Məhkəmə qərarları › İş №8(105)-44/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-44/2022

13.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-44/2022 13.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 8(027)-649/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 8(027)-649/2021 nömrəli qərardadı ilə (hakim İ.A.Məmmədov) Quba rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin edilib, Quba Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(027)-1114 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu şikayət verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, təqdimatın təmin olunmamasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edib, Quba rayonu, Rustov kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(027)-1114/2019 nömrəli icra sənədinə əsasən Borclu 5000 (beş min) ABŞ dolları, torpaq sahəsinin hasara alınması üçün çəkilmiş xərc 2030 (iki min otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 90081/19 saylı iş üzrə icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsində olan şifahi məlumata əsasən borclu ölkə hüdudlarına gedib-gəlir. Ona görə də icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi 14 yanvar 2022-ci il tarixli qərardadı qəbul edərkən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.1, 2.4-cü bəndlərinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi icra məmurunun borclunun ölkədən getmək hüququnun icra sənədləri tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsi nəticəsini onunla əsaslandırmışdır ki, Ədliyyə Nazirliyinin “Elektron İcra İnformasiya Sistemin”dən çıxarışa əsasən Borclu 2018-2019-cu illər ərzində müntəzəm olaraq ölkə hüdudlarını tərk edərək qayıtdığından onun borclu olduğu pulun ödənilməsini təmin etmək məqədi ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Quba Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(027)-1114/2019 nömrəli qətnaməsi əsasında 10 iyun 2019-cu il tarixdə verilmiş icra sənədinə əsasən Borclu 5000 (beş min) ABŞ dolları, torpaq sahəsinin hasara alınması üçün çəkilmiş xərc 2030 (iki min otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb Tələbkar ödənilməlidir. Quba rayonu üzrə İcra və probasiya şöbəsinin 14 iyun 2019-cu il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu 03 sentyabr 2020-ci il tarixli izahatında göstərmişdir ki, Tələbkar olan borcunu birdəfəlik ödəmək qabiliyyətində deyildir, fərdi əməklə məşğul olur və bu səbəbdən müəyyən edilmiş məbləği hissə-hissə icra edəcəkdir. Borclunun ölkəni tərk etməsi barədə verilmiş elektron informasiya məlumatından görünür ki, o, 28 fevral 2019-cu il tarixdən etibarən mütamadi olaraq ölkəni tərk etmişdir. MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. MPM-nin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N saylı Qərarı ilə təsdiq olunmuş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.1- ci bəndinə görə məhkəmə qərarı əsasında verilmiş icra sənədi üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci bəndinə görə bu barədə zərurət yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli; borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakının olub- olmamasını yoxlayır. Təlimatın 2.5.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq borclunun icra sənədinin icrasından üzürsüz səbəbdən yayınması halları araşdırılmalıdır. İş materialları ilə müəyyən edilir ki, borclu icra məmurunun gördüyü məcburi icra tədbirlərinə baxmayaraq Quba Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixdə verilmiş icra sənədinə əsasən ödənilməsi tələb olunan məbləği ötən 3 il müddətində icra etməmişdir. Ona görə də, borclu barəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilən məcburi icra tədbiri olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 8(027)-649/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar