Məhkəmə qərarları › İş №8(105)-47/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-47/2024

07.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-47/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X13nun aliment borcunun dəqiqləşdirilməsi və borc öhdəliyindən azad edilməsi barədə şikayət ərizəsi üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X18 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, X13nun aliment borcunun dəqiqləşdirilməsi və borc öhdəliyindən azad edilmə barədə şikayət ərizəsi üzrə Quba Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(027)-4/2024 nömrəli qərardadından X7 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X16 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X10 xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay qazancının 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 30 manat olmaqla, 60 manat sabit pul məbləğində alimentin alınaraq Tələbkar verilməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629/2021 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 nömrəli qətnaməsilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X16 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən X10 hər ay hər uşaq üçün 130 manat olmaqla, iki uşağa hər ay 260 manat sabit pul məbləğində alimentin alınaraq Tələbkar verilməsi qət edilmişdir.

3. Ali Məhkəmənin 24 may 2023-cü tarixli, 2(102)-2146/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(105)-311/2023 nömrəli qətnaməsi qismən, aliment borcunun müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş üzrə icraata həmin hissədə işə məhkəmədə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması ilə əlaqədar xitam verilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(105)- 311/2023 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-156/2024 nömrəli qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-629/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2014cü il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X16 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq X10 hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. X7 ərizə ilə məhkəməyə müraciət edərək aliment borcunun dəqiqləşdirilməsi və qərar verilən günə dəqiq borcun təyin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X16 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qazancının 1/3 hissəsi və hər uşaq üçün 30 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629/2021 nömrəli qətnaməsi ilə qeyd edilən qətnamə dəyişdirilmiş, hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində alimentin Tələbkar verilməsi müəyyən edilmişdir. İcra Baş İdarəsinə, həmçinin Quba rayon İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2023-ci tarixli müraciətində Ali Məhkəmənin 24 may 2023-cü il tarixli, 2(102)-2146/2023 nömrəli qərarına istinad edərək, aliment borcunun hesablanma qaydasını, yekun borc ilə birgə təqdim edilməsini tələb etmişdir. Xaçmaz Regional Ədliyyə İdarəsinin xx.xx.2023 tarixli, 3-16-25/3-04/Ə-04/13 saylı müraciət cavab məktubunda aliment borcunun 15625 manat olduğu bildirilir. Aşağıdakı hallara görə həmin borc ilə razı deyil: İcra məmurlarının qanuni məhkəmə qərarlarını (icra sənədlərini) icra etmədikləri, qanunsuz əməlləri və sair hərəkətlərinə və ya hərəkətsizlikləri və aliment borcunun yenidən hesablanması tələbinə dair Ali Məhkəmənin Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli 2(102)-2146/2023 saylı qərarı ilə iddiaçı X13nun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(105)-311/2023 nömrəli qətnaməsi qismən, aliment borcunun müəyyən edilməsi hissəsində ləğv edilərək iş üzrə icraata həmin hissədə işə məhkəmədə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması ilə əlaqədar xitam verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(105)-311/2023 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubunda Ailə Məcəlləsinin 112-ci maddəsinə istinad edilir, xx.xx.2023 tarixli məktublarında isə, dolayı yolla öhdəliyin icrası üçün müəyyən köməklik (güzəşt) tətbiq edilməsinin nəzərə alınması bildirilir. Ombudsman aparatının 06 sentyabr 2023 tarixli, 2-5/2-23647/2023 saylı məktubunda, Ali Məhkəmənin 24 may 2023cü il tarixli, 2(102)-2146/2023 saylı qərarına istinad edilməklə, nazirlikdən aliment borcunun düzgün hesablanmaqla, məsələnin ədalətli həll edilməsi üçün aidiyyatı qurum qarşısında tapşırıq verilməsi xahiş edilir. İcra məmuru Nurəddin Əmrullayevin sonralar məhkəməyə təqdim etdiyi ərizədə, onun ümumilikdə 3480 (üç min dörd yüz səksən) manat məbləğində aliment ödədiyi bildirdiyi halda, onda 4540 (dörd min beş yüz qırx) manat məbləğində tələbkarın xeyrinə aliment ödənişi etməyi barədə qəbzlər mövcuddur. Tələbkar ona qarşı qaldırdığı 2(102)-6498/2021 saylı kassasiya şikayətində onun aliment borcunun 4000 (dörd min) manat olduğu etiraf olunur, baxmayaraq ki, həmin məbləğ özü də kifayət qədər şişirdilmişdir. Tələbkar 2(102)-6498/2021 nömrəli kassasiya şikayətində yığılmış aliment borcunun 4000 (dörd min) manat olması barədə etiraf etdiyi halda, həmin dövr üçün aliment borcunun 9070 (doqquz min yetmiş) manat göstərilir və borcun hansı formada hesabladığına dair izahat verilmir. Cavabdeh e-2(027)-1731/2022 saylı iş üzrə Quba Rayon Məhkəməsinə təqdim etdiyi izahatlar arasında kifayət qədər ziddiyyət və uyğunsuzluqlar onun tərəfindən sübuta yetirilmişdir. Belə ki, icra məmuru ay ərzində məhkəməyə təqdim etdiyi xx.xx.2022 tarixli 249642/17-07“5112” nömrəli birinci izahatında olan 10110.6 (on min yüz on tam onda altı) manat borc məbləği ilə xx.xx.2022-ci il tarixli ikinci izahatında olan 12805 (on iki min səkkiz yüz beş) manat qeyd etməklə, on səkkiz gün ərzində borc məbləğinin 2694,6 manat qanunsuz olaraq artırmışdır. Lakin, hesablamanın necə aparıldığına dair rəsmi ərizələrə, icra məmuru izah verə bilməmişdir. Həmçinin, icra məmuru gəlirlərini vergilərlə birgə hesabladığı üçün 2146 manat əlavə vəsait hesablayıb, bu hal tərəfindən gəlirlərinin vergisiz hesablanmasına dair təqdim etdiyi ərizələrlə sübuta yetirilib. Belə ki, cavabdehin istinad etdiyi cədvəldə əmək haqqı 878 manat, 697 manat və 431 manat göstərildiyi halda, təqdim etdiyi ərizələrdə müvafiq olaraq, 800 manat, 600 manat və 400 manat qeyd edilib. Bununla da, cavabdeh Vergilər Məcəlləsinin 3-cü maddəsini pozmuşdur. Aliment öhdəliyinin hazırkı maddi durumuna mütənasib olmadığı və maddi vəziyyətinin nəzərə alınması, inzibati aktın ləğv edilərək aliment öhdəliyini azaldılmasına dair qərardan şikayət, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(027)-387/2021 nömrəli qərarı ilə təmin edilməmişdir. Hazırkı vəziyyətdə nəzərə alınmalıdır kı, əmək hüquqları pozularaq fəaliyyət göstərdiyi “Rixos” otelindən qanunsuz kənarlaşdırılmışdır. 2020-ci ilin sonundan X14 müraciəti əsasında işsiz kimi qeydiyyata alınmışdır. Ötən üç il ərzində dəfələrlə müraciətlər etsə də, DMA tərəfindən işlə təmin edilməmişdir. X19 proqramına (arıçılıq üzrə) cəlb edilsə də, aldadılaraq, yararsız təsərrüfat verildiyi üçün təsərrüfat tələf olmuşdur. Həm vaxt itkisi, həm də küllü miqdarda təsərrüfata xərclənən vəsaitin əvəzində gəlir ala bilmədiyi üçün ziyanla üzləşmişdir. Dövlət faktiki olaraq vətəndaşın qarşısında, vətəndaşını işlə təmin etmək, onun sosial durumu ilə maraqlanmaq əvəzinə, illərdir ki, heç bir tədbir görmür. Bununla da, dövlət qeyd olunan məsələdə öz funksiyasını yerinə yetirə bilmir. Beləliklə illərdir ki, işsiz qalmaqla yanaşı, himayəsində olan xəstə və yaşlı anasının müalicə xərclərini qarşılamaqda çətinlik çəkir. Həmçinin, 1954-cü il təvəllüdlü anası xəstə və qoca olduğu üçün, əlavə qulluğa ehtiyacı var və bu ehtiyacı özü qarşılamaq məcburiyyətindədir. Adında heç bir təsərrüfatın, torpaq sahəsinin olmaması səbəbindən, əlavə gəliri də yoxdur və sahibkarlığ fəaliyyəti olmadığı üçün artıq altıncı ildir ki, dondurulub. Sadalanan faktlardan aydın olur ki, icra məmurunun səhvi və ya ona qarşı olan qərəzli mövqeyi səbəbindən saxta aliment borcu hesablanmışdır. Buna dair dəfələrlə yuxarı instansiyalara müraciət edərək, alimentin düzgün hesablanmasını və hesablanmış aliment borcunun aylar üzrə hesablanmış cədvəl təqdim edilməsini rəsmi qaydada tələb etsə də, icra məmurları müraciətlərinə məhəl qoymamışdır. Şikayətlə birgə iş materialına təqdim etdiyi sübutlardan göründüyü kimi, maddi və ailə vəziyyəti aliment borcunun icrasını mümkünsüz hala gətirib və aliment ödənişini yerinə yetirməkdə çətinlik çəkir. Aliment öhdəliyinin icrasından yayınmır, sadəcə maddi imkansızlıq səbəbindən onu qismən imkanı çərçivəsində ödəyir. Belə bir vəziyyətdə Ailə Məcəlləsinin 107-ci maddəsinin tələblərini tətbiq etməklə məhkəmənin hümanizm prinsipləri çərçivəsində şikayətin təmin edilməsi ədalətli qərar olardı. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-2146/2023 nömrəli qərarında qeyd edildiyi kimi apellyasiya məhkəməsi alimentin azaldılmasına dair tələbi rədd edərkən, Ailə Məcəlləsinin 106.4-cü maddəsinə istinad etmiş, lakin həmin Məcəllənin 106.5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Halbuki, həmin normaya əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Belə ki, məhkəmənin qətnaməsi ilə alimentin tutulması qaydası və məbləği müəyyən edildiyi halda, yaranmış borcun ayrıca iddia icraatı qaydasında mübahisələndirilməsi mülki prosessual qanunvericiliyin prinsipinə ziddir. Alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsi əsasında hesablanmış borcun iddia icraatı qaydasında mübahisələndirilməsi bu məsələ ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər ki, bu son nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin səmərəliyinə xələl gətirəcəkdir. Alimentin tutulması ilə bağlı icra sənədi üzrə icraat zamanı aliment borcunun hesablanmasından ibarət icra məmurunun hərəkəti (hərəkətsizliyi) həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun bu hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliyinə xidmət edir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. X4 şikayətin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629/2021 nömrəli icra sənədləri üzrə yaranmış aliment borcunun qərar verilən günə dəqiqləşdirilməklə, Ali Məhkəmənin 24 may 2023-cü il tarixli, 2(102)-2146/2023 nömrəli qərarı, maddi və ailə vəziyyəti nəzərə alınaraq, həmin aliment borcu öhdəliyindən azad edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin araşdırması zamanı Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 məhkəmənin şifahi sorğusuna əsasən alimentin hesablanması haqqında məlumatı, məlumata əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629/2021 nömrəli icra sənədləri üzrə X7 tərəfindən Tələbkar ödənilmiş aliment ödənişləri barədə məlumatı, cədvəli və digər sənədləri məhkəməyə təqdim etmiş, borclu tərəfindən aliment ödənişlərinin tələbkara şəxsən və ya tələbkarın hesab üzrə kartına köçürmə ilə ödənildiyini götərmişdir.

9. Tələbkar aliment ödənişilə bağlı bank çıxarışını birinci instansiya məhkəməsinə təqdim edərək izahatında bildirmişdir ki, borclu kart vasitəsilə ona mütamadi ödənişlər icra etsə də, 1 il 10 ay ərzinə ümumiyyətlə ödəniş aparmamışdır. Təxminən keçən ilin oktyabr ayına 15.365 manat ödənilməmiş borcu qalmışdır.

10. Quba Rayon Statistika İdarəsinin xx.xx.2022 tarixli 107 nömrəli məlumatına əsasən orta aylıq əmək haqqı 2017-ci il üçün 301 manat, 2018-ci il üçün 322 manat, 2019cu il üçün 406 manat, 2020-ci il üçün 510 manat təşkil etmişdir.

11. Quba Rayon Statistika İdarəsinin X11 ünvanlanmış 17 noyabr 2023 tarixli, 3-34- 63/2-127/2023 nömrəli məktubuna əsasən rayon üzrə orta aylıq əmək haqqı 2022-ci il üçün 589 manat, 2023-cü ilin oktyabr ayının biri tarixinə isə 640 manat təşkil edir.

12. Birinci instansiya məhkəməsinin şifahi sorğusuna əsasən Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nurəddin Əmrullayev tərəfindən təqdim edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629/2021 nömrəli icra sənədləri üzrə X7nun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X1 labaratoriyasından (xx.xx.2022-ci il tarixli, 211 nömrəli arayış) və "xxxx" MMC-dən təqdim etdiyi əmək haqqı cədvəllərinə əsasən alimentin hesablanma formasına əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X3 labaratoriyasında çalışdığı müddət ərzində xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək əmək haqqının 3/1 hissəsi 306,70 manat və sabit pul məbləğində 60 manatdan 5 ay 300 manat hesablanmaqla ümumilikdə 606,70 manat; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X2 labaratoriyasından işdən azad olduqdan "xxxx" MMC-də işə daxil olanadək olan müddət ərzində yəni 2017-ci ilin noyabr ayı daxil olmaqla 2018-ci ilin may ayına kimi (2017-ci ilin 11, 12-ci ayları üzrə 200,86 manat, 2018-ci ilin 1-5-ci ayları üzrə 537,83 manat) orta aylıq əmək haqqının 3/1 hissəsinə görə 738,69 manat və sabit pul məbləğində 60 manatdan 7 ay 420 manat hesablanmaqla, ümamilikdə 1158,69 manat; "xxxx" MMC-də çalışdığı müddət ərzində xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək haqqının 3/1 hissəsi 6619,66 manat və sabit pul məbləğində 60 manatdan 31 ay 1860 manat hesablanmaqla, ümumilikdə 8479,66 manat təşkil edir. M.Əliyev "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixdə işdən azad olunduqdan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə qərarı qanuni qüvvəsini alanadək yəni 2021-ci ilin yanvar ayı daxil olmaqla 2021-ci ilin iyul ayına kimi orta aylıq əmək haqqının 3/1 hissəsinə görə 1190 manat və sabit pul məbləğində 60 manatdan 7 ay 420 manat hesablanmaqla, ümumilikdə 1610 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629 saylı icra sənədi üzrə yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iki uşağa görə 260 manat sabit pul məbləğində aliment hesablanmaqla 31 aya 8060 manat təşkil edir. Beləliklə M.Əliyev ümumilikdə 19915,05 manat ödəməli olduğu halda 4540 manat aliment ödəmiş və onun hazırda 15375,05 manat ödənilməmiş aliment borcu mövcuddur.

13. Quba Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(027)-4/2024 nömrəli qərardadı ilə (hakim Aydın Babayev) şikayət ərizəsi qismən təmin edilərək X13nun Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629/2021 nömrəli icra sənədləri üzrə xx.xx.2024-cü il tarixə aliment borcunun 15375 (on beş min üç yüz yetmiş beş) manat 05 qəpik məbləğində müəyyən edilməsi və ərizənin Ali Məhkəmənin 24 may 2023 tarixli 2(102)-2146/2023 saylı qərarı, maddi və ailə vəziyyəti nəzərə alınaraq, həmin borc öhdəliyindən azad edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi şikayətin qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, sabit məbləğ üzrə 700 manat məbləğin ödənişi barədə qəbz və aliment üzrə hesaba mədaxil məlumatı olsa da, ödənişlər barədə borclu və tələbkar tərəfindən icra məmuruna məlumat verilmədiyindən həmin məbləğ aliment borcu hesablanarkən hesaba alınmamışdır. Belə olan halda borclu M.Əliyevin hazırda 15375,05 manat ödənilməmiş aliment borcunun olması müəyyən olunur.

15. Şikayət ərizəsi ilə həmçinin Ali Məhkəmənin 24 may 2023-cü il tarixli, 2(102)- 2146/2023 nömrəli qərarı, maddi və ailə vəziyyəti nəzərə alınaraq, həmin borc öhdəliyindən azad edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

16. Məhkəmə hesab etmişdir ki, şikayət ərizəsi qeyd edilən hissədə təmin oluna bilməz, belə ki, borclu aliment borcunun onun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edilməsi baxımından hər hansı sübut təqdim etməmişdir.

17. X7 həmin qərardaddan şikayət vermişdir.

18. Quba Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 8(027)-4/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

19. Qərardaddan verilmiş şikayət aliment borcunun dəqiqləşdirilməsi və borc öhdəliyindən azad edilmə barədə şikayət ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

20. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

21. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

Azərbaycan Respublikası Ailə Məcəlləsi

22. Maddə 106. Aliment üzrə borcların müəyyən edilməsi (...) 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

23. Maddə 107. Aliment üzrə borcları ödəməkdən azad edilmə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

24. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrinin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliy ilə nəzərdə tutulmuş qadadad məsuliyyət daşıyırlar.

25. Maddə 10. İcra hərəkətlərinin həyata keçirildiyi yer 10.1. Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu:

26. Maddə 7. İcra məmurlarının vəzifələri İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir; icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir.

27. Maddə 10. İcra məmurlarının tələblərinin məcburiliyi İcra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

35. Kollegiya həmçinin qeyd edir ki, alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən etmək icra məmurunun icra ilə əlaqədar vəzifəsidir.

36. Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629/2021 nömrəli icra sənədləri üzrə xx.xx.2024-cü il tarixə aliment borcunun 15375,05 manat məbləğində müəyyən edilməsi barədə nəticəyə gələrkən birinci instansiya məhkəməsi işdə olan sənədlərə və tələbkarın bank hesab kartı üzrə məlumatlarına istinad etmişdir.

38. Borclu ödənilmədən qalmış aliment borcunun 15375,05 manat məbləğindən daha az olmasını göstərsə də, bu tələbinin əsası kimi istinad etdiyi hallara, o cümlədən aliment borcunun onun xəstəliyinə görə əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi kimi halların mövcudluğuna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, şikayət təmin olunmamalı, Quba Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(027)-4/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(027)-4/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar