Məhkəmə qərarları › İş №8(105)-48/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-48/2023

25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-48/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X16 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 8(060)-917/2022 nömrəli qərardadından X12 Əzizulla oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim A.Süleymanova) X1nın və Mütəllimli Həsrət Əzizulla oğlunun «məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair» ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclular Nəsibə və Həsrət Mütəllimli qərardaddan şikayət vermişlər. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-917/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadından X1 və Mütəllimli Həsrət Əzizulla oğlu tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 8(060)-917/2022 nömrəli qərardadından X1 və Mütəllimli Həsrət Əzizulla oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilərək, mülki işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətin qanunvericilikdə şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət buraxıldığından baxılmadan geri qaytarılması qərara alınmışdır. X12 Əzizulla oğlu həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 8(060)-917/2023 nömrəli qərardadı ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 8(060)-917/2022 nömrəli qərardadından şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət X12 Əzizulla oğlu tərəfindən ötürülməmiş hesab olunması, şikayət qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməsi qərara alınmışdır. İŞİN HALLARİ X1 və Mütəllimli Həsrət Əzizulla oğlu məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası MPM-nin 231-ci, “İcra Haqqında” Qanununun 15-ci və “İpoteka Haqqında” Qanununun 39.4-cü maddəsinin tələblərini, nəvələrinin körpə olmasını və qış vaxtı olmasını nəzərə alaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 197-yə tutmanın yönəldilməsi, mənzildən çıxarılma və boşaldılmasına 1 il müddətinə möhlət verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(060)-2077/2021 saylı qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin cavabdehlər X6, Mütəllimli Həsrət Əzizulla oğluna, X2, X14 oğluna, X7 və X3 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X11, Mütəllimli Həsrət Əzizulla oğlu, X14 oğlu, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, X8, sonuncunu yetkinlik yaşına çatmayan övladları X10 və X4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evə istifadə hüquqlarına xitam verilməsi, onların yaşayış sahəsindən çıxarılmaları və həmin evin cavabdehlər tərəfindən boşaldılmaları qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-2077/2021 nömrəli, 05 aprel 2021-ci il tarixli qətnaməsi cavabdehlər X11 və Mütəllimli Həsrət Əzizulla oğluna münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bildirir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 197 ünvanındakı ev onların yeganə yaşayış yeridir, təqaüdçüdür, başqa evi yoxdur və digər yerdə yaşamağa imkanı yoxdur, kiraya pulun ödəməyə də imkanı çatmır. Onlar azyaşlı uşaqlarıyla mənzildən çıxarılacağı təqdirində küçəyə atılmış olurlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X12 Əzizulla oğlu Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tairxli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırmamış, tələbkarın mənafeyini nəzərə almaqla ərizəsini təmin etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını və şikayətinin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsini məhkəmə aktının icra müddətini həddən artıq uzatmaqla tələbkarın qanuni mənafeyini, eləcə də məhkəmə qərarlarının icrası ilə bağlı ağlabatanlıq və ədalətlilik meyarlarını pozmuş ola bilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (Mülki Prosessual Məcəllənin 231.1. maddəsi). Məhkəmə daha sonra xatırladır ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (bax, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-İİİ). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə tərəfin ərizəsi əsasında qətnamənin icrasına möhlət verməni müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, bunun üçün real əsaslar mövcud olsun. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1., 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar