Məhkəmə qərarları › İş №8(105)-42/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-42/2024

18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-42/2024 18.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsi üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsi üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(067)-63/2024 nömrəli qərardadından X1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İcra sənədi üzrə borclu X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixdə icra prosesinin keçirilməsi və torpağın bölünərək tələbkara təhvil verilməsi barədə tərtib etdiyi aktın qanunsuz hesab edilməsi və tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 4435/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Daştəmirov Rəşid Balasoltan oğluna mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində hüquqlarını həyata keçirmək üçün X5 tərəfindən yaradılan maneələrə son qoyulmalı, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0.57 ha torpaq sahəsi X3 qanunsuz istifadəsindən alınaraq Daştəmirov Rəşid Balasoltan oğluna verilməlidir. Göstərilən məhkəmə qərarı qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra prosesi zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz ərazi idarəsindən daxil olmuş məktubda qeyd edilmişdir ki, tələb olunan torpaq sahəsinin yerləşdiyi yerin coğrafi mövqeyi, kordinatları, bölgü sxemi göstərilmədiyi üçün mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə icra sənədinin icrası mümkün deyil. Göstərilənlərə əsasən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icrası mümkün olmayan sənəd kimi bir neçə dəfə məhkəməyə geri qaytarılmış və məhkəmə ümumi əsaslarla, yəni mahiyyəti üzrə deyil, yalnız prosessual hərəkətlərin düzgün aparılması hissəsinə toxunaraq həmin qəralar ləğv edilib, iş yenidən icraya yönəldilmişdir. İcra vərəqəsində göstərilən Rəşid Daştəmirova məxsus mülkiyyət hüququ ilə təsdiq edilmiş torpaq sahəsi müəyyən edilməmiş, ümumiyyətlə elə bir hüquq müəyyənedici sənəd yoxdur. Məlumat üçün bildirir ki, həmin iş üzrə ölmüş tələbkarın beş hüquqi varisi var və həmin şəxslər icra şöbəsinin qərarına əsasən tələbkar kimi tanınmışdır. Həmin beş tələbkardan üçü ona həmin torpaq sahəsi ilə bağlı etibarnamə vermiş və icra sənədi üzrə tələbdən onun xeyrinə imtina etmişdir. Lakin istifadəsində zəbt olunmuş torpaq sahəsi olmasa da məhkəmə qərarına hörmətlə yanaşdığı və icrası üçün çalışdığından tələbkarların ailə üzvlərinə məxsus torpaq sahəsi ilə sərhəddə üç cərgə fındıq ağacları yerləşən 0.57 ha torpaq sahəsini tələbkarlara verilməsinə etiraz etmir və həmin tələbkarların torpaq sahəsindən istifadə etməsinə tərəfindən heç bir maneə yaradılmamaqdadır. Bu barədə o, ərizə ilə Maraqlı şəxs1nə müraciət etmişdir. İcra məmuru xx.xx.2024-cü il tarixdə icra prosesi təyin etmiş, həmin prosesə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz ərazi idarəsini dəvət edilmiş, lakin mütəxəsis yenidən kordinat və coğrafi mövqe olmadığından icra prosesinə gəlməmişdir. Bu zaman icra məmuru kefi belə istəyir yolu ilə işi icra etməyə cəhd etmiş, tələbkarlardan birinin hansısa mənşəyi bilinməyən MMC-dən aldığı rəyə əsasən bölgü aparmışdır. İcra sənədi üzrə beş tələbkar olsa da, icra məmuru digər tələbkarlara məlumat vermədən özbaşına qanunsuz olaraq bölgü apararaq mütəxəssisin iştirakı olmadan torpaq sahəsini onu maraqlandıran tələbkara təhvil vermişdir. Bu zaman tərtib etdiyi akta dəvət edilmiş polis əməkdaşı da etiraz edərək imzalamaqdan imtina etmişdir. Bundan qabaq xx.xx.2023-cü il tarixdə təyin olunan prosesdə icra məmuru özü kordinatlar və coğrafi mövqe məlum olmadığından və həmin mübahisəli torpaq sahəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında iş olduğunu əsas gətirərək prosesi təxirə salmış, həmin iş yekunlaşmamışdır. Həmin proses zamanı tələbkarlardan biri həmin MMC-nin rəyini icra məmuruna təqdim etsə də icra məmuru həmin rəyin qanunsuz olduğunu bildirərək, həmin rəyə əsaslanmamışdır. Sonradan həmin rəyə əsaslanma səbəbi yəqin ki hamıya məlum olan səbəbdəndir. Həmin icra prosesi tərəfindən video lentə alınmışdır. Məlumat üçün bildirir ki, həmin MMC-nin verdiyi rəyin etibarsız hesab edilməsi ilə bağlı onun tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmə qərarına əsasən həmin rəyin məhz icra icraatı zamanı dəvət edilmiş mütəxəsis tərəfindən verilmədiyi üçün heç bir hüquqmüəyyənedici qüvvəsi olmadığına əsaslanaraq iş məhkəmə icraatına götürülməmişdir. Göründüyü kimi icra məmuru tələbkarlardan birinin nümayəndəsinin sifarişlərini yerinə yetirərək qanunsuzluqlara yol verir. Həmçinin bildirir ki, göstərilən icra vərəqəsinin icrası ilə bağlı Xaçmaz Layihə Tədqiqat idarəsinin rəyinə əsasən icra sənədinin icrasının mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi icra məmuru dövlət orqanları tərəfindən verilmiş rəylərə istinad etməkdənsə, tələbkarın təqdim etdiyi MMC-nin rəyinə qanunsuz olaraq istinad etmişdir. İcra icraatı zamanı tələbkarın hüquqları olduğu kimi, borclunun hüquqlarıda vardır. Lakin icra məmuru bu hüquqları kobud şəkildə pozaraq qanunsuz olaraq öz şəxsi maraqları naminə işi icra etməyə çalışır.

3. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədi üzrə borclu X5 tələbkar və icra məmuruna torpaq sahəsinə daxil olmağa imkan verməmiş, icra məmuruna maneçilik törətmişdir.

4. Xaçmaz Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(067)-63/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır.

5. X1 nümayəndəsi Nümayəndə1 həmin qərardaddan şikayət verib, Xaçmaz Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(067)-63/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş edilmişdir.

6. Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 8(067)-63/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin göstərilən qərardadına əsasən onun icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsi təmin edilməmişdir. Məhkəmə həmin qərardadda əsaslandığı “İcra haqqında” Qanunun 17, 23.2, 23.1.2-23.1.5 və 40-cı maddələrinin onun şikayətinə ümumiyyətlə aidiyyatı yoxdur. Hesab edir ki, hakim ərizəsini təmin etməmək üçün əsaslandığı hüquq normalarına nəzər yetirilsə, açıq şəkildə qərəzli və qeyri-obyektiv qərar qəbul etdiyi müəyyən oluna bilər. Məhkəmə guya icraat materiallarını əldə etdiyini qərardadda göstərsə də, elə hal olmayıb. İşin materialları ilə tanış olarkən nə icra orqanına edilmiş sorğuya, nədə ki, sorğuya verilmiş cavaba rast gəlmədik. Çünki icraat materiallarına nəzər yetirilsə icra orqanına dəfələrlə edilmiş qanunsuzluqlarla bağlı müraciətlərini görərdi. Keçirilmiş iclas zamanı hakim ümumiyyətlə qərəzli mövqe tutaraq qərardadda göstərdiyi halları müzakirəyə çıxarmamış, özü etiraf edərək bizə sual ünvanlamışdır ki, həmin torpaq sahəsi ilə bağlı kordinatlar müəyyən edilməyibsə siz özünüz torpağı könüllü necə təhvil verə bilərsiz? Burda belə bir sual yaranır ki, bəs kordinatlar müəyyən edilməmiş biz könüllü torpaq sahəsini tələbkarlara verə bilmiriksə, onda necə olur ki, icra məmuru göstərilən akta əsasən torpaq sahəsini bölərək tələbkarlardan yalnız birinə təhvil verir !? İcraat materialları ilə tanış olarkən işin üzlüyünə karandaşla yazılmışdır ki, akt hüquqmüəyyənedici sənəd olmadığı üçün ərizə təmin edilməsin. Artıq hakim zala çıxarkən heç bir araşdırma aparmadan kabinetində belə qənatə gəlmişdir ki, akt hüquqmüəyyənedici sənəd olmadığı üçün şikayəti təmin etməsin. Lakin onlar şikayət ərizəsində aktın ləğvi ilə bağlı tələb irəli sürməmiş, icra məmurunun hərəkətlərinin qanunsuzluğu barədə tələbi irəli sürmüşlər. Hakim qərardadı tərtib edərkən şikayət ərizəsinə nədənsə sonradan diqqətlə nəzər yetirərək tələbin mahiyyətin bildikdən sonra üzlüyə qeyd etdiyi halı qərardadda qeyd etməmiş, yalnız şikayətə heç bir aidiyyatı olmayan icra haqqında qanunun normalarına istinad edərək qanunsuz qərardad qəbul etmişdir. İcra məmuru veriləcək qərarı qabaqcadan bildiyi üçün göstərilən prosesdə iştirak etməmiş və hakimdə icra məmurunun iştirakını təmin etməkdə maraqlı olmamışdır. Halbuki, həmin vaxt icra məmuru məhkəmənin inzibati binasında olmuş, tərəfindən prosesdən qabaq iclasa dəvət olunsa da o, zala gəlməyəcəyini bildirmişdir. Ən azından hakim işin tam obyektiv araşdırılmasında maraqlı olsa idi icra məmurunu iclasa dəvət edər və yaranmış suallara cavab istəyərdi. Lakin hakim qərarını üzlükdə qeyd etdiyi formada verəcəyini qabaqcadan müəyyənləşdirdiyi üçün icra məmurunun prosesdə iştirakını təmin etmək zərurəti görməmişdir. Üzlükdə qeyd etdiyi və qərardada göstərdiyi halları isə ümumiyyətlə iclasda müzakirə etməmişdir. Göründüyü kimi hakim araşdırma aparmadan formal cümlələrlə qərardadın çıxarılması üçün əsas olmayan normalara əsaslanaraq ərizəni təmin etməmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Tələbkarın nümayəndəsi Nümayəndə2 şikayətə qarşı yazılı etirazlar verib, Xaçmaz Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(067)-63/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

9. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

10. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrinin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliy ilə nəzərdə tutulmuş qadadad məsuliyyət daşıyırlar.

11. Maddə 10. İcra hərəkətlərinin həyata keçirildiyi yer 10.1. Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.

12. Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: (...) 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

13. Maddə 87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. (...)

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu:

14. Maddə 1 . İcra məmurlarının funksiyaları İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər.

15. Maddə 7. İcra məmurlarının vəzifələri

İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir; icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir.

16. Maddə 8. İcra məmurlarının hüquqları İcra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq; borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa); tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək; tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək; tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək; icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək; borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək; icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq; icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək; müvafiq icra hakimiyyəti orqanı və digər dövlət orqanlarından (qurumlarından) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı onların səlahiyyətlərinə uyğun olaraq yardım almaq; icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanının “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək; qanunda nəzərdə tutulmuş qaydada eyni vaxtda birdən çox məcburi icra tədbiri görmək. İcra xidməti icra məmurunun məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı hüquqları vardır: kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün icra qurumunun rəhbərinə müraciət etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək.

17. Maddə 9. Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi

İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar.

18. Maddə 10. İcra məmurlarının tələblərinin məcburiliyi

İcra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

20. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

24. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Hazırkı işdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 nömrəli qətnaməsinə əsasən Daştəmirov Rəşid Balasoltan oğluna mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində hüquqlarını həyata keçirmək üçün X5 tərəfindən yaradılan maneələrə son qoyulmalı, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0.57 ha torpaq sahəsi X3 qanunsuz istifadəsindən alınaraq Daştəmirov Rəşid Balasoltan oğluna verilməlidir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normalarda qeyd edildiyi kimi, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

28. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

29. Sadalanan normaların tələblərindən həmçinin göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktını icra etmək icra məmurunun vəzifəsidir və icra tədbirlərinin yekun nəticəsi olaraq icra olunmuş məhkəmə aktı üzrə müvafiq qərar qəbul edilməli və tərəflər həmin qərarla razı olmadıqları halda ondan şikayət vermək hüquqları vardır.

30. Mübahisələndirilən aktdan isə görünür ki, 31 yanvar 2024-cü il tarixində tərtib olunmuş akt borclu tərəfindən tələbkar və icra məmurunun torpaq sahəsinə daxil olmasına imkan verməməsi və icra məmuruna maneçilik törətməsi ilə bağlı tərtib olunmuşdur. Aktda icra hərəkəti zamanı mövcud olmuş vəziyyət əks olunmuşdur. Bunun əksini, yəni həmin halın baş verməməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

31. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Digər tərəfdən, şikayətdə icra məmurunun rəyə əsasən bölgü apardığı, torpaq sahəsini tələbkara təhvil verdiyi göstərilsə də, mübahisələndirilən aktın yuxarıda qeyd edildiyi kimi icra zamanı borclu tərəfin icra məmuruna maneçilik törətməsi ilə bağlı tərtib olunduğu müəyyən olunur.

33. Göründüyü kimi icra məmuru həmin aktı tərtib edərkən hər hansı bir qanunsuzluq törətməmiş, icra prosesi zamanı aşkar olmuş halları müvafiq qaydada rəsmiləşdirməklə akt tərtib etmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas olmadığından, şikayət təmin olunmamalı, Xaçmaz Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(067)-63/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(067)-63/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar