Məhkəmə qərarları › İş №8(105)-50/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-50/2021

11.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-50/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Tələbkar açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 və X6 Məmmədxan oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(060)-1/2021 saylı qərardadından Tələbkar açıq səhmdar cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(060)-1/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Emin Abdullayev) X6 Məmmədxan oğlunun icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli icra qeydinin X6 Məmmədxan oğlunun aylıq qazancının (və digər gəlirlərinin) 20%-i tutulmaqla hissə-hissə icra ediməsi qərara alınmış, tələbkar qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, X6 Məmmədxan oğlu ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli icra qeydi ilə müəyyən edilmiş və ödənilməmiş 4024,62 manatın hissə-hissə icra edilməsi, yəni hər ay qazancından 20% tutulması barədə qərardad qəbul olunmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli icra qeydi ilə ondan Tələbkar açıq səhmdar cəmiyyətinin xeyrinə 4024,62 manat məbləğində pulun tutulması müəyyən edilmişdir. İcra qeydinə əsasən ondan 4024,62 manat məbləğində pulun tutulması onun maddi vəziyyətinə uyğun deyildir. Onun himayəsində 5 nəfər vardır və bunlardan 3 nəfəri azyaşlıdır, anası isə ağır yataq xəstəsidir. O, ailədə yeganə qazanc gətirən şəxsdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, “İcra haqqında” qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İcra qeydinin icrası ilə bağlı məsələlərə baxarkən ilk növbədə borclunun bank qarşısında olan borc öhdəliyini icra etmək niyyəti araşdırılmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən X6 Məmmədxan oğlunun 3994 manat məbləğində olan problemli kredit borcu illik 1 faiz olmaqla, 60 ay müddətinə xx.xx.2019-cu il tarixdə restrukturizasiya edilmişdir. Ödəniş cədvəli üzrə ilk 12 ay ərzində aylıq ödəniş 3,50 manat təşkil etməsinə baxmayaraq borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və ona hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun son ödənişinin xx.xx.2020-ci il tarixdə olması öhdəlikdən açıq-aşkar yayınmasını göstərir. Hazırda X6 Məmmədxan oğlu Sumqayıt şəhəri 2 nömrəli məktəbdə işləyir və aylıq əmək haqqı qərardada əsasən 586 manat təşkil edir. Göstərilən əmək haqqına nəzərən borclu ödəmə niyyətində olsa idi, ödəniş cədvəlinə uyğun olaraq aylıq 3,50 manat vəsaitin ödənişini təmin edə bilərdi. Hazırda cəmiyyət restrukturizasiya edilmiş kreditlərə əlavə güzəştlər tətbiq edir. Lakin əlavə güzəştin tətbiq edilməsi barədə borclu tərəfindən banka müraciət edilməmişdir. Borcun hissə-hissə ödənilməsi barədə qərarın verilməsi borclunun borcu ödəməmək və ya borcun ödənilməsinin uzadılması kimi məqsədlərinə xidmət edir, icra vərəqəsinin faktiki olaraq icrasız qalması ilə nəticələnir. Şikayətdə iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Tələbkar açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında X6 Məmmədxan oğlu şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə qərardadın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, məktəbdə hərbi hazırlıq müəllimi işləyir, 586 manat əmək haqqı alır. Sumqayıt şəhəri üzrə İcra idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilərək ərizə təmin olunmamalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tələbkarın şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən FR/88088/69/11 saylı müqavilədə nəzərdə tutulan, ödənilməmiş 4004,62 manat və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4024,62 manat pul Məsimov Azər Məmmədxan oğlundan Tələbkar açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarında olan x xxxxxxxx 2020-ci il tarixli, LK 0804/İK-20 saylı kredit (borc) və girov müqaviləsinin surətindən görünür ki, “TuranBank” açıq səhmdar cəmiyyəti tərəfindən Məsimov Azər Məmmədxan oğluna illik 34 faiz hesablanmaqla 24 ay müddətinə 2580 manat kredit verilmişdir. “İcra haqqında” qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. “İcra haqqında” qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, icra sənədinin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. X6 Məmmədxan oğlundan hər ay qazancının (və digər gəlirlərinin) 20%-i tutulmaqla icra sənədi hissə-hissə icra olunarsa, bu halda icra sənədinin hər ay icrası üçün (586 manat x 20% : 100) 117,20 manat ödəməlidir. Bu hesabla icra sənədinin icrası üçün 3 ilə (4024,62 manat:117,20 manat:12 ay) yaxın müddət tələb olunur ki, bu da hazırki halda ağlabatan müddət sayıla bilməz. Həmçinin icra qeydinin hissə-hissə icra edilməsinə əsas ola biləcək bu və ya digər müstəsna halın mövcudluğuna dair hər hansı bir sübut nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş əsas kredit borcunun restrukturizasiyası üzrə xx xxxx 2019-cu il tarixli FR/88088/69/11 saylı güzəştli kredit müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən X6 Məmmədxan oğlunun 3994,25 manat məbləğində olan problemli kredit borcu illik 1 faiz, 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə restrukturizasiya edilmiş, ödəniş cədvəli üzrə ilk 12 ay ərzində aylıq ödəniş 3,33 -3,44 manat təşkil etmişdir. Qeyd edilən restrukturizasiyadan keçən 1 il 5 ay ərzində Məsimov Azər Məmmədxan oğlunun restrukturizasiya əsasında ödəniş cədvəli üzrə borcunu ödəməsinə dair iş materiallarında hər hansı bir sənəd yoxdur. Digər tərəfdən, həmin ödəniş cədvəli üzrə Məsimov Azər Məmmədxan oğlunun 1 il güzəşt müddətindən sonra aylıq ödənişi onun əmək haqqının 20 faizindən də az, yəni 84,92 manat təşkil etmişdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2020-ci il tarixdə icra qeydi verildikdən sonra borclu tərəfindən icra qeydinin icrasına təşəbbüs göstərilməsi də iş materiallarından görünmür. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, tələbkarın şikayətində göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, məhkəmə qərardadı ləğv edilməli, borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar açıq səhmdar cəmiyyətinin şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(060)-1/2021 saylı qərardadı ləğv edilsin. X6 Məmmədxan oğlunun Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2020-ci il tarixli icra qeydinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar