Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-43/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X5 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 8(031)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. X3 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 160 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin maddi imkanı yaxşıdır və yüksək məbləğdə aliment ödəməyə qadirdir. Bazar qiymətləri artdığına görə cavabdehin ödədiyi aliment ilə uşağın saxlanılması artıq mümkün deyildir. Cavabdehlə aralarında aliment miqdaarının artırılmasına dair razılaşma yoxdur.
3. Borclu xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə müraciət edərək X9 Borclu qarşı qətnamə üzrə tutulmuş aliment miqdarının indeksasiyası barədə tələbi qanunsuz və əsaslandırılması mümkün olmayan tələb üzərində qurulduğundan təmin olunmadan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, dövlətdən aldığı 220 manat müavinətdən başqa heç bir gəliri yoxdur. Bununla belə ərizəçi heç bir əsası olmadan onun maddi vəziyyətinin yaxşı olduğunu qeyd etmişdir. Sosial müavinətindən hər ay 160 manatını məhkəmə qətnaməsi əsasında yetkinlik yaşına çatmamış X1 üçün iddiaçı X13 ödəməkdədir. Həmin müavinətin 60 manatı isə ona qalır. Qalan pul onun dərmanlarına kifayət etmir. O, valideynlərinin himayəsində yaşayır və valideynləri ona maddi kömək edirlər. Göstərilənlərə əsasən ərizənin rədd edilməsi xahiş edilmişdir.
5. X2 nümayəndəsi X10 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə müraciə edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 160 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şabran Rayon Məhkəməsinin 8(031)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim K.Mirzəfərova) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 86/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 160 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Borclu X9 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır.
7. Borclu qərardaddan şikayət verərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 8(031)-11/2025 nömrəli qərardadının ləğv edilməsini və ərizəçi Nazlı Səmədovanın ərizəsinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Şabran Rayon Məhkəməsinin 8(031)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Məhkəmə yuxarıda qeyd olunan nəticəyə gələrkən öz hüquqi mövqeyini Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1, 110.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının müvafiq bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 10-1, 232, 263-264-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Şabran Rayon Məhkəməsinin 8(031)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-11/2025 nömrəli qərardadın təsviri-əsaslandırıcı hissəsinin 5 və 17-ci, nəticə hissəsinin 1-ci abzaslarında olan “ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq” sözləri çıxarılmaqla, qərardadda olan yanlışlığın düzəldilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
11. Şikayət onunla əsaslandırılıb ki, iş üzrə ərizənin təmin edilməsi barədə məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Onun maddi imkanı qənaətbəxş deyil. Onun tərəfindən yetkinlik yaşına çatmamış X1 üçün aliment ödənilməsi zamanı tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə düzgün əməl olunmuş və heç bir qanun pozuntusuna yol verilməmişdir. O, uzun illərdir ki, 2-ci dərəcəli əlil olmaqla, xx.xx.2005-ci il tarixdən “əsas xəstəlik vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, epilepsiya xəstəliyindən əziyyət çəkir və xəstəliyi ilə bağlı heç bir yerdə işləmir. Əlilliyə görə 220 manat məbləğində sosial müavinət alır. Əlavə gəliri yoxdur. Onun öz dərmanlarını belə almağa maddi vəziyyəti imkan vermir. Habelə keçən illər ərzində maddi vəziyyətində hər hansı müsbət dəyişiklik olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 3- 17-7/2-D-48947/2024 saylı arayışda göstərilir ki, "Borclu oglu (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "əmək və məşğulluq" altsisteminə əsasən işsiz kimi qeydiyyatdadır. Bütün bunlar cavabdehin maddi vəziyyətinin yaxşı olmadığını sübut edir. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
12. Borclu əlavə edilmiş sənədlərlə birlikdə etiraz ərizəsinə əlavə ərizəsi 19 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
b) Şikayəti qarşı etirazın dəlilləri
13. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının
8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.3. Apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyatorun hazırkı şikayəti Şabran Rayon Məhkəməsinin 8(031)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.
19. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin 8(031)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 8(031)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
22. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 86/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Borclu ilə X14 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 362 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və xx.xx.2018-ci il təvəllüdlü X6 X7 yanında qalması müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment xx.xx.2019-cu il tarixdən başlayaraq X8 tutulub X11 ödənilməsi qət edilmişdir.
23. X4 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 160 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
25. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat müəyyən edilmişdir. Əgər yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək riyazi hesablama aparılarsa indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,84 misli (160:190=0.84) həddində müəyyən edilmiş olur.
26. Lakin işə baxan məhkəmə tərəflərin əmlak vəziyyətini, azyaşlının mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 86/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 160 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək Borclu X9 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində müəyyən etmişdir.
27. Apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı halda şikayətin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
28. Cavabdehin şikayətində göstərdiyi dəlillərlə bağlı kollegiya qeyd edir ki, bu dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
29. Bundan əlavə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (ananın) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.
30. Şikayətin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
31. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.
32. Ona görə də kollegiya yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 8(031)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 8(031)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.