Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-41/2022 28.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, DO-18243/2013 saylı qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim E.Hüseynov) Sumqayıt şəhər Məhkəməsinin DO-18243/2013 saylı, 19 dekabr 2013-cü il tarixli, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardadının ləğv edilməsi qərara alınmışdır. Tələbkar "xxxx" ASC qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, DO-18243/2013 saylı qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhəri üzrə icra şöbəsinin icra məmuru Taleh Mustafayev təqdimatla məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)- 498/2013 saylı, 14.08.2013-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin DO-18243/2013 saylı, 19 dekabr 2013-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-498/2013 saylı 14.08.2013-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin DO-18243/2013 saylı, 19 dekabr 2013-cü il tarixli, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardadının ləğv edilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməsini Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-498/2013 saylı, 14.08.2013-cü il tarixli icra sənədi üzrə borc məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-128/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan Xudat şəhəri, Dəmir-Yolu küçəsində yerləşən mənzilə yönəldilməsi, sözügedən qətnamənin qüvvəsini alması və icraya yönəldilməsi, hazırda həmin qətnamənin icrası üçün icra hərəkətlərinin aparılmaqda olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, Borclu şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin DO- 18243/2013 saylı, 19 dekabr 2013-cü il tarixli, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında isə aşağıdakılar qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Bundan sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyi mümkünlüyü əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli və onunla bağlı 28 fevral 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-41/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-41/2022
28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver