Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-44/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli, (105)-27/2017 saylı icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair mülki iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X1 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə Qobustan rayon icra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına dair iş üzrə Qobustan Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(026)-3/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli (105)-27/2017 saylı icra vərəqəsindən görünür ki, X2 və Borclu müştərək qaydada 42618 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumu tutularaq "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. Qobustan rayon icra və probasiya şöbəsi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəməyə təqdimatla müraciət etmişdir.
3. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 10 yanvar 2018-ci il tarixli 2(105)-27/2017 saylı icra sənədinə əsasən X2 və Borclu müştərək qaydada 42618 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumu tutularaq "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə müvafiq icra tədbirləri aparılmış, Borclu rəsmi xəbərdarlıqlar edilmiş, icra sənədi üzrə borcu təyinatı üzrə köçürülməsi rəsmi olaraq tələb olunmuşdur. Ona dəfələrlə rəsmi məktublar göndərilərək məsuliyyətlər elan edilmişdir. Tələb könüllü icra edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin borclu verilən tələbləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən təqdimat təmin edilməlidir.
4. Qobustan Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(026)-3/2024 nömrəli qərardadına əsasən təqdimat təmin edilərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
5. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv olunmasını, təqdimatın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Qobustan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 8(026)-3/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 10 yanvar 2018-ci il tarixli (105)-27/2017 saylı icra vərəqəsi üzrə X2 və Borclu müştərək qaydada 42618 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumu tutularaq "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq icra tədbirləri aparılmış, Borclu rəsmi xəbərdarlıqlar edilmiş, icra sənədi üzrə borcu təyinatı üzrə köçürülməsi rəsmi olaraq tələb olunmuşdur. Borcluya dəfələrlə rəsmi məktublar göndərilərək məsuliyyətlər elan edilmişdir. Tələb könüllü icra edilmədiyi üçün məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qənaətinə gəlmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında borcluya hüquqları izah olunmamış və öz hüquqlarını müdafiə etmək üçün heç bir köməklik göstərilməmişdir. Qəbul edilmiş qərardadın məzmunu da açıq aydın göstərir ki, onun hüquqi savadı olmadığı üçün bundan istifadə olunmuş və ona təqdimatın təmin edilməsi üçün razı olmağı barədə qeydlər edilmişdir. Sadə məntiqlə heç kim özünün ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə tərəfindən qərarın qəbul edilməsinə razı ola bilməz. Bu özü də bir daha təsdiq edir ki, məhkəmə tərəfindən ona hüquq və vəzifələri izah olunmamışdır. Eyni zamanda bildirir ki, həm özü, həm də övladı xəstə olduğu üçün bu qərardadın qüvvədə olması onun hüquqlarını pozur. Əfsuslar olsun ki, məhkəmə tərəfindən işə baxılarkən bu hallar nəzərə alınmamış və belə bir qərardad qəbul edilmişdir. Məhkəmə təqdimata baxarkən işin bütün hallarını araşdırmamış və əsassız təqdimatı təmin etmişdir. Borcluya məhkəmə iclasında hüquq və vəzifələri izah edilmədiyi üçün o həmin təqdimatın təmin edilməsinə razılıq vermişdir. Lakin sonradan məlum olmuşdur ki, onun təqdimata etiraz etmək və onun təmin edilməməsi barədə məhkəmədən xahiş etmək hüququ da olmuşdur. Təqdimata baxılan zaman ona hüquqları izah olunsaydı, təqdimatın təmin edilməməsi barədə öz fikrini bildirərdi. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.5. maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 44.1. maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
13. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, apellyator Qobustan Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(026)-3/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
15. Ona görə də kollegiya Qobustan Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(026)-3/2024 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək müəyyən edir ki, borcluya könüllü icra üçün verilmiş vaxt ərzində və ondan sonra edilmiş xəbərdarlıqlara baxmayaraq, icra sənədinin icrasını təmin etməmiş, onun əmlak vəziyyəti tam olaraq yoxlanılmış və zəruri icra hərəkətləri edilmiş, lakin hər hansı bir nəticəyə nail olunmamışdır.
19. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın verilməsi üç əsasla şərtləndirilmişdir: 1) məhkəmə qərarları əsasında verilmiş icra sənədlərinin könüllü icra üçün müəyyən olunmuş vaxtda icra edilməməsi; 2) borclu tərəfindən həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; 3) icra məmurunun əsaslandırılmış təqdimatı.
20. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən şikayət əsaslı ola və təmin edilə bilməz.
21. Əvvəla, ona görə ki borclu şikayətində qeyd olunmuş dəlillərə dair təsdiq olunmuş qaydada hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
22. İkincisi, borclu ölkədən getmək hüququnun olduğunu və bundan maneəsiz şəkildə istifadə etmək istədiyini bilsə də, nədənsə Dövlətin adından çıxarılmış icra sənədinin icra etmək vəzifəsinin də olduğunu unudur. Şikayətdə göstərdiyi dəlillər də, məhdudlaşdırılmanın ləğvi üçün yetərli deyildir. Bununla belə, kollegiya qeyd edir ki, icra sənədi icra edildikdə məhdudlaşdırmanın aradan qaldırılması üçün borclunun müraciət etmək hüququ mövcuddur.
23. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı).
24. “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır.
25. Beləliklə, məhkəmə kоllegiyаsı qərаrdаddаn verilmiş şikаyətin təmin edilməsi üçün əsаs müəyyən etmədi və bu qərаrа gəldi ki, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı dəyişdirilmədən sаxlаnmаlı, şikаyət isə təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269 357, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(026)-3/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.