Məhkəmə qərarları › İş №8(105)-49/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-49/2024

06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-49/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X14 ibarət tərkibdə, Quba rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədi üzrə tələbkar X8 Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 icraata xitam verilməsi haqqında 10 mart 2023-cü il tarixli qərarından şikayətə dair Quba Rayon Məhkəməsinin 8(027)-63/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədi üzrə tələbkar X4 rayon İcra Şöbəsinin icra məmuru X2 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 10 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin evə köçürülmə hissəsində icraatın davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 8(027)-63/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 10 mart 2023-cü il tarixli qərarının evə köçürülmənin xitam verilməsi hissəsində ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 nömrəli icra sənədi üzrə icra hərəkətləri X8 Quba şəhəri, Fətəli xan küçəsi, ev 2a, mənzil 34-ə köçürülməsi hissəsində davam etdirilməsi qərara alınmışdır (hakim Aydın Babayev). Borclunun nümayəndəsi Borclu həmin qərardaddan xx.xx.2024-cü il tarixdə şikayət verərək, Quba Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 8(027)-63/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi sayılan Quba Rayon Məhkəməsinin 2(027)-18/2020 nömrəli,xx.xx.2010-cu il tarixli qətnaməsi qəbul olunan tərixdən də qabaq (2007-ci ildən) X1 mənzildə yaşamayıb və o, daima valideynlərinə məxsus mənzildə yaşayıb(qısa müddət də kirayədə qalıblar). Qətnamənin (icra sənədinin) icrasından sonra da Zəvatə mənzilin açarını alıb çıxıb gedib. Tələbkarın qayəsi onları əsassız yerə süründürmək, əziyyət verməkdir. Tələbkar mənzildə ayrıca otaq verilməsini tələb etməklə onları tələbkara pul verməyə vadar etmək istəyir ki, bu da mümkünsüzdür. Tələbkar gəlin gəldiyi vaxtdan mübahisə predmeti olan mənzildə yaşamaq istəməyib və tələb edib ki, Bakıda ev ala bilməsi üçün pul versinlər. Buna nail ola bilmədiyi üçün də məhz belə yollara əl atır. Quba Rayon Məhkəməsinin 2(027)-18/2020 nömrəli, 12.01. 2010-cu il tarixli qətnaməsinin (icra sənədinin) təkrar icraya qaytarılması tamamilə əsasızdır. Belə ki, icra sənədinin icraatı tam qanunauyğun aparılıb. Bundan əlavə tələbkar Zəvatə Yarəli qızının icra məmurundan mənzildə otaq ayrılması tələbi tələbkara qədər yaşayan insanların həmin evdən çıxarıla bilməməsi səbəbinə görə mümkünsüzdür. Quba Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 8(027)-63/2024 nömrəli qərardadı ilə borclunun nümayəndəsi Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aydın Babayev). Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(105)-49/2024 nömrəli qərardadı ilə şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən tələbkar X11 şikayətə etiraz verərək onunla əsaslandırmışdır ki, iddiaçı kimi onun cavabdeh X5 və qeyrilərinə qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və passport qaydiyyatına alınma” barədə iddia tələbi əsasında Quba Rayon Məhkəməsinin (sədrlik edən X17) 2-(027)-18⁄2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin qətnaməyə əsasən iddia tələblərinin təmin edilməsi, Quba şəhəri, Fətəli xan küçəsi 2a saylı evin 34-cü mənzilinə istifadə hüququnun yaranması, həmin mənzilə köçürülməyi və passport qeydiyyatına alınmağı qət edilmişdir. Qeyd olunan qətnamə cavabdehlər tərəfindən mübahisələndirilsə də, yekunda qətnamə qüvvədə saxlanılmış və icraya yönəldilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X6 tərəfindən Quba Rayon Məhkəməsinin 2-(027)- 18⁄2010 saylı icra vərəqəsinin icrası qismən təmin olunsa da, mənzilə köçürülməyi ilə bağlı hissə və mənzildən istifadə qaydasının izah edilməsi hissəsi lazımı qaydada yerinə yetirilməmişdir. Belə ki, uzun sürən məhkəmə çəkişmələrindən sonra icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilməklə, onun qeyd olunan mənzilə köçürülməyi və mənzilin giriş qapısının açarının birinin ona təqdim edilməsi qeyd olunmuşdur. Mənzildə onun yaşamağı üçün zəruri şəraitin (ev əşyalarının və s.) olmaması səbəbindən o, həmin vaxt mənzilə fiziki olaraq köçə və yaşaya bilməyəcəyini icra məmuruna bildirsə də, ona bunun heç bir problem yaratmamasını və heç bir narahatçılığa əsas olmamasını, məhkəmənin icra vərəqəsini təxirə salınmadan icra etməli olmasını və gələcəkdə hər hansı problem yaranacağı halda həll olunacağını bildirmiş, beləliklə onun formal olaraq həmin mənzilə köçürülməyini qeyd etmişdir. Lakin o, həmin vaxt mənzilə faktiki olaraq köçürülməmiş, Bakıya valideynlərinə məxsus evə müvəqqəti olaraq qayıtmış və lazımı əşyaları almaqla azyaşlı övladları ilə birgə həmin evə köçməyi planlaşdırırmışdır. Bundan qısa müddət sonra mənzildə yaşamaq üçün Quba şəhərinə gəlmiş və mənzilə daxil olmaq istədikdə borclular onu mənzilə buraxmayacaqlarını qeyd etmişlər. Vəziyyətdən çıxış yolu kimi Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət etsə də, həmin şöbədən ona köməklik edilə bilinməyəcəyi, icra vərəqəsinin tam icra olunması bildirilmişdir. O, İcra şöbəsinə Dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin lazımı qaydada icra edilməməsini bildirsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda mənzilə köçməyinə köməklik göstərməsi və borcluların qanunsuz müdaxiləsinə son qoyulması üçün AR DİN-ə müraciət etsə də, həmin qurum tərəflərin izahatlarını alaraq, işin mülki xarakterli olmasını və məhkəmənin icra vərəqəsinə əsaslanmasını qeyd edərək, ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hətta ona polis orqanından verilən məlumata görə borcluların izahatı alınarkən, borcluların guya onun mənzilə özünün köçmək niyyətinin olmaması, əslində borcluların buna etiraz etməmələri kimi həqiqətə uyğun olmayan fikilər bildirmişlər. Halbuki xeyli sayda şahidi var ki, dəfələrlə mənzilə köçməyə cəhd etdiyi halda borclu tərəf ona əngəl törətmiş, mənzilə daxil olmağına şərait yaratmamışlar. Beləliklə onlar da ona hazırda bəlli olmayan səbəblərdən yaranmış ciddi əminlik var idi ki, nə icra məmuru, nə də polis orqanı onun real olaraq mənzilə köçürülməyini təmin etməyəcəklər. Buna görə də həmin qurumlara verdikəri izahatlarda qəsdən yalan məlumatlar bildirmişlər. Lakin daha sonra tərəfindən “Quba Rayon Məhkəməsinin 2-(027)-18⁄2010 saylı icra vərəqəsinin icrası ilə əlaqədar verilmiş icra vərəqəsi üzrə Quba rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi” barədə ərizəsi əsasında hazırda borclu tərəfindən mübahisələndirilən qərardad qəbul edildikdə, onlar artıq əsl niyyətlərini və real düşüncələrini sərgiləməyə başlamış, xx.xx.2024-cü il tarixli şikayət ərizələrində onu mənzilə buraxmaq niyyətlərinin olmamasını açıq şəkilə biruzə vermişlər. Başqa bir məsələ isə ondan ibarətdir ki, borclu tərəf tərtib etdikləri şikayət ərizəsində nədənsə özlərini icra məmurunun sanki “vəkili” (“müdafiəçisi”) kimi təqdim edərək icra vərəqəsinin guya tam icra olunmasını qeyd etmişlər. Lakin o hazırda bocluların qanunsuz müdaxiləsi və icra məmurunun anlaşılmaz hərəkətsizliyi səbəbindən mənzilə köçə və yaşaya bilmir. Bundan əlavə borclu tərəfindən şikayətdə yazılan qərardadın ləğvi ilə bağlı irəli sürülən “dəlil”lərə münasibətdə bildirir ki, əvvəla tələbkar olaraq o, icra məmurundan ona mənzildə otaq ayrılmasını yox, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədinin lazımı qaydada və real olaraq icra edilməsini tələb edir. Həmçinin o, mənzildə yaşayan şəxslərin öz yerlərini ona vermələrini və ya onlardan hər hansı məbləğdə pul ödəmələrini yox, başqa heç yerdə yaşamaq imkanı olmayan, xüsusən istifadə hüququnun tanındığı və daimi passport qaydiyyatına alındığı mənzilə dair özünün və azyaşlı övladlarının konstitusion hüququ olan mənzildə yaşamaq hüququnun təmin edilməsinə çalışır. Beləliklə qeyd etdiyi xüsusatlardan da açıq-aşkar göründüyü kimi borclu tərəf icra qurumunun anlaşılmaz və təəccüb yaradan hərəkətsizliyindən istifadə edərək və hüquqmühafizə orqanlarına yalan məlumat verərək guya məhkəmə qətnaməsinin icrasına maneçilik törətməmələrini və onun mənzilə köçürülməyinə etiraz etməmələrini bildirsələr də, qərardaddan tərtib etdikləri şikayətdə əsl niyyətlərini ifşa etmiş və bu şikayətdə qeyd etdikləri hallarla Dövlətin adından çıxarılmış və vaxtilə prosessual hüquqlarından istifadə edərək yuxarı instansiya məhkəmələrinə verdikəri şikayətlərin rədd edilməsinə baxmayaraq, qüvvədə saxlanılaraq icraya yönəldilən qətnamənin icrasına faktiki olaraq maneə olduqlarını və icra edilməsinə imkan verməyəcəklərini etiraf etmiş olmuşlar. Bundan əlavə İcra məmurunun qanunsuz hərəkətsizliyindən (yəni faktiki olaraq məhkəmə aktının məcburi icrasını təmin etməməsi, icra ilə əlaqədar vaxtilə ona yalnış məlumat verilməsi və s.) onun tərəfindən aidiyyatı dövlət qurumlarına şikayət ərizələri ünvanlanmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək onunla əsaslandırmışdır ki, Quba rayon İcra Şöbəsinin icra məmuru X2 icraata xitam verilməsi barədə 10 mart 2023-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə tələbkar Orucəliyeva (Şıxəliyevə) Zəvatə Yarəli qızının adına olan Quba şəhəri, Fətəlixan küçəsi 2a saylı evin 34-cü mənzilinə istifadə hüququ tanınmalı, o həmin mənzilə köçürülməlidir və pasport qeydiyyatına alınmalıdır.Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 2(027)-18 saylı icra sənədi üzrə tələbkar Orucəliyeva (Şıxəliyevə) Zəvatə Yarəli qızının ərizəsinə əsasən tələb tam təmin olunmuşdur. Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X8 cavabdeh X5 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və pasport qaydiyyatına alınma tələbinə dair iddiası üzrə Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 nömrəli qətnaməsinin icra edilməsilə bağlı icra sənədi üzrə icraat aparılmış, icra sənədi 10 mart 2023-cü il tarixdə qismən icra olunaraq icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin borclu yenidən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək icra sənədinin tam icra olunmadığını, hələ də mənzilə istifadə hüquqlarını həyata keçirə bilmədiyini bildirərək, xitam qərarının ləğv edilməsi və icra sənədinin onun evə köçürülmə hissəsində icraatın davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İcra Haqqında Azərbaycan Respublikası qanununun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən icra sənədi xitam olunsa da, işin hallarına əsasən müəyyən olunur ki, borclular tərəfindən qeyd olunan icra sənədinin icra olunmasına əsassız olaraq maneələr yaradılmış, buna görə də icra sənədinin yenidən icra olunması zərurəti yaranmışdır. Buna görə də borclunun şikayətdə qeyd etdiyi dəlillər mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 8(027)-63/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar