Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-42/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-40/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Borclu mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt şosesi 133İ ünvanında yerləşən qeyri-yaşayış sahəsi (23 saylı mağaza), Abşeron rayonu, Masazır kəndində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu-3, “Rahat Nəfəs” yaşayış kompleksində yerləşən 1B, 2B, 3B qeyri-yaşayış binalarının, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 565 kv.m) üzərinə həbs qoyulması barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)- 31/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu (VÖEN **********) 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 107767,73 ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 5000 ABŞ dolları məbləğində dəbbə pulu və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 128648,66 ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 6000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla - cəmi 247416,39 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə iddiaçı Tələbkar MMC-nin xeyrinə tutulmalı, məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul vəsaiti cavabdeh Borclu və 15 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq, iddiaçı Tələbkar MMC-yə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2022ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədi icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 133İ ünvanında yerləşən qeyri-yaşayış sahəsi (23 saylı mağaza), Abşeron rayonu, Masazır kəndində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu-3, “Rahat Nəfəs” yaşayış kompleksində yerləşən 1B, 2B, 3B qeyri-yaşayış binalarının, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 565 kv.metr) aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən əmlakların üzərinə həbs qoyulmaqla borc tələbi borclunun əmlakına yönəldilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-40/2023 nömrəli qərardadı ilə (sədrlik edən, hakim Məlahət Abbasova) təqdimat qismən təmin edilmiş, Borclu mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 133İ ünvanında yerləşən qeyriyaşayış sahəsinin (23 saylı mağaza), Abşeron rayonu, Masazır kəndində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1499 ha hissəsinin, Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu3, “Rahat Nəfəs” yaşayış kompleksində yerləşən 1B, 2B, 3B qeyri-yaşayış binalarının üzərinə həbsin qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-40/2023 nömrəli qərardadı ilə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatı qismən təmin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1, 45.6, 49.2, 50.1, 50.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 saylı Qərarına istinad etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, borclu Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 31/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini qanunla nəzərdə tutulmuş vaxtda tam yerinə yetirmir, bunun nəticəsində isə qanuni qüvvəyə minmiş məhkəmə aktı xeyli müddətdir ki, icrasız qalır. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü bəndinə istinad edərək, məhkəmə hesab edir ki, bu torpaq sahəsinin yalnız 0,1499 ha hissəsinin üzərinə həbs qoyula bilər. Borclu müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv edilməsi və təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməini xahiş etmişdir. Şikayətin dəlilləri: Şikayətini onunla əsaslandırmışdır ki, təqdimatın aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması ilə bağlı iş materiallarında olan ərizə-vəsatətdə geniş şərh verilmişdir. Bu səbəbdən həmin ərizə-vəsatətdə göstərilənləri bir daha bu şikayətdə göstərilməsinə ehtiyac görmür. Məhkəmə həmin ərizə-vəsatətdə göstərilən dəlilləri nəzərə alaraq onun şikayətinin yuxarıda göstərilən hissəsinə hüquqi qiymət verməlidir. Yəni qısa sözlə, verilmiş icra sənədi Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verildiyi üçün, təqdimata da həmin məhkəmədə baxılmalı idi. Məhkəmə tərəfindən təqdimata dair verilmiş etirazın dəlilləri ümumiyyətlə nəzərə alınmamış və həmin dəlillərə hüquqi qiymət verilməmişdir. Məhkəmə artıq icra edilmiş icra sənədi üzrə yenidən tutma aparılması məqsədilə mülkiyyətində olan əmlaklara həbs qoymuşdur. Yəni məhkəməyə təqdim edilmiş sənədlərlə tam təsdiq olunur ki, sözügedən icra sənədi ona münasibətdə artıq icra edilmişdir. Məhkəmə qərarının ona münasibətdə tam icra edilməsi aşağıdakılarla tam təsdiq olunur. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-21(105)-150/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə (həmin qərardad təqdimata əlavə olunmuşdur) gələcəkdə çıxarılacaq qətnamənin icrasını təmin etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3 saylı bağ evi, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binası (23 saylı mebel mağazası, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı ərazisi, cəmi 24 sot torpaq sahəsi (4 torpaq sahəsi, hər biri 6 sot) üzərində yerləşən 4 ədəd fərdi yaşayış evi, Şamaxı rayonu, Çuxurdyurd kəndində yerləşən 1,0 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan əmlaklar işə baxılan zaman təqdim edilmiş qiymətləndirmə hesabatlarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3 saylı bağ evi – 1.050.000 manat; Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı” ərazisi, cəmi 24 sot torpaq sahəsi (4 torpaq sahəsi, hər biri 6 sot) üzərində yerləşən 4 ədəd fərdi yaşayış evi – 500.000 manat; Şamaxı rayonu, Çuxurdyurd kəndində yerləşən 1,0 ha torpaq sahəsi – 200.000 manat. Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı” ərazisi, cəmi 24 sot torpaq sahəsi (4 torpaq sahəsi, hər biri 6 sot) üzərində yerləşən 4 ədəd fərdi yaşayış evi – 110.000 manat qiymətləndirilmişdir. Göründüyü kimi, qeyd olunan 4 əmlakın dəyəri Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(119)-31/2021 saylı icra sənədinin icrasını təmin etmək üçün artıqlaması ilə kifayət etmişdir. Buna baxmayaraq mülkiyyətində olan əmlaklar qanunsuz və əsassız olaraq icra məmuru tərəfindən dəvət edilmiş qiymətləndirici tərəfindən yenidən qiymətləndirilmişdir. Həmin qiymətləndirmə rəylərinə əsasən əmlaklarına qat-qat aşağı qiymət qoyulmuşdur. Həmin qiymətlər əsasında da hərrac mərkəzi mülkiyyətində olan əmlakları satmışdır (hərrac protokolları əlavə olunur). Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3 saylı bağ evi – 410.000 manata; Şamaxı rayonu, Çuxurdyurd kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 10000 manata; ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 80.000 manata; Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı” ərazisi, cəmi 24 sot torpaq sahəsi (4 torpaq sahəsi, hər biri 6 sot) üzərində yerləşən 4 ədəd fərdi yaşayış evi – 110.000 manata. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(119)-31/2021 saylı qətnaməsi ilə ondan lizinq şirkətinin xeyrinə 247416,39 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Həmin məbləğ bu günə olan məzənnəyə görə 420.607 manat təşkil edir. Məhkəməyə təqdim etdiyi hərrac protokollarına əsasən ümumi olaraq satılmış əmlakımın dəyəri - 610.000 manat təşkil edir (tutulmalı olan borcdan hətta artıqdır). Göründüyü kimi, təqdim edilmiş hərrac protokollarına əsasən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(119)-31/2021 saylı qətnaməsinin ona aid olan hissəsi artıq tam icra edilmişdir. Belə olan halda icra məmurunun təqdimatı hansı əsasa görə təmin edilmişdir? Göründüyü kimi, məhkəmə işin bu faktiki hallarını nəzərə almamış, etirazında bu hallara dair gətirdiyi dəlillərə isə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Məhkəməyə təqdim etdiyi etiraza heç qərardadında belə münasibət bildirməmişdir. Məhkəmə MPM-in tələblərini kobud şəkildə pozmuş və işə baxarkən onun təqdim etdiyi sübutlara və hallara hüquqi qiymət verməmişdir. Nəticədə qəbul edilmiş qərardad çəkişmə prinsipinin pozulması ilə qəbul edilmiş hesab edilir. Bu isə kobud prosessual pozuntudur. Eyni zamanda məhkəmə heç bir hüquqi əsas olmadan mülkiyyətində olan əmlaklara həbs qoyumaqla onun əsassız olaraq mülkiyyət hüquqlarını da pozmuşdur. Məhkəmə işə baxıb yekun məhkəmə aktı qəbul etdikdən sonra həmin qərardadı qanunda nəzərdə tutulmuş müddət keçdikdən sonra elektron məhkəmə sisteminə yerləşdirmişdir. MPM-in imperativ göstərişinə əsasən məhkəmə qərardadı qəbul edildiyi vaxtdan 5 gün ərzində elektron məhkəmə sistemində yerləşdirilməlidir. Lakin məhkəmə prosessual qanunvericiliyin bu tələbini də kobud şəkildə pozaraq qərardadı 18 gün sonra elektron məhkəmə sistemində yerləşdirmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-21(105)-150/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binası (23 saylı mebel mağazası) ilə bağlı icra məmuru tərəfindən hər hansı icra hərəkətləri edilməmişdir. Halbuki həmin əmlakın da kifayət qədər dəyəri var. Həmin əmlakla da bağlı üzərinə həbs qoyulmuş əmlak kimi icra sənədinin icrasını təmin etmək üçün icra hərəkətləri həyata keçirilməlidir. Həmin əmlakın da dəyəri kifayət etmədiyi halda icra məmuru sonrakı icra hərəkətlərinə keçərək mülkiyyətimdə olan digər əmlakların üzərinə həbs qoyulmasını tələb edə bilər. Hazırki təqdimat həm qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-21(105)-150/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına ziddir, həm də mülkiyyətçi kimi onun hüquqlarını kobul şəkildə pozur. Beləliklə, məhkəmə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına baxarkən kobud prosessual pozuntulara yol vermişdir. Bu isə həm qərardadın ləğv edilməsi, həm də hakim barəsində xüsusi qərardad qəbul edilərək intizam işinin başlanılması üçün əsasdır. Apellyasiya instansiya məhkəməsində yazılı icraat Şikayətə qarşı yazılı izahat və ya etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 14-cü maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Apellyasiya baxışının həddi Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya baxışının predmetini şikayət məhkəmə qərardadının tam ləğvinə yönəldiyindən, qərardadın tam qanuniliyinin yoxlanılması təşkil edir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilən qərardad ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırki icra sənədi üzrə borclu şəxs tərəfindən icra edilməli olan tələb Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra sənədinə əsaslanmışdır. İcra məmuru tərəfindən isə həmin icra sənədinin icrasının təmin edilməsi məqsədilə müvafiq təqdimatla icra sənədini vermiş məhkəməyə, yəni Sumqayıt Kommerisya Məhkəməsinə deyil, Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyrimüəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyrimümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında hər kəsin hüquq və qanuni maraqlarının qorunmasında məhkəmə aidiyyətinin dəqiq müəyyən edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu qaydalara uyğun olaraq qəbul edilən qərarların icrasının ümumilikdə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmasını da xüsusilə qeyd etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə məcburi icra tədbirinin tətbiq edilməsi ilə bağlı icra məmuru tərəfindən müvafiq təqdimatla məhz icra sənədini vermiş məhkəməyə müraciət etməsini birbaşa tənzimləyən norma olmasa da, qeyd edilən hüquqi mövqeyə, habelə qanunvericiliyin qeyd olunan hüquq normalarının təhlilinə əsasən müəyyən olunur ki, icra sənədinin vaxtında və düzgün icrasına daha səmərəli və effektiv nəzarətin həyata keçirilməsinin təmin edilməsi məqsədilə icra sənədi üzrə müvafiq məcburi icra tədbirinin tətbiq edilməsi ilə bağlı icra məmurunun müraciətlərinə məhz icra sənədini vermiş məhkəmə tərəfindən baxılması məqsədəuyğundur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, borclu şəxsin şikayətinin dəlilləri bu hissədə əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallara diqqət yetirilməmiş, təqdimata məhkəmə aidiyyəti qaydalarına əməl etməməklə baxmış, qanunvericiliyin qeyd olunan tələbləri pozulmuşdur ki, bu hallar da iş üzrə düzgün olmayan qərardad qəbul edilməsi ilə nəticələnmişdir. Həmçinin, qeyd olunmalıdır ki, təqdimat aidiyyət qaydalarına uyğun olmadan təqdim edildiyi halda, təqdimatın mahiyyəti üzrə baxılmadan geri qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalı, qeyd edilən məsələ qəbul olunmuş hüquqi mövqeyə və qanunvericilik normalarının tələbinə uyğun həll edilməlidir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, borclu şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264,398 və 399-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-40/2023 nömrəli qərardadı ləğv edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatına aidiyyət qaydaları nəzərə alınmaqla yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-42/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-42/2023
03.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver