Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-47/2023 20.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5303/2017 nömrəli, 30 may 2017-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5303/2017 nömrəli, 30 may 2017-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-185/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Borclu "xxxx" ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 0770 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 23.686 ABŞ dolları əsas borc, 10.484 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün 1260 ABŞ dolları faiz borcu (5%) və 1834 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 37.264 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla pul vəsaiti və 30 manat dövlət rüsumu tutulmalıdır.
2. Borc üzrə tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan “Hyundai SantaFe” markalı, “**-DF-***” qeydiyyat nişanlı, buraxılış ili-2012, tip-universal, Ban- KMHSG81B8CU900964, Mühərrik G4KECU728572, rəng-ağ olan minik avtomobili açıq hərracdan satılmalı, satışdan əldə ediləcək pul vəsaiti hesabına borclu şəxs Borclu tələbkar "xxxx" ASC-yə olan borcu ödənilməlidir.
3. xx.xx.2021-ci il tarixdə avtomobil açıq hərracdan satıldıqdan sonra Borclu icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etməmiş və nəticədə hazırki dövrədək 30.889 ABŞ dolları borcu olduğu üçün icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır.
4. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5303/2017 saylı, 30 may 2017-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-185/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Gülnarə Tağızadə) təqdimatın təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5303/2017 saylı iş üzrə verilmiş 30 may 2017-ci il tarixli iş üzrə verilmiş 30 may 2017-ci il tarixli icra sənədi üzrə borclu – xx xxxxxxxx 1981-ci ildə Sumqayıt şəhərində doğulmuş və Sumqayıt şəhəri, 4 mikrorayon, ev 20A/29, mənzil 43-də qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Posessual Məcəllənin 15.2, 15.3, 231.3-cü, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
7. Borclu məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-185/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-185/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “X5” markalı, **-DE-*** qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan minik avtomobilinin satışı üçün "xxxx" MMC tərəfindən “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 05 mart 2021-ci il tarixli, 752/21 saylı protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilərək avtomaşının yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halhazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsində mülki işə baxılır. Yük avtomobili idarə edir, tez-tez məhsul ixracı üçün ölkə hüdudlarından kənara gedib-gəlir. Qərardad qanuni qüvvəsini almadan məhkəmə onun ölkədən getmə hüququnun məhdudlaşdırılması üçün icra sənədi vermişdir. Bu da mülki prosessual qanunvericiliyə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir. İki övladı, həyat yoldaşı və yaşlı anası onun himayəsindədir. Ailədə yeganə işləyən odur.
b) Şikayətə qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)
12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 84-1. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
15. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
18. Həmin Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir.
19. Həmin Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
20. “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında isə aşağıdakılar qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar.
21. İşdən görünür ki, icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl yuxarıda qeyd olunan şərtlərə riayət etmiş, həmçinin müəyyən edilmişdir ki, borcluya məxsus tələbin yönəldilə biləcəyi digər əmlak yoxdur.
22. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsində təqdimata borclunun iştirakı ilə baxılmış və o, heç bir ödəniş etmədiyini bildirmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, 30 may 2017-ci il tarixli icra sənədinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə borclu şəxsdən pul məbləğinin alınaraq tələbkara verilməsi qət edilmişdir. Borclu öhdəliyini icra etməmişdir. Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir. Borclu məhkəmə aktının üzrlü səbəblərdən icra edilməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
24. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbir məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edir, həmin məhdudlaşdırmanın tətbiq edilməməsi gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirə bilər.
25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsi qənaətinə gəlmişdir.
26. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 05 mart 2021-ci il tarixli, 752/21 saylı protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilərək avtomaşının yenidən qiymətləndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, borclunun hərracın nəticələrini mübahisələndirməsi qanuni qüvvəyə minmiş mövcud məhkəmə qətnaməsinin icrasına mane olan hal deyildir.
27. “İcra haqqında” Qanunda icra sənədi üzrə icraatın dayandırılması üçün konkret əsaslar göstərilmişdir və iddiaçının qeyd etdiyi səbəb həmin əsasların dairəsinə düşmür.
28. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-185/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-185/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.