Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-5/2024 09.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Əlizadə (Quliyeva) Nərmin Qalib qızının Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-527/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı Əlizadə (Quliyeva) Nərmin Qalib qızı tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi-borclu Əlizadə (Quliyeva) Nərmin Qalib qızı şikayət ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X4 cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızına və X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızından və X3 əsas borc olaraq 14460 manat, cərimə borcu olaraq 960 manat, əldən çıxmış fayda olaraq 1735 manat, məhkəmə xərci olaraq isə 30 manat olmaqla, ümumilikdə, 17185 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Nərmin Əlizadə (Quliyeva) 24 iyun 2016-cı il tarixində notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi əsasında aldığı 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində pulu 24 oktyabr 2018ci il tarixinə kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin həmin borcun 13440 manat məbləği cavabdeh tərəfindən ödənilmiş, qalan 15160 manat məbləğində pul müqavilədə nəzərdə tutulmuş müddətdə geri qaytarılmamışdır. Öhdəliyin icrası üçün müqavilədə müəyyən edilmiş müddətin bitməsindən 2 aya yaxın vaxt keçəndən sonra - 12 dekabr 2018-ci il tarixində Əlizadə (Quliyeva) Nərmin Qalib qızının əri X7 ərizə verərək, kredit müqaviləsi üzrə qalan 15160 manat məbləği ödəməyi öhdəsinə götürmüş, Quliyeva Nərminlə birgə məsuliyyət daşıdığını bildirmişdir. Ərizədə məbləğin hissə-hissə xx.xx.2020 tarixinə qədər bütövlükdə ödəniləcəyi qeyd olunmasına baxmayaraq, ödəniş xx.xx.2019 tarixindən sonra dayandırılmışdır. Beləliklə, Quliyev Zaur ərizə əsasında üzərinə götürdüyü öhdəliyin icrasından yayınmış, ödənilməli olan məbləğin cəmi 700 manatını ödəməklə ona xeyli miqdarda zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızı iddia tələbini qəbul etməyərək, iddia ərizəsində göstərilən məbləği iddiaçının həyat yoldaşına qaytardığını bildirmişdir. Onlar qızıl alıb-satmaqla məşğul olmuş və həmin borcu da bu iş ilə əlaqədar almışdır. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsi ilə (hakim H.Əhmədov) iddiaçı X1 cavabdehlər X6 və X5 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızı və X3 əsas borc olaraq 14460 manat və məhkəmə xərci olaraq 30 manat olmaqla, ümumilikdə 14490 manat məbləğində pul vəsaitinin iddiaçı X1 xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbində göstərdiyi cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızından və X3 əsas borc olaraq 14460 (on dörd min dörd yüz altmış) manat məbləğində pulun alınaraq ona verilməsi tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır, ona görə də iddia həmin hissədə təmin edilməlidir. Cavabdeh N.Q.Əlizadə (Quliyeva) apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2173/2021 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) cavabdeh N.Q.Əlizadə (Quliyeva) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsi cavabdeh N.Q.Əlizadəyə (Quliyevaya) aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızından əsas borc olaraq 14460 manat və məhkəmə xərci olaraq 30 manat olmaqla, ümumilikdə 14490 manat məbləğində pul vəsaitinin iddiaçı X1 xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2795/2022 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin edilməyərək qətnamə qüvvəsində saxlanılmış, qətnamə qanuni qüvvəsini almış, icraya yönəlmişdir. Daha sonra Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani icraata başlamaq haqqında qərar qəbul etmiş və həmin qərarın icrası ilə bağlı onun barəsində qanunsuz icra hərəkətləri etmişdir. Belə ki, icraata başlamaq haqqında qərarın surətini dəfələrlə istəsə də, icra məmuru qərarın surətini ona verməmişdir. Halbuki, icraata baxılma haqqında qərardan da müəyyən olunur ki, icra məmuru qərarın surətinin onun qəbul edildiyi vaxtdan 1 gün müddətinə tərəflərə, habelə icra sənədini vermiş məhəkəməyə göndərməlidir. Qərarın surətini o, 18 sentyabr 2023-cü il tarixdə icra məmuru ilə xeyli mübahisədən sonra əldə etmişdir. Ona görə də hesab edir ki, icraata başlamaq haqqında qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmədiyindən ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin 8(012)-527/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə ərizəçi-borclu Əlizadə (Quliyeva) Nərmin Qalib qızının Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir (hakim Habil Əhmədov). Qərardaddan narazı qalan ərizəçi-borclu Əlizadə (Quliyeva) Nərmin Qalib qızı şikayət verərək qərardadın ləğv edilməsini və şikayətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan sonra şikayət material ilə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası tərəfindən iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə çıxarılmış qərardadın nəticəvi hissəsinə dair “AZEMİS” Elektron Məhkəmə sistemindən çıxarışı işə əlavə edərək, şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 267.3 və 268.1-ci maddələrinə əsasən şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-527/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadından ərizəçi-borclu Əlizadə (Quliyeva) Nərmin Qalib qızı tərəfindən verilmiş şikayət müzakirə olunsa da, yalnız nəticəvi hissəyə dair çıxarış iş materiallarına əlavə edilmiş, əsaslandırılmış qərardad işə əlavə edilməmiş və tərəflərə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizəçi-borclu Əlizadə (Quliyeva) Nərmin Qalib qızının şikayəti əsasında birinci instansiya məhkəməsi yalnız nəticəvi hissəyə dair çıxarışı iş materiallarına əlavə etdiyindən, qərardad işə əlavə olunmadığından işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və material sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 269, 366.4, 397.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 8(012)-527/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadından Əlizadə (Quliyeva) Nərmin Qalib qızı tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin. İddiaçı Əlizadə (Quliyeva) Nərmin Qalib qızının şikayəti müzakirə edilərək prosessual qaydalara əməl edilməsi və yol verilmiş prosessual pozuntular aradan qaldırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(105)-5/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-5/2024
09.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver