Məhkəmə qərarları › İş №8(105)-46/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-46/2023

18.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-46/2023 18.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə X1 Cavabdeh1 icra məmuru Orxan Bağırovun “icraata başlamaq haqqında” 02 noyabr 2022-ci il tarixli qərarından verdiyi şikayətə dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-182/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: X2 tərəfindən Cavabdeh1 icra məmurunun “icraata başlamaq haqqında” 02 noyabr 2022-ci il tarixli qərarından şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-182/2023 saylı, 07 mart 2023-cü il tarixli qərardadına əsasən X1 Cavabdeh1 icra məmuru Orxan Bağırovun “icraata başlamaq haqqında” 02 noyabr 2022-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). X2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan qərardadından şikayət verilərək qərardadın ləğv olunması, əks təqdirdə şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-182/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsalandırılmışdır ki, qərarla razı deyil. Belə ki, Cavabdeh2 “Sevnc” İKF-ni alarkən ona 180.000 manat pul ödəyib. Aralarında razılığa əsasən satdığı torpağı özəlləşdirib ona verəcəyi təqdirdə saxladığı 30.000 manat pulu ona verməli idi. Borc müqaviləsini oxumadan başqa sənədlərlə birlikdə bilmədən imzalayıb, borc almayıb. Sonradan aralarında razılaşma, barışıq da olmuşdur. Həmin müqaviləyə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 5 illik 5 faiz hesablanmaqla faiz borcu 21900 manat məbləğində pul vəsaitinin tutularaq tələbkara verilməsi qət edilmişdir. Bu səbəbdən müqaviləni mübahisələndirmək istəyir. Hesab edir ki, bu məhkəmədə araşdırılmalıdır. Ona görə də qərarla razılaşmır,düzgün qəbul edilmədiyini hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-182/2023 saylı, 07 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 icra məmuru Orxan Bağırov tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1431/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Borclu tərəfindən şikayətinin əsasını təşkil edən hallar sübuta yetirilməmiş və bununla da icra məmuru “icraata başlamaq haqqında” 02 noyabr 2022-ci il tarixli qərarı qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsasən, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Bununla da müəyyən edilir ki, borclunun şikayətdə göstərdiyi əsaslar icra sənədi üzrə icraata başlamaq haqında qərarın ləğvi üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə kollegiyası şikayətdə qeyd edilmiş dəlilə, həmin müqaviləni mübahisələndirmək istəməsinə qiymət verərək qeyd edir ki, icra sənədinin əsasını təşkil edən müqavilənin məhkəmə qaydasında mübahisələndirilməsi iş üzrə qəbul edilmiş icraata başlamaq haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Həmin hal icra sənədi üzrə icraatın dayandırılmasına əsas ola bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətdə göstərilən dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-182/2023 saylı, 07 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-182/2023 saylı, 07 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar