Məhkəmə qərarları › İş №8(105)-44/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-44/2023

04.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-44/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 borclular Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı iş üzrə (Açar sözlər: icra sənədi üzrə icraata xitam verilməsi) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Qafari və X2 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 8(012)-140/2023 nömrəli qərardadından borclu Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İcra sənədi üzrə tələbkar X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 701/2022-012 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mülkiyyətində olan və Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin cavabdehlər Maraqlı şəxs2 və qeyrilərinin qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alandan sonra icra sənədi verilmiş və icrası Maraqlı şəxs1nə tapşırılmışdır. İcra məmuru icra sənədində müəyyən edilmiş tələbə uyğun hərəkət edərək, adıkeçən torpaq sahəsini cavabdehlərdən alıb, boşaldıb ona təhvil vermişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş və daha sonra işin icraatına xitam verilməsi ilə bağlı qərar qəbul edilmişdir. Lakin qısa müddət sonra cavabdeh Maraqlı şəxs2 və qeyriləri yenidən həmin torpaq sahəsini zəbt etmiş, ərazidə ona məxsus əmlaklara sahiblənmişlər. Nəticədə qətnamə icra olunmamış ilkin vəziyyətə qayıtmışdır. Ona görə də adıçəkilən icra sənədinin yenidən icrasının vacibliyi ortaya çıxmışdır. Lakin icra işinin icraatına xitam verilməsi barədə icra məmurunun qərarı buna imkan vermir. Bu baxımdan da həmin qərar ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir.

3. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 8(012)-140/2023 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır.

4. Həmin qərardaddan borclu Maraqlı şəxs2 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-140/2023 saylı qərardadının ləğv edilməsi, Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarının qüvvədə saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)- 140/2023 saylı qərardadından icra sənədi üzrə borclu Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

7. Borclu Maraqlı şəxs2 şikayəti onunla əsaslandırmışdır ki, tələbkarın şikayətində əssassız olaraq deyilir ki, guya o, torpaq sahəsini zəbt etmiş, ərazidə ona məxsus əmlaklara sahiblənmişdir. Hansı ki, həmin torpaq sahəsində 2007-ci ildən onun və ailəsinin maddi vəsaitilə yaşayış evi tikilmiş və onun faktiki istifadəsindədir. Tələbkar isə məhkəmələri aldadır və həmin torpaq sahəsində onun faktiki istifadəsində olan iki mərtəbəli evin olduğunu gizlədir və onu öz evi və əmlakı kimi təqdim edir. Belə ki, iş materiallarından müəyyən edilir ki, tələbkar şikayətində mübahisəli torpaq sahəsində yerləşən qanunsuz tikilinin cavabdehlər tərəfindən yenidən zəbt edilməsini qeyd etmişdir. Abşeron Rayon Məhkəməsi maddi normaları düzgün tətbiq etməyərək mübahisəli torpaq sahəsində olan yaşayış evini tikili kimi qeyd etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən maddi normalar düzgün tətbiq olunmamış, onların yaşayış evi olduğunu nəzərə almamışdır. Məhkəmə işə baxarkən tələbkar tərəfin hüquqlarını qoruduğu halda borclu tərəfin hüquq və mənafeylərini nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş № 8(012)-140/2023 saylı qərardadının ləğv edilməsi, Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının qüvvədə saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

9. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 8(012)-140/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 8(012)-140/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

10. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1.5. İcra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Maddə 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Maddə 72.7. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Maddə 73.5. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Maddə 73.6. Tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 8(012)-140/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin dəlilləri araşdırılmış, düzgün hüquqi qiymət verilmiş, prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022-012 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Maraqlı şəxs2 və Maraqlı şəxs3 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçı X4 təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Maraqlı şəxs1 icra məmuru Nicat Ramazani xx.xx.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlamış, bu barədə icra sənədi üzrə tərəflərə məlumat vermiş və son nəticədə xx.xx.2022-ci il tarixdə icra sənədini icra etmiş, bu barədə tərəflərin, o cümlədən tələbkar Ə.A.Rüstəmovun iştirakı ilə akt tərtib etmiş, mübahisəli torpaq sahəsini boşaldaraq ona təhvil vermişdir. İcra məmuru xx.xx.2022-ci il tarixli məktubla Abşeron rayon Polis İdarəsinə müraciət edərək, Maraqlı şəxs2 və Maraqlı şəxs3 gələcəkdə həmin ünvanda mübahisə və münaqişə yarada biləcəklərini, bununla əlaqədar olaraq həmin ünvanın nəzarətdə saxlanılması üçün orada xidmət aparan sahə müvəkkilinə müvafiq xidməti tapşırığın verilməsini xahiş etmişdir. Daha sonra isə qətnamə tam icra olunduğundan xx.xx.2022-ci il tarixli qərarla icra icraatına xitam verilmişdir. İş materialları ilə müəyyən edilir ki, borclu Maraqlı şəxs2 və onun ailəsi Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra edildikdən sonra tələbkara məxsus torpaq sahəsində yerləşən tikilidə yaşamağa davam edirlər. Bu isə qeyd edilən icra sənədinin hələ də tam icra edilmədiyini təsdiq edir. Mübahisəli torpaq sahəsində yerləşən tikilidə cavabdeh Maraqlı şəxs2 yenə də ailəsilə birlikdə yaşaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına maneçilik kimi qiymətləndirilməlidir. Belə olan halda, icra sənədi üzrə icraata xitam verilməsi yolverilməzdir və məhkəmə adından çıxarılan qərarın icra olunmamasına xidmət edir. Buna görə də məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, qeyd olunan icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir.

13. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

14. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Borclu Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 8(012)-140/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar