Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-46/2022 18.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Tələbkar cavabdeh Borclu qarşı nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2021 nömrəli 14 aprel 2021-ci il tarixli qətnaməsindən verilmiş icra sənədinin icrası ilə əlaqədər Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən verilmiş izahla bağlı ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddianın qismən təmin edilməsi, Borclu ilə Tələbkar arasında 11.01.2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış 23 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 18.01.2014-cü il təvəllüdlü X4, 01.01.2016-cı il təvəllüdlü X5 və 01.08.2017-ci il təvəllüdlü X6 anası Tələbkar yanında qalması, 18.01.2014-cü il təvəllüdlü X1, 01.01.2016-cı il təvəllüdlü X2 və 01.08.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25.02.2020-ci il tarixdən başlayaraq cavabdeh Borclu hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin iddiaçı Tələbkar xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh Borclu qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində dəyişdirilməsi, cavabdeh Borclu 18.01.2014-cü il təvəllüdlü X4, 01.01.2016-cı il təvəllüdlü X5 və 01.08.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməsi, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi verilmiş və icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsin 03 avqust 2021-ci il tarixli qərarı ilə iş üzrə icraata başlanılması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ərizə ilə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı, 14.04.2021-ci il tarixli qətnaməsinə alimentin hansı tarixdən hesablanmasına aydınlıq gətirilməklə müvafiq izahın verilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, borclu şəxs barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinn 2(105)-532/32021 nömrəli, 14.04.2021-ci il tarixli qətnaməsində alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən (icra sənədi üzrə 08.07.2021-ci il tarixdən) hesablanması, Abşeron Rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı, 22.09.2020-ci il tarixli qətnaməsinə dair verilmiş müvafiq icra sənədində isə alimentin tutulması 25.02.2020-ci il tarixdən başlayaraq hesablanması qeyd olunmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi üzrə aliment borcu hesablandıqda (25 ay x 300 manat=7500 manat) borc məbləği 7500 manat təşkil edir, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi üzrə hesablandıqda isə (8 ay x 300 manat=2400 manat) borc məbləği 2400 manat təşkil edir. Bundan başqa, iş üzrə tələbkar 05.03.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya ərizə ilə müraciət edərək, aliment məbləğinin düzgün hesablamaqla borcun tam şəkildə ödənilməsi üçün zəruri tədbirlərin görülməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, ərizənin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsinə izah verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1. maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1. maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 230.2. maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Qanunun mənasından göründüyü kimi, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən şərh edilməsi kimi nəzərdə tutulmuşdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin birbaşa göstərişinə əsasən məhkəmə qətnaməni izah edərkən onun məzmununu dəyişdirə bilməz. Həmçinin qətnamənin izah olunması zamanı məhkəmə baxışının predmeti olmamış və məhkəmə iclasında tədqiq edilməmiş məsələlərə toxunulması yolverilməzdir. Hazırkı mübahisənin predmeti üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra onun əsasında verilmiş icra sənədinin icra edilməsi üçün icra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsi tərəfindən icraata qəbul edilmişdir. Hazırda icra məmuru tutulmalı olan aliment üzrə borcun müəyyənləşdirilməsi üçün alimentin hansı vaxtdan müəyyən edilməsində uyğunsuzluğun yarandığını əsas gətirərək buna aydınlıq gətirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə göstərilən məsələ ilə bağlı qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin icra sənədinə əsasən tutulmalı olan alimentin məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvəyə mindiyi günə qədər, yəni 25.02.2020-ci ildən 08.07.2021-ci il tarixədək olan dövrə hər uşaq üçün 170 manat olmaqla 510 manat tutulmalı, 08.07.2021-ci il tarixdən isə hər bir uşaq üçün 100 manat olmaqla 300 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 230, 263, 264 və 398.0.1. maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin icra sənədinə əsasən tutulmalı olan alimentin məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvəyə mindiyi günə qədər, yəni 25.02.2020-ci ildən 08.07.2021-ci il tarixədək olan dövrə hər uşaq üçün 170 manat olmaqla 510 manat tutulmalı, 08.07.2021-ci il tarixdən isə hər bir uşaq üçün 100 manat olmaqla 300 manat aliment tutulmalı olması kimi başa düşülsün. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-46/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-46/2022
18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver