixdə icra məmurunun müəyyən etdiyi aliment borcu (təxminən 3 ay üçün 1200 manat (3 x 400 manat)) icra haqqında qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq qərarının tələblərinə uyğun olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-817/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından narazı qalan Borclu şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul edilmiş məhkəmə qərardadı ilə razı deyil. Belə ki, məhkəmə araşdırma zamanı işin bütün hallarını araşdırmayıb və vacib bir nüansı nəzərə almayıb. X3 Qasım qızı, notariat reyestrində 7E-15469 nömrəli ərizə ilə 2(060)- 512/2017 saylı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi üzrə təyin edilmiş alimentdən imtina etmişdir. Həmin ərizə tələbkar tərəfindən yalnız xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən yeni qəbul edilmiş 2(060)-557/2024 saylı qətnamə ilə qüvvədən düşmüş hesab edilə bilər. Qeyd edilənlərə əsasən borclu qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-817/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin ediməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdən görüdüyü kimi borclu birinci instansiya məhkəməsinin qərardadını qismən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2017 saylı qətnaməsi üzrə aliment borcunun hesablanmasına dair hissəni mübahisələndirmişdir. Buna görə də məhkəmə kollegiyası qərardadın qanuniliyi və əsaslılığını mübahisələndirilən hissədə və şikayət həddində yoxlamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 8(060)-817/2024 saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «İcra haqqında» Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Həmin Qanunun 23.7-ci maddəsinə görə icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Hazırki iş materialları ilə müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarı iki icra sənədi üzrə aliment borcunun müəyyən edilməsi ilə əlaqədar qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 və X1 18 yaşa çatanadək saxlanması üçün Borclu hər ay bir uşaq üçün 137 manat olmaqla, ümumilikdə 274 manat sabit pul məbləğində aliment tutularaq Əskərova Zeynəb Qasım qızına ödənilməlidir. Həmin icra sənədi xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs icraatına daxil olmuş, tələbkar xx.xx.2018-ci il tarixdə icra Şöbəsinə müraciət edərək icra sənədinin “İcra haqqında” AR qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmasını xahiş etmiş, Maraqlı şəxs xx.xx.2018-ci il tarixli qərarı ilə icra sənədi geri qaytarılmışdır. Bundan sonra tələbkar xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmiş və icra sənədi icra edilməsi üçün İcra şöbəsinə göndərilmişdir. Məhkəmə kollegiyası tələbkarın 2(060)-512/2017 saylı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi üzrə təyin edilmiş alimentdən imtina etməsi, həmin ərizənin yalnız Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-557/2024 saylı qətnaməsi qüvvədən düşmüş hesab edilə bilməsi ilə bağlı şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan tələbkarın 29 mart 2018-ci il tarixli ərizəsindən görünür ki, o icra icraatı zamanı tələbdən imtina etməmiş, 2(060)-512/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin «İcra haqqında» Qanunun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmasını xahiş etmişdir. «İcra haqqında» Qanunun 23.3-cü maddəsinə əsasən tələbkarın müraciəti əsasında icra sənədinin yenidən icraya yönəldilməsi nəzərdə tutulduğundan tələbkar öz hüquqlarınan istifadə edərək icra sənədinin yerindən icraya yönəldilməsini tələb etmiş, buna müvafiq olaraq da icra sənədi yenidən icraya yönəlidilmişdir. Qeyd olunan ərizə xx.xx.2023-cü il tarixdə verilmişdir ki, 2(060)-512/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi də həmin tarixdən yenidən icraya yönəldilmiş hesab olunmuşdur. xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən yeni qəbul edilmiş 2(060)-557/2024 saylı qətnamə ilə icra sənədinin geri qaytarılmasına dair 29 mart 2018-ci il tarixli ərizənin qüvvədən düşmüş hesab edilməsi ilə bağlı şikayətin dəlili əsassız olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 8(060)-817/2024 saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 8(060)-817/2024 saylı qərardadı Borclu şkayətinə dair mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-40/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-40/2025
12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver