Məhkəmə qərarları › İş №8(105)-46/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-46/2021

12.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-46/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ş.Pirəliyevin Borclu məcburi qaydada gətirilməsi barədə təqdimatına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-488/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şirəli Pirəliyev icra sənədi üzrə Borclu icra qurumuna məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat bununla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 203/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən Borclu xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxx 2011-ci ildə doğulmuş Kənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 136,6 manat sabit pul məbləğində aliment Mehtiyeva (Məmmədova) Vəfa Cavanşir qızına verilməlidir. İcra sənədi icra məmurunun icraatına xx xxxxxx 2018-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin icrası ilə bağlı dəfələrlə Borclu xəbərdarlıq edilsə də, o, buna məhəl qoymamış, icra məmurunun cağırışlarına gəlməmişdir. Buna görə də “İcra haqqında” Qanunun 84.3-cü maddəsinə əsasən onun icra qurumuna məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-488/2020 saylı qərardadı ilə təqdimat təmin edilmişdir (hakim A.İsmayılov). Qərardaddan narazı qalan Borclu ondan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(060)-488/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İcra sənədi üzrə Borclu şikayəti bununla əsaslandırmışdır ki, qərardad əsassızdır və ləğv olunmalıdır. Belə ki, icra məmuru tərəfindən o, heç vaxt İcra İdarəsinə dəvət edilməmişdir, bununla bağlı heş bir sübut yoxdur. Bu halları məhkəmə nəzərə almadığından qərardad ləğv olunmalı, təqdimatın təmin edilməməsi barədə yeni qərardad qəbul olunmalıdır. Apellyasiya baxışı zamanı icra icraatı üzrə tərəflər, o cümlədən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-488/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İşdən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin verdiyi 2(060)-203/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə icra məmuru xx xxxxxx 2018-ci il tarixdə icraata başlasa da, borclunun icra qurumuna gəlməməsi səbəbindən icra sənədi icra edilmir. Buna görə də icra məmuru icra sənədi üzrə borclunun icra qurumuna məcburi gətirilməsi barədə tamamilə əsaslandırılmış təqdimat vermişdir. Bu təqdimatın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə qanuni və əaslıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İcra sənədi üzrə Borclu tərəfindən verimiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-488/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar