Məhkəmə qərarları › İş №8(105)-48/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-48/2022

18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-48/2022 18.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 05 noyabr 2019-cu il tarixli 2(067)- 2825/2019 saylı icra vərəqəsi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərardadı ilə (hakim G.C.Tanrıverdiyeva) təqdimatın təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2(067)-2825/2019 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Lamiyə Hüseynquliyeva məhkəməyə təqdimatla müraciət edərək, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-2825/2019 saylı, 05.11.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2825/2019 saylı, 05.11.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu 16.02.2005-ci il təvəllüdlü X2 və 07.03.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməli, Borclu 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi 28.08.2020-ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və tərəflərindən icra icraatına başlanılmasına dair qərarın və icra sənədinin surəti borcluya təqdim olunmuşdur. Borclunun əmlak və gəlirlərinin müəyyən olunması məqsədilə müvafiq orqanlara sorğu ilə müraciət olunmuş, lakin tələbin yönəldilə biləcəyi hər hansı gəlir və əmlakı aşkar olunmamışdır. xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Borclu aliment pulunu tam ödəmədiyi üçtin 17.01.2022-ci il tarixədək 4400 (dörd min dörd yüz) manat aliment borcu yaranmışdır. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, borcu ödəmək üçün imkanının olmadığını bildirmişdir. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Borclu şikayəti onunla əsaslandırmışdır ki, o, milliyyətcə ləzgidir. Bütün qohumları Dağıstanda yaşayır. O, özü də əsasən Dağıstanda işləyir. Hazırda yollar bağlı olduğu üçün oraya qayıda bilmir. O, aliment borcu olduğunu etiraf edir. Lakin həmin pulu ödəməyə onun maddi imkanı çatmır. Hər ay 150 manat aliment ödəyir. Hazırda təqdimat ilə onun ölkədən çıxışına qadağan qoyulsa onun maddi vəziyyəti daha da ağırlaşacaq. Belə ki, burada o, ayda 300-350 manat qazanc əldə edə bilir, lakin Dağıstanda onun gəlirləri və aylıq qazancı daha çox olur. Borclu onu da məhkəmənin nəzərinə çatdırmışdır ki, 2020-ci ildə atası rəhmətə getmiş, onun yas və dəfn xərclərini ödəmək üçün Unibankdan borc pul götürmüşdür. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 8(060)-122/2022 saylı qərardadının ləğv edilməsinə dair qərardad qəbul edərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Konstitusiyası sərbəst hərəkət etmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnu azadlıq hüququnun tərkib hissəsi kimi qəbul edərək Konstitusiyanın 28-ci maddəsinin İİİ bəndində aşağıdakı kimi müəyyənləşdirmişdir: “Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər”. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsi isə müəyyən edir ki, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmaldır”. Qeyd olunan konstitusiya normasının təbiəti ondan ibarətdir ki, ölkədən çıxmaq azadlığı Konstitusiya və qanunlarda müəyyən edilmiş əsaslarla məhdudlaşdırıla bilər və bu cür məhdudlaşdırma həyata keçirilərkən məhdudlaşdırma gözlənilən nəticəyə mütənasib olmalıdır. Ona görə də, ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulması barədə müraciətə baxarkən məhkəmələrin üzərinə digərləri ilə yanaşı Konstitusiyada nəzərdə tutulan halların – hüququn məhdudlaşdırılmasının qanunda nəzərdə tutulması və gözlənilən nəticəyə mütənasibliyinin aydınlaşdırılması tələb olunur. Sərbəst hərəkət etmək azadlığı milli qanunvericilik ilə yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə də öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən: 1. Dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. 2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. 3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. 4. Birinci bəndə daxil edilmiş hüquqlar xüsusi ərazilərdə qanuna müvafiq olaraq və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər. Eyni zamanda bu əsaslar milli qanunda nəzərda tutulmuş və demokratik cəmiyyətdə zəruri olmalıdır. Ona görə də, məhkəmə tərəfindən şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılarkən Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qanunilik və mütənasiblik tələblərindən əlavə müvafiq əsasların mövcudluğu və məhdudiyyətin tətbiqinin demokratik cəmiyyətdə zəruriliyi meyarları da yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərarın surəti icra məmuru tərəfindən borcluya şəxsən təqdim olunmuşdur. O cümlədən Borclu əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti qurumlara elektron qaydada sorğular göndərilmişdir. Lakin buna baxmayaraq, icra sənədi Borclu tərəfindən bugünədək tam şəkildə icra edilməmişdir. Bu halı borclu məhkəmə iclasında verdiyi izahatında da etiraf etmişdir. Borclu şikayətində qapı ustası olmaqla Dağıstan Respublikası, Dərbənd şəhərinə işləmək üçün tez-tez getdiyini, əsas qazancını bu yolla əldə etdiyini bildirsə də, məhkəməyə bu hallara dair hər hansı sübut təqdim etməmiş, əksinə öz izahatında axırıncı dəfə 2019-cu ildə orada olduğunu bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 04 mart 2022-ci il tarixli 8(060)-122/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar