Məhkəmə qərarları › İş №8(105)-50/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-50/2023

04.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-50/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X9 ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, Tələbkar vəkili və nümayəndəsi Vəkil1 və borclu "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi-borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək icra işi üzrə icraatın təzələnməsi barədə şikayətin təmin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-1/2023 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Ərizəçi-borclu "xxxx" MMC şikayət ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək icra işi üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin şöbə tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbkar Abşeron rayon İcra və Probasiya şöbəsinə ərizə göndərərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi üzrə icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 saylı icra sənədi “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsi rəhbər tutularaq icrası dayandırılmışdır. Hesab olunur ki, icra işinin dayandırılması borclu "xxxx" MMC-nin maraqlarına toxunduğu üçün ləğv olunmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi qismən təmin edilmişdir. İcra sənədi üzrə Borclu tərəfindən 500 000 manat pul vəsaiti Tələbkar ödənildikdən sonra Tələbkar xahişi ilə qanunsuz tikilinin sökülməsi hissəsində icra sənədi üzrə icraat dayandırılmışdır. Məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Tələbkar mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" MMC-nin və Borclu hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Beləliklə, tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi və Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə, söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də, digər malməmulatların "xxxx" MMC-nin mülkiyyətinə keçməsi ilə nəticələnməlidir. Lakin Tələbkar xahişi ilə icra sənədinin qanunsuz tikilinin sökülməsi hissəsində icraatının dayandırılması "xxxx" MMC-nin söküntü nəticəsində əldə olunmuş tikinti materiallarına, eləcə də, digər malməmulatlarına münasibətdə mülkiyyətindən məhrum olmasına səbəb olmuşdur. Bu səbəbdən də, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra işi üzrə icraat təzələnərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi tam icra olunmalıdır. Ona görə də göstərilənlərə əsasən, şikayətin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-457/2022 saylı qərardadına əsasən, ərizəçi-borclu "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra vərəqəsi üzrə icraat təzələnmiş və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(105)-117/2022 saylı qərardadına əsasən, Tələbkar şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-457/2022 saylı qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, 8(012)-457/2022 saylı işin baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-1/2023 nömrəli qərardadı ilə ərizəçi-borclu "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)- 329/2019 saylı icra vərəqəsi üzrə icraatın təzələnməsi və icra hərəkətlərinin müafiq icra qurumu tərəfindən davam etdirilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Həmin qərardaddan narazı qalan Tələbkar şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-01/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərarı məhz tələbkar olaraq onun ərizəsi əsasında qəbul edildiyinə görə, həmçinin, yalnız onun ərizəsi əsasında da ləğv olunmalıdır. Borclu "xxxx" MMC şikayətində icra işinin dayandırılmasının onun maraqlarına toxunduğunu bildirsə də, bunu şikayətində bir cümlə ilə belə əsaslandıra bilməmişdir. Bundan əlavə, məhkəmə qətnaməsi üzrə pulun ödənilməsi başqa bir borclu tərəfindən həyata keçirilmişdir. Qarşı tərəf bir neçə dəfə məhkəmələrdə iddia qaldıraraq hansısa əmlak tələbləri ilə çıxış etmiş, lakin iddiaları əsassız olduğundan rədd olunmuşdur. Odur ki, borclu "xxxx" MMC-nin Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərarından verdiyi şikayət yuxarıda qeyd edilən səbəblərə görə əsassızdır və qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti buraxılmaqla verildiyindən təmin olunmamalıdır. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin sözügedən qərardadı ləğv edilməli və Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun ”icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 17.1.10-cu maddəsinə əsasən tələbkarın xahişi olduqda icraatın dayandırılması məcburidir. Bundan əlavə, hesab edir ki, qərardan şikayət verilməsi üçün ötürülmüş müddət bərpa edilməməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-1/2023 saylı qərardadında şikayət verilməsi üçün müddətin ötürülmədiyi və ona görə də, şikayətə mahiyyəti üzrə baxılmasını haqlı hesab etmişdir. Halbuki AbşerRayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-1/2023 saylı qərardadında iş materiallarında olan ərizəçi-borclu "xxxx" MMC-nin iddia ərizəsi üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2607/2021 saylı qətnaməsi əsasında tədqiq olunmuş mülki iş materiallarında icraatın dayandırılması barədə icra məmurunun qərarının olmasına rast gəlinməsi qeyd olunmuşdur. Beləliklə, əgər Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli “icraatın dayandırılması barədə” qərarını "xxxx" MMC vaxtında almasaydı və ondan məlumatlı olmasaydı həmin qərar iddia ərizəsinə əlavə olunmuş sənədlər sırasında olmazdı. Bu fakt həmçinin, Səbail Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Odur ki, borclu "xxxx" MMC-nin Abşeronrayon İcra və Probasiya şöbəsinin icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərarından verdiyi şikayət yuxarıda qeyd olunan səbəblərə görə əsassız olduğundan və qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti buraxılmaqla verildiyindən təmin olunmamalı olduğu halda qanunsuz olaraq təmin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, belə nəticəyə gəlmək olar ki, daha öncə Sumqayıt Apellyasiya Məhkəməsininmövqeyi də "xxxx" MMC tərəfindən icraçının xx.xx.2019-cu il tarixli dayandırma qərarını vaxtında almasından ibarət olmuşdur. Həmçinin Apellyasiya Məhkəməsi xüsusilə Birinci İnstansiya Məhkəməsinin buna baxmayaraq göstərilən hala qiymət vermədiyini vurğulamışdır. Məhz elə buna görə Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2022ci il tarixli 8(105)-117/2022 saylı qərardadla sözügedən işi yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərarına gəlmişdir. Lakin Abşeron Rayon Məhkəməsi həmin halı qeyd edib və qəbul etməsinə baxmayaraq borclunun qərarı rəsmi qaydada, yəni xx.xx.2022-ci il tarixdən aldıqdan etibarən şikayət vermək hüququnun olmasını qeyd etmişdir. Göründüyü kimi, borclu olan "xxxx" MMC sözügedən qərardan xx.xx.2021- ci il tarixdə artıq məlumatlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-1/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Tələbkar Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəyə əsasən, tələbkar icra sənədi üzrə sökülməsi nəzərdə tutulan tikilinin və üzərində olan əmlakların çox qiymətli və bahalı olması səbəbindən həmin əmlaklar hesabına hətta tələbkarın borcunu belə bağlamağın mümkün olduğunu bildirmiş, bu səbəbdən də, həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırkı müddətdə icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Tələbkar Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizəsində icra sənədinin “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən, icraatın dayandırılmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi “İcra haqqında Qanun”un 17.1.10-cu maddəsinin tələbləri əsasında icrasının dayandırılması qərara alınmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2607/2021 saylı qətnaməsi ilə iddiaçılar "xxxx" MMC-nin və X5 cavabdeh Tələbkar qarşı cəmi 754213 manat məbləğində olan əmlakın-avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1400 manat), dizel generator Tl 518DM5A 1 ədəd (dəyəri 37 500 manat), forklift liuGong CLG2035H 1 ədəd (dəyəri 20 000 manat), notebook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270 348 ABŞ dolları), panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), qızdırıcı fen 2 ədəd (dəyəri 1346.40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12500 manat) və digər əmlakların qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin əmlaklar olmadığı halda olmayan əmlakların dəyərinin hazırki bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli 17/75-784/22-4N saylı məktuba əsasən, xx.xx.2022-ci il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəməyə bu barədə məlumat verilmişdir. İş üzrə Tələbkar xx.xx.2019-cu il tarixdə şöbəyə ərizə ilə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin icra sənədinin icrasının “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən, dayandırılmağını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin icra sənədinin icrası icra məmurunun müvafiq qərarı ilə Qanunun 17.1.10-cu maddəsinə əsasən, dayandırılmışdır. İcra sənədinin icrasının davam etdirilməsi üçün iş üzrə tələbkarın Abşeron rayon İcra və Probasiya şöbəsinə icra işinin icrasının yenilənməsi barədə ərizə ilə müraciət etməsi vacibdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3603/2020 saylı qərarına əsasən, cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı qətnaməsi qismən, yəni, iddianın cavabdeh X7 münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş və işin yenidən baxılması üçün Apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardan daha sonra görünür ki; Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Tələbkar mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində "xxxx" MMC, Borclu və X10 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Tələbkar mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlərdən müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644 000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200 000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500 000 manat olmaqla, cəmi 1 344 000 manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366 600 manat olmaqla, cəmi 1 710 600 manat pulun tutularaq iddiaçı Tələbkar verilməsi, iddianın qalan hissədə əsassız olduğundan və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldildiyindən rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər Borclu və X5 Apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək iddiaçı Tələbkar mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində "xxxx" MMC, Borclu və X10 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən müştərək qaydada 500 000 manat pulun tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-4676/2019 saylı qərarı ilə iddiaçı Tələbkar kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-3603/2020 saylı qərardadı cavabdeh "xxxx" MMCnin kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilmiş, cavabdeh "xxxx" MMC-nin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış, cavabdeh X5 Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-407/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh X5 apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi cavabdeh X7 münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində X10 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh X5 hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Tələbkar mülkiyyətində olan torpaq sahəsinin cavabdeh X5 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh X2 2013-cü ilin iyun ayında verilmiş 644 000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200 000 manat, xx.xx.2015ci il tarixdə verilmiş 500 000 manat olmaqla, cəmi 1 344 000 manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366 600 manat olmaqla, cəmi 1 710 600 manat pulun tutularaq iddiaçıya verilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin edilməmişdir. Tələbkar, Borclu və şahidlər X12, X8, X6, X3 tərəfindən tərtib olunmaqla imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icraatında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclular Borclu və "xxxx" MMC tərəfindən Tələbkar ödənilməli olan 500 000 manat pul vəsaitini 290 000 ABŞ dolları (məzənnəyə uyğun 1 ABŞ dolları = 1.70 manat hesablanmaqla cəmi 493 000 manat) və 7000 manat olmaqla xx.xx.2021-ci il tarixdə Borclu şahidlərin iştirakı ilə Tələbkar ödəmiş, Tələbkar həmin pul vəsaitini qəbul etmişdir. Tələbkar qəbul etmişdir ki, borclu şəxslərə qarşı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə heç bir iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Eyni zamanda, tələbkar icra icraatına xitam verilməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə müraciət etməyi öz öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra sənədi üzrə Tələbkar mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsində borclular "xxxx" MMC, Borclu və X10 tərəfindən inşa edilmiş özbaşına tikililərin borcluların öz hesabına sökülməklə torpaq sahəsinin həmin borcluların qanunsuz sahibliyindən və istifadəsindən geri alınması, torpaq sahəsinin tələbkarın sahibliyinə və istifadəsinə qaytarılması, eyni zamanda, 500 000 manat pul vəsaitinin müştərək qaydada tutulması qərara alınmış və bu barədə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı qətnamə qəbul edilərək icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-407/2021 saylı qətnaməsi ilə tikilinin sökülərək torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, iddiaçının qanuni sahiblik və istifadəsinə verilməsi, həmçinin, 500 000 manat pul vəsaitinin tutulması öhdəlikləri cavabdeh X7 münasibətdə təmin edilməmişdir. İcra sənədi üzrə icra tədbirləri həyata keçirilmiş, lakin sökülməsi nəzərdə tutulan tikililərin sökülməsi çox qiymətli və bahalı olması səbəbindən Tələbkar ərizəsi əsasında icra sənədi üzrə icraat Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında “İcra haqqında Qanun”un 17.1.10-cu maddəsinə əsasən, dayandırılmışdır. Hazırda, icra sənədi üzrə borclu "xxxx" MMC icra sənədi üzrə icraatın dayandırılması barədə icra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. “İcra haqqında Qanun”un 17.1.10-cu maddəsində tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmalı olması halı müəyyən edilmişdir. Şikayətin “icra məmurunun icraatın dayandırılması barədə qərarı tələbkarın ərizəsi əsasında qəbul etdiyinə görə tələbkarın xahişi ilə də həmin qərarın ləğv edilməli olması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, AR Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. AR Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında Qanun”un 17.1.10-cu maddəsində tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması nəzərdə tutulsa belə, Tələbkar icra sənədinin öz mənafeyinə uyğun olan hissəsi icra olunduqdan sonra icra sənədi üzrə sökülməsi nəzərdə tutulan tikilinin və üzərində olan əmlakların çox qiymətli və bahalı olması, bu səbəbdən həmin əmlaklar hesabına hətta tələbkarın borcunu belə bağlamağın mümkün olması əsası ilə icra sənədinin tikilinin sökülməsinə dair hissəsinin icrasının dayandırılmasını tələb etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün hüquqlardan istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Hüquqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunun tələblərindən göründüyü kimi, icra haqqında qanunvericilik icra sənədi üzrə icra tədbirlərinin dayandırılması əsaslarını və müddətlərini, eyni zamanda, icra sənədi üzrə icraatın təzələnməsi əsaslarını müəyyən etmişdir. Hazırkı şikayət və şikayətə əlavə olunmuş sənədlərdən göründüyü kimi, mülki iş üzrə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış icra sənədi üzrə icra hərəkətləri tələbkarın xx.xx.2019-cu il tarixli ərizəsi əsasında icra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə dayandırılmış və hazırda, həmin icra sənədi üzrə icraat təzələnməmişdir. Göründüyü kimi, icra sənədinin bir qismi icra olunduğu halda tələbkarın icraatın təzələnməsi barədə ərizəsinin olmaması icra sənədinin digər bir qisminin icra olunmasını mümkünsüz edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, icra sənədi üzrə borclunun icraatın dayandırılması barədə qərarın ləğvinə dair şikayət verməsi tərəf olaraq onun da icra sənədinin icrasında marağının olmasını ehtiva edir, dolayısı ilə, borclunun sökülməsi nəzərdə tutulan tikililərin sökülməsi nəticəsində onun mülkiyyət hüququnun bərpa olunması ilə nəticələnəcəkdir. Başqa sözlə, qanunvericilik icraatın təzələnməsinin tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə mümkünlüyünü qeyd etsə də, məhkəmə qeyd edir ki, icra icraatının uzun müddət dayandırılması məhkəmə aktının da icrasını səmərəsiz və əhəmiyyətsiz edəcəkdir Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarını ləğv edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra vərəqəsi üzrə icraatın təzələnməsi və icra hərəkətlərinin müvafiq icra qurumu tərəfindən davam etdirilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-1/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar