Məhkəmə qərarları › İş №8(105)-46/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-46/2025

07.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-46/2025 07.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Tələbkar) X7 məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 8(028)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi (tələbkar) X11 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X11 ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 260/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslanıb ki, o, cavabdeh Maraqlı şəxs ilə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı var. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, Qubadlı Rayon Məhkəməsinin 2(028)-260/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə isə xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınaraq ona verilməsi qət edilmişdir. Övladlarını təkbaşına böyüdür. Övladlarının saxlanması onun üçün çox çətindir. Maddi sıxıntı içində yaşayırlar. Halhazırda uşaqlar böyüdükcə onların qayğıları da böyüyür, cavabdeh isə bir valideyn kimi öz məsuliyyətini dərk etmir. Keçən illər ərzində yaşayış minumumu dəfələrlə artsa da, cavabdehin yaşayış səviyyəsində kifayət qədər artım baş versə də, o, aliment miqdarını artırmamışdır. 2020-ci ildən indiyə qədər yaşayış minimumu haqqında qanun bir neçə dəfə artırılmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Övladlarından xx.xx.2007-ci il təvəllüdlü X6 2 ay sonra 18 yaşı tamam olacaq. Göstərilənlər əsasında ərizə təmin edilməlidir.

3. Qubadlı Rayon Məhkəməsinin 8(028)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim E.Hüseynov) ərizə təmin edilərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-260/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,4 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi öz qərardadında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1, 8.4-2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli və 23 dekabr 2024-cü il tarixli sərəncamlarına istinad edərək hesab etmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-260/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment təyin olunduğundan, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (100 manat/250 manat=0,4)

5. Qərardaddan narazı qalan X11 məhkəməyə xx.xx.2025- ci il tarixdə şikayətlə müraciət edərək Qubadlı Rayon Məhkəməsinin 8(028)-1/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment məbləği ölkəüzrə minimum əmək haqqının 0,74 misli həddində indeksasiya edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir.

6. Qubadlı Rayon Məhkəməsinin 8(028)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılıb ki, iş üzrə məhkəmənin mövqeyi əsassızdır. Belə ki, məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilən alimentin indeksasiya məbləği ilə razı deyil. Çünki, xx.xx.2007-ci il təvəllüdlü X10 artıq yetkinlik yaşına çatmışdır. Yəni bundan sonra ödənilən aliment yalnız xx.xx.2010-cu il təvəllüdlü X1 üçün ödəniləcəkdir. Məhkəmənin təyin etdiyi minimum əmək haqqının 0,4 misli həddində aliment məbləği pul ekvivalentinə çevrildikdə 160 manat edir. Bu isə bu günkü gündə ölkə üzrə bir uşağın saxlanması üçün nəzərdə tutulan aylıq məbləğdən təxminən 40% aşağıdır. Bu məbləğlə razı deyil və aliment məbləğinin artırılaraq indeksasiyasını, yəni yaşayış minimumun 0.74 misli həcmində təyin edilməsini tələb edir. Məhkəmə xx.xx.2007-ci il təvəllüdlü X6 artıq yetkinlik yaşına çatdığını və ərizəçinin maddi vəziyyətini nəzərə almadan qərar qəbul etmişdir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsində sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). İşə baxan məhkəmə isə yanlış nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının

8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya baxışının hədləri

13. Apellyatorun hazırkı şikayəti Qubadlı Rayon Məhkəməsinin 8(028)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.

14. Ona görə də kollegiya Qubadlı Rayon Məhkəməsinin 8(028)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 8(028)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

17. Qubadlı Rayon Məhkəməsinin 2(028)-260/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub X9 verilməsi qət edilmişdir.

18. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 260/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

19. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

21. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2019-cu ilin sentyabrından 2022-ci ilin yanvarınadək ölkə üzrə minimum əmək haqqı 250 manat təşkil etmişdir. Əgər yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,40 misli (100:250=0,40) həddində müəyyən edilmiş olur.

22. İşə baxan məhkəmə tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayanların mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Qubadlı Rayon Məhkəməsinin 2(028)-260/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,4 misli həddində indeksasiya edilməsi qənaətinə gəlmişdir.

23. Kollegiya sonda ərizəçi Sevda Abışovanın alimentin indeksasiya məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində müəyyən edilməsi ilə bağlı dəlilinə də qiymət verərək bildirir ki, yuxarıda qeyd olunan Plenum Qərarının 8.4-3 bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır.

24. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 8(028)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 8(028)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar