Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-45/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Şamaxı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 8(074)-24/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, 11 aprel 2011-ci il tarixli icra vərəqəsi üzrə izah verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 8(074)-24/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərardadı ilə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, 11 aprel 2011-ci il tarixli icra vərəqəsi üzrə izah verilməsinə dair ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim Fərid Yaqubov). Şamaxı Rayon Məhkəməsinin 8(074)-24/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərardadından narazı qalan Tələbkar apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-24/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin mənasından göründüyü kimi, həmin norma məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadının olması ilə bağlı münasibətləri tənzimləyir. Hazırkı halda isə məsələ icra sənədinin izahı ilə bağlıdır. Qərardadın əsaslandırıcı hissəsindən göründüyü kimi, məhkəmə özünün, yəni Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(074)- 24/2023 nömrəli qərardadına istinad edərək, icra məmurunun icra sənədinə izah verilməsi barədə bundan əvvəlki ərizəsinin təmin edilməməsini əsas hesab edərək, ərizədə göstərilən məsələyə artıq hüquqi qiymət verildiyini və yeni əsaslar müəyyən edilmədiyindən təqdimatda göstərilən məsələyə yenidən baxıla bilməməsi barədə nəticəyə gəlmişdir. Məhkəmənin həmin nəticəsini ona görə əsassız hesab edirlər.Belə ki, məhkəmə həmin nəticəyə gələrkən həmin Məcəllənin 262.3-cü maddəsinin tələblərinə heç bir əhəmiyyət və hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə (İcraata xitam verilmə qaydası və nəticələri) əsasən, Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmənin həmin nəticəsi qanuni və əsaslı hesab edilsə idi belə, həmin norma imperativ olduğundan o halda məhkəmə ərizəçinin, hazırkı halda tələbkarın və tələbkarın haqlı tələbini müdafiə edən icra məmurunun hansı orqana müraciət etməli olmasını göstərməli idi. Məhkəmə nəzərə almamışdır ki, həmin icra sənədinin verilməsinə əsas hesab edilmiş Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi düz 13 ildir ki, məhz həmin mülki iş üzrə 3-cü şəxs olmuş və həmin qətnamədən hətta apellyasiya şikayəti verməmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən icra edilməmişdir. Hakim məhkəmə iclasının sonunda 3 dəfə həm tələbkara, həm də məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs DƏDKR 14 saylı Şamaxı Ərazi İdarəsinin də nümayəndəsinə bildirmişdir ki, mülkiyyət sənədinin başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan hissəyə uyğun olaraq dövlət reyestrindən çıxarış verilməlidir. Lakin bu hal qərardadda öz əksini tapmamış, qeyd edilməmişdir. Halbuki, hakimin həmin bildirdiyi qanuni mövqe qərardadda öz əksini tapsa idi, o halda hazırkı şikayətin verilməsinə də əsas və səbəb qalmazdı. Şamaxı rayonu, Məlhəm kəndində yerləşən torpaq sahəsinə dair bağlanılmış, Şamaxı rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2007-ci il tarixdə təsdiq olunmuş, reyestrdə 4ə-2/555 və 4ə-2/557 nömrə ilə qeyd edilmiş və xx.xx.2007-ci il tarixdə təsdiq olunmuş, reyestrdə 4ə- 2/584 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Şamaxı rayonu Məlhəm ərazisində başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan, ümumilikdə 10,0679 ha torpaq sahəsini əldə etmiş, həmin torpaq sahəsini aldıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 10,0679 ha torpaq sahəsinə mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən vahid, yəni 1 (bir) Çıxarış verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi İdarəsi tərəfindənxx.xx.2008-ci il tarixdə 10,0679 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, Həmin qurum tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əraziyə dair döngə nöqtələrinin koordinatlarında uyğunsuzluq olmuş, nəticədə, iddiaçı (tələbkar) müvafiq iddia ilə məhkəməyə müraciət etmiş, bunun da nəticəsində Şamaxı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiam təmin olunmuş, başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan 10,0679 ha torpaq sahəsindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli Çıxarışa uyğun olaraq istifadə hüququnun təmin edilməsi qət edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən həmin iş üzrə cavabdeh olmuş bütün şəxslər, o cümlədən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilməmiş, qətnamə xx.xx.2011-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Şamaxı Ərazi İdarəsi tərəfindən 13 ildir ki, yəni bu günə qədər icra sənədi icra edilməmişdir. xx.xx.2008ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əraziyə dair döngə nöqtələrinin koordinatlarında uyğunsuzluq olmuş, nəticədə, iddiaçı (tələbkar) müvafiq iddia ilə məhkəməyə müraciət etmiş, bunun da nəticəsində Şamaxı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, başlanğıc nöqtəsi Şamaxı- Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan 10,0679 ha torpaq sahəsindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli Çıxarışa uyğun olaraq istifadə hüququnun təmin edilməsi qət edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən həmin iş üzrə cavabdeh olmuş bütün şəxslər, o cümlədən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilməmiş, qətnamə xx.xx.2011-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Şamaxı Ərazi İdarəsi tərəfindən 13 ildir ki, yəni bu günə qədər icra sənədi icra edilməmişdir. Hesab edir ki, hazırkı şikayətə yenidən baxan məhkəmə, ilk növbədə məhz həmin icra sənədi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən başqa hansı orqan (qurum) tərəfindən icra edilməsi və bu icra sənədinin başqa icra mexanizmi olması sualına aydınlıq gətirməlidir. Bundan başqa qərardaddan göründüyü kimi, birinci instansiya məhkəməsi iclasında iştirak edən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 16/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən, borclular Borclu3, Borclu2, Borclu4 iddiaçı Tələbkar məxsus 10,0679 ha torpaq sahəsindən çıxarılmalı və iddiaçı Tələbkar ona məxsus Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı- Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan 10,0679 ha torpaq sahəsindən Seriya MH No ******* çıxarışa uyğun olaraq istifadə hüququ təmin edilməlidir, lakin Tələbkar məxsus 10,0679 ha torpaq sahəsi Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən ölçülərsə başqa vətəndaşalara məxsus torpaq sahələri ilə üst-üstə düşür, lakin Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 385 metr məsafədən ölçülərsə Tələbkar məxsus 10,0679 ha torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Tam qətiyyətlə bildiririk ki, həmin xüsusat tamamilə əsassız və qərəzlidir. Belə ki, Tələbkar məxsus 10,0679 ha torpaq sahəsi Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən ölçülərsə, başqa vətəndaşalara məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Ona görə ki, həmin sahədə digər şəxslərə məxsus torpaq sahələri yoxdur. Olsa idi, Şamaxı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında və yazışmalarda onun adını göstərərdi. Beləliklə, göründüyü kimi, Tələbkar məxsus 10,0679 ha torpaq sahəsinin Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı- Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən ölçülərsə, başqa vətəndaşalara məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə dəlillər tamamilə əsassız və qərəzlidir. Ona görə də hesab edir ki, hazırkı şikayətə yenidən baxan məhkəmə, həmin xüsusatı da nəzərə almalı, dövlətin adından çıxarılmış və icrası məcburi olan icra sənədinin icra olunmasına qanunvericiliyin tələbləri baxımından aydınlıq gətirməlidir. Əks halda, 13 ildən bəri icra olunmayan icra sənədi daha bir neçə 13 il icra olunmadan qalacaqdır ki, o günləri görməyin isə 78 yaşlı tələbkara qismət olması real görünmür. Şamaxı Rayon Məhkəməsinin 8(074)-24/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 8(074)-24/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərid Yaqubov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 8(074)-24/2024 nömrəli qərardadı ləğv edilməli, Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, 11 aprel 2011-ci il tarixli icra vərəqəsinə izah verilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə qərardadı onunla əsaslandırmışdır ki, Şamaxı rayon İcra və Probasiya Şöbəsi daha əvvəl də Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin izahı ilə bağlı məhkəməyə müraciət etmiş və həmin ərizə təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizədə göstərilən məsələyə artıq hüquqi qiymət verildiyindən və yeni əsaslar müəyyən edilmədiyindən təqdimatda göstərilən məsələyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, məhkəmə kollegiyası elektron məhkəmə informasiya sistemində yerləşdirilmiş Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(074)-24/2023 nömrəli qərardadı ilə tanış olmuş və müəyyən olunmuşdur ki, Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 eyni ərizə ilə əvvəl də məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, 11 aprel 2011-ci il tarixli icra vərəqəsi üzrə izah verilməsi ilə bağlı müraciət etsə də, hazırki iş üzrə AR MPM-in 261.0.2-ci maddəsində qeyd edilən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olması əsası ilə iş üzrə icraata xitam verilə bilməz. Belə ki, işin halları ilə də müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmamış, Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 eyni iş (Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, 11 aprel 2011-ci il tarixli icra vərəqəsi) üzrə eyni ərizə-qətnaməyə izah verilməsi ilə bağlı müraciət etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, 11 aprel 2011-ci il tarixli icra vərəqəsinə izah verilməsi barədə ərizəyə baxan məhkəmə AR MPM-in 261.0.2-ci maddəsini tətbiq etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi icra məmuru X1 yenidən icra vərəqəsinə izah verilməsinə dair ərizənin hansı əsasla verdiyini aydınlaşdırmalı, həmin icra məmurunun iştirakı ilə ərizəyə qiymət verməli idi.Qeyd olunan qətnaməyə izah verilməsinə dair yeni əsas olmadığı halda, yenidən ərizə təmin edilməməlidir.Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, icra sənədinin icrasını təmin etməkdən yayındığı üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin vəzifəli şəxsi Tələbkar Sultan oğlu barəsində xx.xx.2023-cü il tarixdə İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati potokol tərtib edilərək baxılması üçün Şamaxı Rayon Məhkəməsinə təqdim edilmiş, məhkəmə tərəfindən inzibati xəta haqqında protokol baxılmamış saxlanılmışdır. Bununla əlaqədar qətnaməyə izah verilməsinə dair ərizəyə baxılarkən yuxarıda qeyd olunan inzibati xəta haqqında protokolun hansı əsasla baxılmamış saxlanılması da öyrənilməli və icra vərəqəsinə yenidən izah verilməsi barədə ərizənin sui-istifadə məqsədi ilə verilib-verilməməsinə də qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 8(074)-24/2024 nömrəli qərardadı ləğv edilsin. Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, 11 aprel 2011-ci il tarixli icra vərəqəsinə izah verilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-45/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-45/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver