Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-41/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X16 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 8(060)-124/2023 nömrəli qərardadından tələbkar İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) ərizənin qismən təmin edilməsi, hazırkı qərardad çıxarıldığı gündən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-460/2022 nömrəli iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 3 (üç) ay möhlət verilməsi, ərizə qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tələbkar İddiaçı ASC qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-124/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadından tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16782/2016 nömrəli, 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər X13, X4, X9, X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, X7 14 avqust 2013-cü il tarixli, İK 4047/f-13 saylı kredit müqavləsi üzrə 9.646,59 manat məbləğində əsas, 2.119,75 manat məbləğində faiz, 500 manat cərimə, ümumilikdə 12.266,34 manat məbləğində pulun, 23 aprel 2015-ci il tarixli, 0156/İK-15 saylı kredit müqaviləsinə əsasən milli manat ekvivalentində 7.610,45 ABŞ dolları əsas, 992,69 ABŞ dolları faiz, 500 ABŞ dolları faiz borcu, ümumilikdə 9.103,14 ABŞ dolları, 23 aprel 2015- ci il tarixli, KK 015/KK-15 saylı kredit kartı müqaviləsi üzrə milli manat ekvivalentində 377,58 ABŞ dolları əsas, 41,72 ABŞ dolları faiz, 5 ABŞ dolları cərimə borcu olmaqla,ümumilikdə 424,3 ABŞ dolları pulun, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün 60 manat rüsumu, 25 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 20 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 40.000 (qırx min) manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 9.527,44 ABŞ dolları, 12.266,34 manat məbləğində pul, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş puldan 25 manat dövlət rüsumu, 60 manat notariata xidmətləri üçün ödənilmiş pulun İddiaçı ASCnə ödənilməsi, qalan vəsaitin isə X8 qaytarılması,iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. X1, X4, X9 və X11 ərizə ilə məhkəməyə müraciət edərək, körpə uşaqlarının olmasının, imkansızlığının və qış vaxtı olmasının nəzərə alınaraq Sumqayıt şəhəri, 4-cü mikrorayon, 1/70 saylı evin, 20 saylı mənzilinə tutmanın yönəldilməsinə, mənzildən çıxarılmalarına və mənzilin boşaldılmasına 1 il müddətinə möhlət verilməsinə dair qərardad qəbul edilməsi xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(060)-16782/2016 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər X13, X4, X9, X6 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi barədə iddiası təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2(105)- 947/2017 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-460 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarı ilə icra vərəqəsinin məcburi icrasını təyin etmiş və mənzildən məcburi qaydada çıxarılmalarını tələb etmişdir. ünvan 1, iki otaqdan ibarət 20 saylı mənzil onların yeganə yaşayış yeridir. Yaşamağa başqa mənzilləri yoxdur, heç yerdə işləmirlər, ailədə başqa işləyən də yoxdur. Digər mənzildə kirayədə yaşamağa imkanları yoxdur. Onlar azyaşlı uşaqları ilə mənzildən qışın bu çağında küçəyə atılmış olacaqlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar İddiaçı ASC Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və məsələnin həll edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə, ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Qanunun maddəsindən aydın olduğu kimi burada tutmaya yönəldilmə təxirə salına bilər. Halbuki hal-hazırda mübahisə predmeti olan mənzil İddiaçı ASC-nin mülkiyyətindədir. Yəni, ipotekaya tutma yönəldilərək məhkəmə müraciət olunmuş, məhkəmə qətnaməsi əsasında hərraca çıxarılaraq Bank tərəfindən hərracın yekunlarına dair protokolla əldə edilmiş və çıxarışla TuranBank ASC-nin mülkiyyət hüququ ilə təsdiq edilmiş mənzildən söhbət gedir. Beləliklə, məhkəmənin əsaslandığı “İpoteka haqqında” Qanunun 39.4-cü maddəsi hazırkı işə şamil oluna bilməz. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhz məhkəmə bu maddənin dispozisiyasında qeyd olunmuş “qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla” sözünə istinad edərək belə qənaətə gəlmişdir ki, burada qanunla nəzərdə tutulmuş istisna hal mövcuddur və bu da tutma yönəldilən ipoteka predmetinin ipoteka qoyanın yeganə yaşayış yeri olmasıdır. Lakin məhkəmə yenə də MPM-nin 231.5-ci maddəsində qeyd olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi söz birləşməsinə əhəmiyyət verməmişdir. Mübahisə predmeti ipotekaya tutmanın yönəldilməsi deyil, mülkiyyətçinin mülkiyyətində olan əmlakdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini ipoteka qoyulmuş mənzil icra sənədi üzrə borcluların yeganə yaşayış yeri olması və onların digər yerdə yaşamağa imkanlarının olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hornsbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, « Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdı». Məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (bax, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-İİİ). Məhkəmə kollegiyası qeyd edilən normaları müqayisəli təhlil edərək hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan mənzil artıq tələbkarın mülkiyyətində olduğundan, məhkəmə aktı il hüquqları bərpa edilən tələbkara mənzilin gec təhvil verilməsi qətnamə ilə hüquqları bərpa edilən iddiaçının (tələbkarın) hüquqlarının bərpasını xəyali etmiş olmasını qaçılmaz edəcəkdir. Halbuki şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn xəyali deyil, real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Həmçinin o da nəzərə alınmalıdır ki, araşdırılan mübahisə üzrə məhkəmə aktının icrasına tələb olunan müddətə möhlət verilməsi məhkəmə aktının icra müddətini həddindən artıq uzatmaqla tələbkarın qanuni mənafeyini, eləcə də məhkəmə qərarlarının icrası ilə bağlı ağlabatanlıq və ədalətlilik meyarlarını pozmuş olur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Tələbkar İddiaçı ASC-nin şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli və onunla bağlı 13 mart 2023-cü il tarixli qərardadları ləğv edilməli və ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli və onunla bağlı 13 mart 2023-cü il tarixli qərardadları ləğv edilsin. Qətnamənin icrasına möhlət verilməsi barədə X1nun, X2, X3 və X5 ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-41/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-41/2023
03.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver