Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-49/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-107/2022 nömrəli 15 fevral 2022-ci il tarixli qərardadından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim R.Qoşqarlı) Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-5444/2021 saylı iş üzrə verilmiş 23.08.2021-ci il tarixli icra sənədi üzrə üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Bağırovun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 8(060)-107/2022 saylı qərardadından tələbkar "xxxx" ASС-nin nümayəndəsi X1 verdiyi şikayətə 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-5444/2021 saylı iş üzrə verilmiş 23.08.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1908,05 manat və 30,40 manat dövlət rüsumu Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi 05.10.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və tərəflərindən icraata başlamaq haqqında qərar və icra sənədinin surəti borclu şəxsə təqdim edilmişdir. Lakin borclu icra vərəqəsində qeyd olunan öhdəliyi icra etməmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Bağırovun Sumqayıt Şəhər Məhkəməsi 2(060)-5444/2021 saylı iş üzrə verilmiş 23.08.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.05.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici mütənasiblik prinsipinin tələblərini nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qaydasını kifayət qədər aydın müəyyən etmişdir. Belə məhdudlaşdırmanın tətbiqi və götürülməsi ilə bağlı qaydalar “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda daha müfəssəl əks olunmuşdur. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. 1) İşin materiallarında da göstərildiyi kimi 25.08.2021ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş qəbul edilmişdir. 08.09.2021-ci il tarixdə Borclu icraata başlamaq haqqında qərarı, könüllü icra üçün bildirişi və icra sənədinin surətini imzalayaraq icra məmuru Kənan Məhərrəmovdan təhvil almışdır. 2) Bundan başqa borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsiylə sorğular edilmiş və icra məmuru tərəfindən borclunun əmlakının axtarışı üçün bütün zəruri tədbirlər görülmüşdür. (həmin sorğular və akt qoşmaya əlavə edilir) Göründüyü kimi icra məmuru tərəfindən “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda göstərilən bütün icra hərəkətləri yerinə yetirildikdən sonra Məhkəməyə müraciət edilmişdir. Məhkəmə isə bu müddəanı pozaraq təqdimatı təmin etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsini təqdimatda borclunun icranı könüllü təmin etməməsinə və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına istinad olunsa da, qeyd edilənləri təsdiq edən hər hansı hal məhkəmə tərəfindən aşkar edilməməsi, icra məmuru tərəfindən qanunvericilikdə göstərilən digər məcburi icra tədbirləri barədə (inzibati qaydada məsuliyyətə cəlb etmək və s.) heç bir sənədin iş materiallarına əlavə edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru icra sənədinin icrasının təmin edilməsindən ötrü borcluya müvafiq bildiriş göndərmiş, borclunun əmlakı və gəlirləri barədə müvafiq sorğu müəyyən edilməmiş, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından ötrü təqdimat ilə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “X3 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında isə aşağıdakılar qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Bundan sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyi mümkünlüyü əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli və onunla bağlı 11 mart 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-49/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-49/2022
20.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver